“Nişan qurbanı” - Bu adət dində varmı?

“Nişan qurbanı” - Bu adət dində varmı?
  14 Oktyabr 2013    Oxunub:33958
Nişanlı qızlara qurbanlıq qoyun gətirmək dinin buyruğudur, yoxsa milli adətdir?

Nişanlı qızlara bayramlarda, eləcə də Qurban bayramında hədiyyə, qurbanlıq gətirilməsi hamımıza tanış adətdir. Bir müddət əvvəl nişan üçün gələn oğlan evi bayramda buynuzlarına qırmızı lent bağlanmış, xına vurulmuş, üstü bəzəkli qurbanlıq qoyunlar və başqa hədiyyələrlə qız evinə qonaq gedir. Bəs bu adətin kökü haradan gəlir? Dinin buyruğudur, yoxsa milli adətdir? AzVision.az bununla bağlı həm ilahiyyatçının həm də filoloqun fikirlərini öyrənib.

İlahiyyat üzrə fəlsəfə doktoru Qazi Hacı Mirəziz Seyidzadə deyir ki, bu adətin əsli dindən gəlir: “Bütün bayramlarda insanlar, uşaqlar, böyüklər sevindiyi kimi, gəlin-qızın da orada payı var, bu mənada milli adət-ənənəmizdə, dini dəyərlərimizdə bu məsələ ön plana çəkilir”.

M.Seyidzadə deyir ki, həmin qurbanlıq hədiyyə edilən gəlinin şəxsi malına çevrilir: “Həmin qurbanlıq qoyunun boynuna qırmızı lent bağlayırlar, həna çəkirlər və gəlin qzıa hədiyyə aparırlar. Bu hədiyyə də gəlin-qızın şəxsi malına çevrilir. O istəsə həmin qurbanlığı kəsib paylaya bilər, istəsə sata bilər”.

Bu adətin dində vacib olub-olmadığına gəlincə isə M.Seyidzadə deyib ki, qız-gəlinə qurbanlıq aparılması müstəhəq əməl hesab olunur, yəni vacib deyil: “Bu həm də milli adətdir və peyğəmbərimiz buyurub ki, elə adət-ənənələr var ki, onları icra etmək dini hökmlərə əməl etmək kimidir”.

Filologiya elmləri doktoru, professor Vaqif Arzumalı isə deyir ki, bu adəti dinlə bağlamaq düzgün deyil: “Bizim xalqımızın tarixində, folklorumuzda bir sıra ənənələr var ki, onlar təkcə dinlə bağlı deyil. Məsələn, İslam dini 7-9 cu əsrlərdən sonra Azərbaycana daxil olub, ondan əvvəl atəşpərəstlik olub, amma xüsusi qiymətli haldır ki, xalqımızın bəzi adətləri bütün dövlərdə mövcudluğunu qoruyub saxlayıb. Qurban bayramı və digər bayramlarla əlaqədar nişanlılıqda, qohumluq əlaqələrində belə bir ənənə yaranıb. Milli özünəməxsusluqdan yaranmış adətdir. Bunu təkcə dinlə bağlamaq düzgün deyil, din burada sadəcə vasitədir”.

Bu adətin qaydalarına gəlincə isə V.Arzumanlı bildirib ki, dini baxımdan yanaşanda qurbanlıq ət daha çox kasıblar, imkansızlara əl tutmaq üçün görülən aktdır: “Qohumdan daha çox kasıblar yada salınır. Qohumluq əlaqəsi olan insanlar bu bayramda xüsusi canıyananlıq edirlər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti