Vüsal Hüseynov BP-nin regional prezidenti ilə görüşüb
Görüşdə Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə ARDNŞ və “BP-Azərbaycan” şirkəti arasında 14 noyabr 2013-cü ildə imzalanmış “BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirilmə sahəsində əməkdaşlığa dair protokol”a uyğun olaraq, neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı ilə bağlı müəyyən edilmiş hədəfin icrası istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən Qəri Counz Azərbaycanın neft-qaz sektorundakı işlərin yüksək səviyyədə davam etdiyini və ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, BP 2018-ci ilin sonunadək mühəndis-texniki heyətinin milliləşdirilməsi ilə bağlı götürdüyü öhdəliyi uğurla yerinə yetirməkdədir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti qeyd edib ki, Azərbaycan vətəndaşları BP-nin qlobal əməliyyatlarında çox yüksək rəhbər vəzifələr tutublar, bu da işçi heyətin keyfiyyət və təcrübəsindən xəbər verir. O, əminlik ifadə edib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü Sazişinin imzalanması mövcud əməkdaşlığın daha da uzunmüddətliliyini təmin edəcək. Görüşdə hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
AzVision.az