İranda hökumət əleyhinə kütləvi etirazlar keçirilir

İranda hökumət əleyhinə kütləvi etirazlar keçirilir
  25 İyun 2018    Oxunub:1448
İranın paytaxtı Tehranda tacirlər kütləvi etiraz aksiyası keçirirlər. Etirazların səbəbi ölkədəki iqtisadi problemlər və dolların bahalaşmasıdır.

AzVision.az xəbər verir ki, bu barədə “Mojahedin” məlumat yayıb.
“Tehran Böyük Bazarı”nın tacirləri etiraz olaraq tətilə çıxıblar və dükanlarının bağlayıblar. “100 min riala dollar istəmirik!”, “Suriyanı burax, bizim vəziyyətimizə bax!” şüarlarının səsləndiyi aksiyalarda tacirlər və kiçik sahibkarlar Həsən Ruhani hökumətindən ölkəni maliyyə böhranından çıxarmaq üçün addımlar atmağı tələb ediblər.

Dünən də oxşar aksiyalar keçirilib. Paytaxtın Respublika prospektini tutan etirazçılar Baharıstan meydanına doğru yürüş edərək bütün tacirləri onlara qoşulmağa səsləyiblər.

Qeyd edək ki, son aylar İranda qızılın qiyməti bahalaşıb, ölkənin pul vahidi rial isə dollara nisbətdə xeyli dəyərdən düşüb. Hazırda 1 dolların qiyməti 43 min riala yaxınlaşır.



İran Mərkəzi Bankının sədri Vəliyullah Səif bəyan edib ki, ölkəni valyuta böhranından çıxarmaq üçün nə tədbir görəcəklərini bilmirlər. Apreldə isə bir sıra deputatlar prezident Həsən Ruhaniyə məktub yazaraq, Səifin vəzifədən kənarlaşdırılmasını istəyiblər. Onlar Məkəzi Bankın sədrini bank sahəsi və valyuta bazarında pis idarəçilikdə ittiham ediblər.

İranlı ekspertlərsə, hazırkı pul siyasəti ilə Ruhani hökumətinin rüşvətxor məmur və biznesmenlərə şərait yaratdığını deyirlər. Onların fikrincə, əgər əhali İran banklarındakı maliyyə aktivlərini geri çəksələr, ölkə iqtisadiyyatı çökə bilər.

Qeyd edək ki, 8 mayda ABŞ-ın İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa edəcəyini deməsi ilə İranda milli valyutanın dollar qarşısında rekord ucuzlaşması baş verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti