Paşinyan hökumətinin proqramı nə vəd edir? - Qarabağla bağlı özəl bənd

Paşinyan hökumətinin proqramı nə vəd edir? - Qarabağla bağlı özəl bənd
  02 İyun 2018    Oxunub:5844
Ötən gün Ermənistan nazirlər kabinetinin iclasında baş nazir Nikol Paşinyan hökumətinin yeni proqramı təsdiq olunub.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyanın daxili və xarici siyasət kursunun təsbit olunduğu həmin proqramın detalları məlum olub.
Ermənistanın yeni hökumətinin ilk proqramından aydın olub ki, Serj Sarkisyanın əvvəlki xarici siyasi kursu davam etdiriləcək. Sənəddə Rusiya yenə də Ermənistanın strateji müttəfiqi olaraq göstərilib və bildirilib ki, Moskva ilə hərbi sahədə əməkdaşlıq Ermənistanın təhlükəsizliyinin təmin olunmasında ən vacib elementlərdən biridir. Həmçinin, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı ilə əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi xarici siyasətin prioritetlərinə aid edilib.

Lakin Paşinyan hökumətinin proqramında Qərblə əlaqələrə də özəl yer ayrılıb. Xüsusilə vurğulanıb ki, ABŞ və Avropa İttifaqı ilə nəinki iqtisadi, o cümlədən bir sıra başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək olduqca vacibdir.

Sənəddə regional qonşular Gürcüstan və İranla əlaqələrin genişləndirilməsi əsas vəzifələr sırasındadır. Həmçinin, “erməni soyqırımı”nın beynəlxalq birlik tərəfindən tanınması da diqqət mərkəzində saxlanılıb.

Paşinyan hökumətinin ilk proqramında ən vacib məsələ - Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer verilib. Lakin Ermənistanın yeni rəhbərliyinin sənədinə münaqişənin nizamlanmasilə bağlı əvvəlki hökumətlərdən fərqli xüsusi bənd salınıb. Qeyd olunub ki, Dağlıq Qarabağ həlledici səs hüququna malik olmalı və sülh danışıqlarında müstəqil tərəf kimi birbaşa iştirak etməlidir.

Paşinyan hökumətinin proqramı baxılması üçün 7 iyunda parlamentə təqdim olunacaq. Parlament isə öz növbəsində 7 gün ərzində hökumətin proqramını təsdiq etməlidir. Əks təqdirdə, qanunverici orqan avtomatik buraxılacaq.

Küçə inqilab ilə baş nazir kürsüsünə əyləşən Paşinyanın hökumət proqramı hələ hazır olmamışdan çoxlarında maraq doğururdu. Çünki bu proqram ajiotaj doğuran, bir çox xarici siyasət məsələlərində Ermənistanın oturuşmuş kursuna və beynəlxalq normalara zidd bəyanatlar verən Paşinyanın sonrakı addımlarının söykəndiyi siyasi-qanunverici bazisi olacaq.

Lakin indi proqramın təfərrüatları bəlli olduqdan sonra sənədə münasibət birmənalı olmadı. Erməni KİV-lərində yer alan müxtəlif ekspert şərhlərindən aydın olur ki, proqramda Qərblə əlaqələrin müxtəlif sahələrdə dərinləşdirilməsi dedikdə siyasi-hərbi sfera nəzərdə tutulub. Bu isə o deməkdir ki, Paşinyan Putinlə Soçi görüşündə söz verdiyi kimi, heç də Rusiyameylli siyasətə sadiq qalmayacaq və balanslaşdırılmış xarici siyasət yürütməyə çalışacaq. Bildirilir ki, Putinlə görüşdə Paşinyan ikiüzlü davranaraq, Moskvanın əhvalını yoxlamağa çalışıb və Kreml rəhbərinin yanında özünü ağıllı aparıb. Çünki hələ Soçi görüşündən əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, indiyədək tərəfdaşlar ilə ləyaqətsiz və bir tərəfin xeyrinə olan əməkdaşlıqları dəyişməlidir.

Erməni ekspertləri vurğulayır ki, Qərbdə Paşinyanın hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynayan çox böyük erməni diasporası var. Bu mənada Ermənistan baş naziri onların maraqlarını nəzərə almalıdır. Həmçinin ABŞ və Avropa ölkələrinin pulları Ermənistanı sosial- iqtisadi böhrandan çıxarmaq üçün olduqca vacibdir. Lakin Paşinyanın Qərbə çox meyl etməsi ilk növbədə Ermənistanın bir dövlət kimi mövcudluğuna böyük zərbə vuracaq. Çünki Putin küçədən gələn Paşinyanın nazı ilə çox oynamayacaq və əsas təsir rıçaqını işə salacaq. Yəni Kreml Dağlıq Qarabağ məsələsində Ermənistanı tək qoya bilər.

Erməni KİV-i yazır ki, elə yeni hökumətinin proqramında Dağlıq Qarabağın müstəqil tərəf kimi danışıqlara qoşulmasının vacibliyinin əks olunması da bu kontekstdə Paşinyanın böyük səhvidir. Çünki hazırkı status-kvo və danışıqlar formatı münaqişənin rəsmi tərəfləri – Ermənistan və Azərbaycana təzyiq üçün Moskvaya sərf edir. Üçüncü tərəfin masa arxasında əyləşməsinin isə gözlənilməz nəticələri ola bilər. O da vurğulanıb ki, rəsmi Bakının məsələ ilə bağlı qəti və sərt mövqeyi də Paşinyanın Qarabağla bağlı siyasətini iflasa uğradacaq. Və Rusiyanın rəsmi bəyanatlarından da görünür ki, bu məsələdə Moskva Bakının yanındadır. Ötən gün Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin bildirib ki, “Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı hay-küylü bəyanatları qeyri-konstruktivdir və ATƏT tərəfindən qoyulan müvafiq relslərə uyğun gəlmir.”

Erməni ekspertlər, həmçinin hesab edirlər ki, Qarabağ məsələsi Moskva üçün Türkiyə, İran və NATO amillərinə görə tamam fərqli geostrateji əhəmiyyətə malikdir. Bu səbəbdəndir ki, vasitəçilik missiyasından asılı olmayaraq, Moskva özü də Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanımır. Çünki bu, regionla bağlı gələcək planlarına ziddir.

Belədə aydın olur ki, daxili auditoriyada müsbət rəy yaratmaq üçün Paşinyanın vərəq üzərindəki vədləri təcrübədə total iflasa məhkumdur. Çünki erməni ekspertlərin də vurğuladığı kimi, Ermənistan kimi bir ölkənin xarici siyasət məsələlərində müstəqil qərar verməsi sadəcə mümkün deyil. Bu, onlar üçün olduqca baha başa gələ bilər, hətta “müstəqillikləri” bahasına.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   ABŞ   Rusiya  





Xəbər lenti