İrəvanda yeni etirazlar: Paşinyana qarşı əks-inqilab ola bilər

İrəvanda yeni etirazlar: Paşinyana qarşı əks-inqilab ola bilər
  05 İyul 2018    Oxunub:11655
Ermənistanda əks-inqilab abu-havası yetişməkdədir. Apreldəki "məxməri inqilab"da Paşinyanla çiyin-çiyinə duranlar indi onun özündən hesabat tələb edirlər. Və bu, təkcə iqtisadi yox, həm də etimad məsələsilə bağlıdır.

AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
“Amulsar mədənində işləyən insanlar indi öz uşaqlarına velosiped almaq imkanına malikdirlər, amma 10-15 ildən sonra övladlarının müalicəsi üçün milyonlar xərcləməyə məcbur olacaqlar” , -bu fikirləri hazırda Ermənistan hökuməti qarşısında aksiya keçiriən etirazçılar səsləndirirlər.

Aksiya iştirakçıları Nazirlər Kabinetindən Ermənistanın iqtisadi siyasətinə yenidən baxmağı tələb edirlər. Onlar bəyan edir ki, dağ-mədən sənayesi iqtisadiyyatın əsas qolu olsa da, ölkənin “xərçəng şişi”dir. Bu səbəbdən yalnız ziyan verən bu qolu kəsib atmaq lazımdır.

“Mədənsiz Amulsar” şüarı səsləndirən mitinqçilərin bir hissəsi aksiyanı “Lidian Ermənistan” şirkətinin ofisi önündə davam etdirirlər. Onlar hətta baş nazir Nikol Paşinyanın təxribata getməmək barədə çağırışını məsxərəyə qoyublar.



“Əgər Ermənistanda sülhə və erməni xalqına qəsdlər olacaqsa, mən ömrümün sonunadək təxribatlar edəcəyəm. Qarşımda kimi durmasından asılı olmayaraq – istər bu, Serj Sarkisyan olsun, istərsə Nikol Paşinyan, ya da ki başqa biri. Baş nazirimizdən soruşmaq istəyirəm: prezident Armen Sarkisyan son 6 ildə Ermənistan vətəndaşı olduğunu sübut edən sənədi ona göstəribmi? Əgər belədirsə, onda bizə də göstərin”, – deyə aksiya fəallarından biri Mane Babayan tələb edib.

Mədənin fəaliyyətinin ətraf mühitə ciddi ziyan vurduğunu deyən etirazçılar bəyan edirlər ki, əgər Paşinyan Amulsar dağ-mədənini bağlamasa və məsələ ilə bağlı təcili tədbirlər görməsə, aprel inqilabının ideallarını zədələmiş, onu vəzifəyə gətirən əhalinin isə etimadını birdəfəlik itirmiş olacaq.



Xatırladaq ki, hələ baş nazir postuna yiyələnməzdən əvvəl müxalifətdə olan deputat Nikol Paşinyan Serj Sarkisyanın ölkə prezidentliyinə Londondakı səfir Armen Sarkisyanın namizədliyini irəli sürməsinə qəti şəkildə qarşı çıxırdı. İddia edirdi ki, Armen Ermənistan prezidenti ola bilməz, çünki Böyük Britaniya vətəndaşıdır. Hətta Armenin Britaniya vətəndaşlığından imtina etməsinə dair sənədi ictimai şəkildə xalqa göstərməyi tələb etmişdi. Lakin baş nazir olduqdan sonra Armenlə təkbətək görüşən Paşinyan qəfildən məsələnin həll olunduğunu və prezidentin həqiqətən də Ermənistan vətəndaşı olduğuna dair sənədi gördüyünü demişdi. Lakin indiyədək həmin sənəd erməni xalqına göstərilməyib.



Qeyd edək ki, artıq 13 gündür Cermuk şəhəri və ona yaxın kəndlərin sakinləri aksiya keçirərək, şəhərdən 13 kilmetr aralıda yerləşən Amulsar dağ-mədəninə gedən bütün yolları bağlayıblar və onun fəaliyyətinin dayandırılmasını tələb edirlər. Ermənistandakı ekoloji təşkilatlar da xəbərdarlıq ediblər ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər.

Lakin əvəzində mədən işçiləri də ayrıca aksiyaya başlayaraq, Cermuk şəhərinə aparan yolu bağlayıblar. Onlar şəhərə istiqamətlənən maşınların şüşələrini qıraraq qarşı tərəfi - mədənin istismarına qarşı çıxan yerli əhalini təhdid ediblər. İrimiqyaslı qarşıdurmanın qanlı toqquşmaya çevrilməsindən qorxan polisin müdaxiləsi tərəfləri geri çəkilməyə məcbur edə bilməyib. Bu səbəbdən mədən işçiləri Paşinyan hökumətindən məsələnin həllini tələb edirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   əks-inqilab   Amulsar  





Xəbər lenti