Bakının güc nümayişi - İrəvanda həyəcan təbili çalındı

Bakının güc nümayişi - İrəvanda həyəcan təbili çalındı
  27 İyun 2018    Oxunub:9204
Ötən gün Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçirilib. Bakıda təşkil olunan paradda ən müasir texnika və silahlar nümayiş etdirilib. Silahlı Qüvvələrin paradı xalqımızın özgüvənini daha da artırıb, düşmənin isə ötən gündən yuxusu ərşə çəkilib.
Erməni hərbi ekspertlər həyəcan təbili çalırlar, onlar Azərbaycanın sahib olduğu silah və texnikaların müharibəyə cəlb olunacağı təqdirdə nələrin baş verəcəyindən ciddi narahatdırlar.

Ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov AzVision.az-a bildirib ki, düşmənin narahatlığı başa düşüləndir. Polkovnikin fikrincə, Azərbaycan müasir silahları paradda nümayiş etdirmək üçün almayıb, sülh danışıqları fayda verməsə, mütləq yeni silah və texnikalardan döyüşdə istifadə olunacaq.



“Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm hərbi parad həm bayram, həm də güc nümayişi idi. Xalqımız parad vasitəsilə Azərbaycan dövlətinin, silahlı qüvvələrinin hansı gücə sahib olduğunu öz gözləri ilə gördü. Çox möhtəşəm parad keçdi. Paradda Ali Baş Komandan, prezident İlham Əliyev Silahlı Qüvvələrə böyük qiymət verərək, onun hansı gücə malik olduğunu söylədi. İndiyə qədər xalqımız yeni silahlarımızla bağlı çox eşitmişdi, amma silahları ilk dəfə paradda gördü. İnsanlar Azərbaycan Ordusunu güclülər arasında olduğuna öz gözləri ilə şahidlik etdilər. Bu, xalqımızın ordumuza inamını daha da artırdı, onu qürurlandırdı”.



Ramaldanov Ali Baş Komandanın paraddakı çıxışına toxunub. Onun fikrincə, prezidentin sözləri düşmənə ciddi mesajdır və İrəvan bundan nəticə çıxarmalıdır.

“Prezident İlham Əliyev paraddakı çıxışında dedi ki, müharibə hələ bitməyib. Biz müharibə şəraitində yaşayan dövlətik. Müharibənin birinci mərhələsi bitib, atəşkəsdir. Müharibənin ikinci mərhələyə keçməsi ehtimalı həddən artıq çoxdur. Bu güc nümayişi birinci növbədə düşmənlərimiz üçün idi. Dəfələrlə Ali Baş Komandan, prezident İlham Əliyev düşmənə öz mesajını, xəbərdarlıqlarını edib. İndi isə düşmənlərimiz əyani şəkildə Azərbaycanın ən müasir texnika və silahlarla silahlanmasını öz gözləri ilə gördülər. Ermənistanda keçirilən paradda düşmən bircə “İskəndər”i əllərində bayraq etmişdi. Amma bu silahın onlarda olub-olmadığı hələ də bəlli deyil. Bir sözlə, dost və düşmən ordumuzun hansı gücə malik olduğunu gördü. İndi qalır, nəticə çıxarmaq. Düşmən nə qədər tez konstruktiv mövqeyə gəlib, torpaqları işğaldan azad etsə, onlar üçün bir o qədər yaxşı olacaq”, - deyə Ş.Ramaldanov vurğulayıb.



Polkovnik qeyd edib ki, hərbi parad həm də Azərbaycanın humanistliyini göstərir: “Hərbi parad bütün dünya üçün güc nümayişi idi ki, Azərbaycanın hansı silahlara malik olduğunu görsünlər. Bu, bir tərəfdən də humanistliyimizi göstərir. Çünki Azərbaycan hərbi gücə sahib olsa da, yenə Qarabağ məsələsinin sülh yolu ilə həllini istəyir. Çalışır ki, sona qədər münaqişəni sülh yolu ilə həll etsin və itkilər olmasın. Bu, böyük humanistlikdir. Prezident çıxışı zamanı humanistliyin son olacağı mesajını verdi. Bildirdi ki, Azərbaycan hərbi gücü ilə işğalçı qüvvələri darmadağın etməyə qadirdir. Bunlar dünya üçün mesajdır. Əgər düşmənlərimiz konstruktiv mövqe tutmasa, bundan nəticə çıxarmasa, gələcəkdə hərbi gücümüzlə rastlaşacaqlar”.



Ramaldanov, həmçinin vurğulayıb: “Azərbaycan Ordusunun güclənməs ilk növbədə Qarabağla bağlıdır. İşğal altında olan torpaqlarımızın azad olunması bizim əsas hədəfimizdir. Bütün texnika və silah-sursat ola biləcək döyüşlərdə, müharibənin ikinci və sonuncu fazasında şəxsi heyət arasında itkinin minumuma endirilməsinə xidmət edir. Birinci Qarabağ müharibəsində itkilərlə üzləşən dövlət artıq müasir silah-sursat alır ki, şəxsi heyətin təmasda olana qədər itkiləri minumuma endirilsin. Ona görə düşünürəm ki, müasir texnika ilə xalqımız döyüşə getmək istəyir. Xalqımız Ali Baş Komandana, prezident İlham Əliyevə bununla bağlı müraciətlər daha da çoxalacaq. Hər birimizin arzusu budur ki, gələcək parad qələbə paradı olsun”, - deyə Ş.Ramaldanov bildirib.



Polkovnikin sözlərinə görə, Azərbaycanın elə silahları da var ki, onlar paradda nümayişə çıxarılmayıb: “Biz bütün silah nümunələrimizi nümayiş etdirə bilməzdik. Paradda ən müasir texnika və silah-sursat nümayiş etdirilib. Bunlar son 5-10 ildə alınıb”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Parad   Ramaldanov   Ermənistan  





Xəbər lenti