Bakı Paşinyan hökumətilə danışıqlara başlayır - Gözləntilər nədir?

Bakı Paşinyan hökumətilə danışıqlara başlayır - Gözləntilər nədir?
  09 İyul 2018    Oxunub:3412
Ermənistanda Nikol Paşinyanın iqtidara gəlişindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ilk təmas xarici işlər nazirləri səviyyəsində olacaq. Artıq Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüş vaxtı və yeri məlumdur.
Belə ki, nazir Elmar Məmmədyarov iyulun 11-də Brüsseldə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşəcək. Görüş NATO-nun Brüsseldə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Mnatsakanyan-Məmmədyarov görüşündə irəliləyiş mümkündür?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki, nazirlərin ilk görüşü çətin olacaq, hansısa nəticəni gözləmək hələlik tezdir.

“Ermənistanın yeni rəhbərliyi Qarabağ separatçılarının danışıqlara qoşulması iddiası ilə çıxış edir. Bununla danışıqlar prosesinə şərtlər əlavə edirlər. Bu günlərdə Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnatsakanyan bildirib ki, onlar Minsk prosesinə sadiqdirlər və danışıqların bu müstəvidə aparılmasına tərəfdar çıxırlar. Onun sözlərinə görə, danışıqlara alternativ görmürlər. O, bununla yanaşı qondarma “Dağlıq Qarabağ”ın danışıqlarda iştirakı barədə susub. Amma Rusiyadan belə bir xəbər gəldi ki, danışıqlar prosesinin yenilənməsinə tərəfdardır və şərtlər irəli sürmək qeyri-məqbuldur. Yəni Rusiya Ermənistanın şərtlər irəli sürməsinin əleyhinə çıxır.

Azərbaycan isə hesab edir ki, Dağlıq Qarabağın statusu Azərbaycanın siyasi iradəsindən asılı olmalıdır. Əvvəlcədən bəyan edilib ki, Dağlıq Qarabağın statusu üçün Azərbaycanın ərazi bütövlüyü daxilində ona ən yüksək status - muxtar respublika statusu verməyə hazırdır. Ermənistan tərəfi bu məsələyə necə yanaşacağını iyulun 11-də göstərəcək”, - deyə Q.Hüseynli bildirib.



Politoloq deyib ki, son dövrlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsində, xeyrinə olan bir sıra yeni məqamlar ortaya çıxıb: “Söhbət Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsidir. Eləcə də iyulun 11-də NATO-nun zirvə sammitində buna bənzər bir qərarın ola biləcəyini söyləmək mümkündür. Yəni, Avropa Birliyi, NATO, BMT-nin məlum 4 qətnaməsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Belə olanda beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan və mötəbər beynəlxalq təşkilatların yekun sənədlərində öz ifadəsini tapmış fundamental hüququn-dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi məsələsi danışıqların ana xəttini təşkil etməlidir. Dağlıq Qarabağın statusu isə tərəflərin birgə müzakirəsi nəticəsində meydana çıxar ki, bu məsələdə də Azərbaycanın mövqeyi əvvəlcədən bəyan edilb və Ermənistan bununla bağlı müzakirə apara bilər”.

Q.Hüseynli, həmçinin qeyd edib ki, Paşinyan tərəfi kompromisə meyilli olduğunu nümayiş etdirmir: “Hətta Sarkisyan dövrünə nisbətən daha radikal mövqelərlə çıxış edir. Burada müəyyən balanslaşdırıcı rolu Rusiya oynamağa çalışır. Onları qeyri-real çağırışlardan yayındırmağa çalışırlar. Nə qədər belə davam edəcəyini demək çətindir. Amma bir fakt aydındır ki, Dağlıq Qarabağın statusu məsələsində ermənilər kompromisə getməyə hazır olmadıqlarını dəfələrlə bəyan ediblər. Bu xətti indiki danışıqlar prosesində də davam etdirməyə çalışacaqlar ki, bu da beynəlxalq hüququn normalarına ziddir. İşğal olunmuş ərazilər bütün dünyanın söylədiyi kimi azad olunmalıdır. Danışıqlarda ermənilərin bu məsələni hansı arqumetlərlə rədd edəcəklərini söyləmək çətindir. Amma bəlli olan budur ki, arqumentləri əvvəlki illərə nisbətən çox zəifdir. Belə olan halda nə qədər müqavimət göstərəcəkləri bəlli deyil”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Paşinyan   Qarabağ  





Xəbər lenti