İordaniyaya 2,5 milyard dollar yardım ediləcək

İordaniyaya 2,5 milyard dollar yardım ediləcək
  11 İyun 2018    Oxunub:1673
Soz zamanlar üzləşdiyi iqtisadi problemlər və vergi qiymətlərini artırmaq planı üzündən əhalisi kütləvi etirazlara qalxan İordaniyaya körfəz ölkələri 2,5 milyard dollar maliyyə yardımı edəcəklər.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin bu gün Məkkə şəhərində keçirilən samitində bu barədə qərar qəbul olunub.
Körfəz ölkələri dövlət başçılarının zirvəsində razılaşdırılıb ki, veriləcək 2,5 milyard dollarlıq yardım paketi İordaniya mərkəzi bankına əmanətləri, Dünya Bankının İordaniyaya verəcəyi təminatları, 5 il boyunca İordaniya büdcəsində illik iqtisadi dirçəliş proqramlarının maliyyələşdirilməsini əhatə edəcək. İordaniya kralı Abdulla sammitdə iştirak edən körfəz ölkələrinə iqtisadi böhrandan çıxmaq yolundakı dəstəklərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Suriya və İraqdan çoxlu sayda qaçqının gəlməsi səbəbindən İordaniyada işsizlik həddi yüksəlib, ölkə iqtisadiyyatı zəifləyib. Nəticədə ölkə parlamenti İordaniyaya 100 milyon dinar (təqribən 141 milyon dollar) qazanc gətirəcəyini əsas tutaraq, yeni vergi qanunu layihəsini təsdiqləyib. Lakin Beynəlxalq Valyuta Fondunun tapşırığı ilə hazırlanan və vergi tariflərinin artırılmasını nəzərdə tutan yeni qanun layihəsi İordaniya əhalisinin əksər hissəsi tərəfindən kəskin reaksiya ilə qarşılanıb və onlar hökumətin istefasını tələb ediblər. Ölkəni bürüyən kütləvi etirazlar nəticəsində İordaniya kralı Abdulla ilə görüşən baş naziri Hani əl-Mülki istefa verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İordaniya   Səudiyyə   Körfəzölkələri  





Xəbər lenti