Etirazçıların Paşinyandan tələbi: Əhalinin etimadını itirəcəksən!

Etirazçıların Paşinyandan tələbi: Əhalinin etimadını itirəcəksən!
  02 İyul 2018    Oxunub:2175
“Lidian Ermənistan” şirkətinin əməkdaşları hökumət binası önündə toplaşaraq etiraz aksiyası keçirirlər.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları baş nazir Nikol Paşinyan hökumətindən şirkətin normal işini təmin edəcək tədbirlər görməsini və yaranmış problemin tezliklə həllini tələb edirlər.
Etirazçılar əllərində “Qoy, bütün mədənçilər Amulsarınkı kimi olsunlar”, “Amulsarın işçiləri ən yaxşı ekoloqlardır” yazılarının əks olunduğu plakatlar tutaraq, “Amulsar dağ-mədəninin sahibi biz özümüzük” deyirlər.

Xatırladaq ki, artıq 10 gündür Cermuk şəhəri və ona yaxın kəndlərin sakinləri aksiya keçirərək, Amulsar dağ-mədəninə gedən bütün yolları bağlayıblar və onun fəaliyyətinin dayandırılmasını tələb edirlər. Lakin əvəzində mədən işçiləri də ayrıca aksiyaya başlayaraq, Cermuk şəhərinə aparan yolu bağlayıblar. Onlar şəhərə istiqamətlənən maşınların şüşələrini qıraraq qarşı tərəfi - mədənin istismarına qarşı çıxan yerli əhalini təhdid ediblər.

Lakin irimiqyaslı qarşıdurmanın qanlı toqquşmaya çevrilməsindən qorxan polisin müdaxiləsi tərəfləri geri çəkilməyə məcbur edə bilməyib. Bu səbəbdən mədən işçiləri Paşinyan hökumətindən məsələnin həllini tələb edirlər.

Qeyd edək ki, Ermənistanın cənub-şərqində, Cermuk şəhərindən 13 kilometr aralıda yerləşən Amulsar dağında qızıl yataqları 2006-cı ildə aşkarlanıb. Ermənistandakı ekoloji təşkilatlar xəbərdarlıq ediblər ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər.

Mədənin fəaliyyətinin ətraf mühitə ciddi ziyan vurduğunu deyən yerli sakinlər Ermənistandakı aprel inqilabında Paşinyanı dəstəklədiklərini bəyan edərək vurğulayıblar ki, əgər baş nazir Amulsar dağ-mədənini bağlamasa, inqilabın ideallarını zədələmiş, onu vəzifəyə gətirən əhalinin isə etimadını itirmiş olacaq.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Ermənistan   aksiya  





Xəbər lenti