Cəmil Həsənli-İbrahimbəyov davası başladı

Cəmil Həsənli-İbrahimbəyov davası başladı
  14 Oktyabr 2013    Oxunub:1557
Cəmil Həsənlinin Avropaya səfərinin pərdəarxası

Seçkilər başa çata-çatmaz Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ölkəni tərk etdi. Tərəfdarları onu “mübarizə meydanında” gözlədiyi bir vaxta professor seçkilərin acı məğlubiyyətini unutmaq üçün Avropa səfərinə çıxdı. Milli Şura isə C.Həsənlinin bu səfərinə “seçkilərin müzakirəsi” donu geyindirərək missiyası başa çatan namizədi ölkədən çıxarmağa müvəffəq oldu.

Bu barədə Milli Şura ötən gün məlumat yayaraq bildirdi ki, Cəmil Həsənli Avropaya səfər edərək Brüsseldə və Strasburqda Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycandakı mövcud ictimai- siyasi durum, Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa ilə Azərbaycan arasında əməkdaşlıq, 9 oktyabr prezident seçkilərinin yekunları ilə bağlı məsələlər müzakirə ediləcək.

Maraqlıdır, Cəmil Həsənlinin Avropa səfərinə oktyabrın 13-də getdiyi qeyd edilsə də, onun ölkəyə nə zaman qayıdacağı açıqlanmadı.

Milli Şura həmçinin Cəmil Həsənlinin bu ilin noyabr ayında ABŞ-a səfər edəcəyini bir ay öncədən bəyan etdi. Qocaman professorun ölkəyə nə zaman qayıdacağından Milli Şura üzvləri də xəbərsizdir.

C.Həsənlinin bu gedişi gözlənilməz olduğu kimi birmənalı da qarşılanmadı. Bir çoxları irad bildirərək onu ölkədən qaçmaqda ittiham etdi. Müxalif düşərgə bu ittihamları qulaq ardına vuraraq mətbuatı C.Həsənlinin işgüzar səfərə getdiyinə inandırmağa çalışdı.

C.Həsənlinin Avropa səfərinin gerçək təfərrüatları ilə bağlı ilginc məlumatlar yayılıb. Milli Şuraya yaxın mənbələrdən verilən məlumata görə, C.Həsənli Avropa ölkələrindən birində Rüstəm İbrahimbəyovdan haq-hesab soracaq.

Kinodramaturqun yağlı vədlərinə aldanan C.Həsənlinin seçkidən sonra İbrahimbəyovla dostluq münasibətlərinin pozulduğu, ona qarşı qəzəbləndiyi bildirilir.

Məğlubiyyətini heç cürə qəbul edə bilməyən professor baş verən hadisələrin günahını İbrahimbəyovda görüb.

Dostların arasının dəyməsinə səbəb olaraq R.İbrahimbəyovun seçkidənöncə C.Həsənliyə verdiyi vədlərdən boyun qaçırması göstərilir. İbrahimbəyovun Milli Şuraya və eləcədə onun namizədinə qarşı laqeyd münasibəti C.Həsənlinin etirazına səbəb olub.

Aralarındakı məsələni həll etmək üçün C.Həsənlinin Avropaya gedərək İbrahimbəyovdan haq-hesab soracağı, müxalifətin tələsinə düşdüyünu gec də olsa dərk edən professorun bu səfərdən sonra ölkəyə qayıtmayacağı gözlənilir.

“Mən namizədliyimi Rüstəm İbrahimbəyovun xahişi ilə irəli sürmüşəm”-deyə bəyan edən C.Həsənlinin bu fikirlərinə görə peşman olduğunu hiss etmək o qədər də çətin deyil. Hansı ki, ilk gündən İbrahimbəyova arxalanan Milli Şura və onun namizədi sonda xəyal qırıqlığına uğradı.

İbrahimbəyov isə mətbuata açıqlamasında Milli Şuranı sanki ələ salaraq onlarə bələdiyyə seçkilərinə hazırlaşmağa çağırdı.

Şübhəsiz ki, o, məğlub namizəd kimi bu yaşdan sonra müxalifətin radikal qanadında mübarizə aparmaq iqtidarında deyil. Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev və digərləri üçün seçki məğlubiyyəti adi görünsə də C.Həsənli üçün bu ilk idi. Ömrünün böyük hissəsini elmə, müəllimlik sənətinə həsr edən professorun 61 yaşında rastlaşdığı acı məğlubiyyəti olmamış kimi həzm etməsi inandırıcı görünə bilməz.

Yayılan məlumatlarda həmçinin qeyd edilir ki, C.Həsənli dostu Rüstəm İbrahimbəyovun təklifi ilə ölkəni tərk edərək müəyyən müddətə qayıtmayacaq. Vaxtilə Rüstəm İbrahimbəyov da belə etdi, getdi və sözünə sadiq çıxıb qayıtmadı.

İbrahimbəyov ən yaxın dostuna ən böyük zərbəni vurdu. 9 oktyabr məğlubiyyəti ilə Cəmil müəllim həyatının ən böyük dərsini almış oldu.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti