“Hayastan” fondunun direktoru istefa verdi

“Hayastan” fondunun direktoru istefa verdi
  10 İyul 2018    Oxunub:2352
Ermənistanın ölkə daxilində və onun hüdudlarından kənardakı ən böyük ictimai-xeyriyyə təşkilatı olan “Hayastan” ümumerməni fondunun icraçı direktoru Ara Vardanyan istefa verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanla görüşən Vardanyan istefa ərizəsini ona təqdim edib.

Fondun qəyyumlar şurasının sədri olan Sarkisyan Vardanyanın bu qərarını təsdiqlənmək üçün şura üzvlərinə təqdim edəcəyini deyib. Bundan sonra xüsusi komisiya yaradılaraq, “Hayastan” fondunun yeni direktoru seçiləcək.

Xatırladaq ki, “Hayastan” ümumerməni fondunun direktoru Ara Vardanyan fondun vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. O, bundan əvvəl həbs olunmuşdu. İstintaqın gedişində Vardanyan etiraf etmişdi ki, fonda təqdim olunan 25 milyon dramlıq kredit kartını şəxsi xərcləri üçün istifadə edib. Həmçinin, mənimsədiyi fond vəsaitlərindən 130 milyon dramı qumar oyunlarına xərcləyib.

Qeyd edək ki, “Hayastan” ümumerməni fondu 1992-ci ildə Ermənistan prezidentinin fərmanına əsasən yaradılıb. Bu, yeganə ictimai təşkilatdır ki, Ermənistan və onun hüdudlarından kənar yaşayan erməniləri və “Böyük Ermənistan” ideoloqlarını birləşdirir. Fondun nizamnəməsinə uyğun olaraq, onun Qəyyumlar Şurasına Ermənistanın fəaliyyətdə olan prezidenti rəhbərlik edir. Şuranın tərkibinə isə Ermənistan katolik kilsəsinin patriarxı, ölkənin baş nazirləri, konstitusiya məhkəməsinin hakimləri, Ermənistan Mərkəzi Bankının və parlamentinin sədrləri, Amerikadakı erməni diaspor təşkilatları və digər birliklər, həmçinin Dağlıq Qarabağ separatçılarının liderləri daxildir. Bu yaxınlarda baş nazir Nikol Paşinyan Şuranın iclasında çıxış edərək, fondun direktoru və onun "fəaliyyətini" tərifləmişdi.

“Hayastan” ümumerməni fondunun dünyanın 19 ölkəsində 22 filialı var. Fond xüsusən də, ABŞ başda olmaqla Qərb ölkələrindəki erməni kilsələri və diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   “Hayastan”fondu  





Xəbər lenti