Tramp və Rusiya Klintonu qəzəbləndirdi

Tramp və Rusiya Klintonu qəzəbləndirdi
  05 İyun 2018    Oxunub:1658
ABŞ-ın sabiq prezidenti Bill Klinton bəyan edib ki, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi onu hədsiz dərəcədə qəzəbləndirib.
AzVision.az xəbər verir ki, bu barədə o, “Le Parisien”a müsahibəsində deyib.

“Əslində mən qəzəbdən çox, narahatçılıq keçirən insanam. Amma Rusiya bizim seçkilərə müdaxilə edəndə çox qəzəbləndim. Bəli, ABŞ-da yaşayan bəzi insanlar yaş, təhsil və irqi mənsubiyyətinə görə başqalarının səsverməsinə mane olanda, bu, məni qəzəbləndirir” – deyə Klinton bildirib.

Onun sözlərinə görə, Rusiya həmçinin, Fransa, Almaniya və Hollandiyadakı seçkilərə də təsir etməyə çalışıb.

ABŞ-ın 42-ci prezidenti hazırkı prezident Donald Trampın iqlim sahəsindəki siyasətindən də qəzəbləndiyini vurğulayıb.

Qeyd edək ki, Amerika xüsusi xidmət orqanları Rusiyanı 2016-cı il ABŞ seçkilərinə müdaxilədə ittiham edirlər. Məsələ ilə bağlı Donald Trampın yaxın ətrafındakı bir sıra siyasətçilərin ifadəsi alınıb. Trampın administrasiyaya təyin etdiyi bəzi siyasətçilər isə istefa verməli olublar. Hazırda Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi işini xüsusi müstəqil prokuror Robert Müller araşdırır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti