Gürcüstan yeni baş nazir axtarışındadır

Gürcüstan yeni baş nazir axtarışındadır
  14 İyun 2018    Oxunub:1420
Gürcüstan parlamentində mütləq çoxluğa malik “Gürcü arzusu” partiyası bu gün ölkənin yeni baş nazirinin namizədliyini müzakirəyə çıxaracaq. Lakin namizədin adı gizli saxlanılır.
AzVision.az gürcü mediasına istinadən bildirir ki, Georgi Kvirikaşvili baş nazir vəzifəsindən istefa verdikdən sonra ölkə hakimiyyəti yeni baş nazirin namizədliyinə dair şərh vermirdi. Hətta “Gürcü arzusu” partiyasının üzvü, parlamentin vitse-spikeri Qiya Volski partiyanın iclasınadək həmkarlarını yeni nazmizədin adını açıqlamaqdan yayınmağa çağırıb.

“Gürcü arzusu” partiyası baş nazir postuna namizədi təsdiq etdikdən sonra, onu ölkə prezidenti Georgi Marqvelaşviliyə təqdim edəcək. Prezident isə öz növbəsində hökumətin yeni başçısının namizədliyini qanunverici orqanın müzakirəsinə təqdim edəcək.

Qeyd edək ki, son günlər Tbilisidəki kütləvi aksiyalarda etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu bildirirdilər. Onlar baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb edirdilər.

İstefa verməyəcəyini deyən Kvirikaşvilinin qəfil postunu tərk etməsi çoxlarında sual yaradıb. Georgi Kvirikaşvili isə etiraf edib ki, son aylarda hakim “Gürcü arzusu” partiyasının rəhbəri Bdzina İvanişvili ilə münasibətlərində ziddiyyətlər yaşanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   istefa   aksiya  





Xəbər lenti