İvanişvili Gürcüstanın baş naziri olacaq
AzVision.az xəbər verir ki, bu barədə Batumidə “Gürcüstanın Avropaya yolu” konfransında çıxış edən Gürcüstan prezidenti Georqi Marqvelaşvili bildirib.
Gürcüstan prezidenti həmçinin, ölkədəki bütün siyasi qüvvələri Bidzina İvanişvilinin adını baş nazir postuna namizəd kimi irəli sürməyə çağırıb. Vurğulayıb ki, əvvəllər hökm sürən maskarada – təyin olunan vəzifəli şəxslər əvəzinə, reallıqda qərar verən qüvvənin partiya olduğu prosesə son qoyulmalıdır. Çünki bu, Gürcüstanın Avropaya doğru tutduğu istiqamətə, ölkənin sabitliyinə xələl yetirir.
Qeyd edək ki, son günlər Tbilisidəki kütləvi aksiyalarda etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu bildirirdilər. Onlar baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb edirdilər.
Lakin istefa verməyəcəyini deyən Kvirikaşvilinin postunu qəfil tərk etməsi çoxlarında sual yaradıb. Georgi Kvirikaşvilinin özü isə etiraf edib ki, son aylarda hakim “Gürcü arzusu” partiyasının rəhbəri Bdzina İvanişvili ilə münasibətlərində ziddiyyətlər yaşanıb.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Gürcüstan istefa aksiya