Azərbaycan-Yaponiya əlaqələri müzakirə olunub

  29 May 2018    Oxunub : 909
Azərbaycan-Yaponiya əlaqələri müzakirə olunub
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Bakı Sərgi Mərkəzində keçirilən XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisində, həmçinin Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Daisaku Hiraki ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, səmimilik şəraitində keçən görüşdə son illər Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyi vurğulanıb. Yaponiya şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində uğurlu iştirakının bu əlaqələrin formalaşmasına təkan verdiyini xatırladan tərəflər Azərbaycan Hökuməti ilə Yaponiya konsorsiumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da intensiv davam etdiriləcəyinə əminlik bildiriblər. Bu kontekstdə Yaponiyanın Dövlət Neft-Qaz Şirkətinin (JOGMEC) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə (SOCAR) birgə perspektivli neft-qaz bloklarında seysmik və geoloji tədqiqatlar aparmaq niyyətində olduğu nəzərə çatdırılıb. Yaponiyalı mütəxəssislər neft-qaz laylarının kəşfiyyatı ilə yanaşı, azərbaycanlı həmkarları ilə birgə texnoloji işlərin görülməsini və təcrübə mübadiləsinin aparılmasını da nəzərdə tuturlar.

Yaponiyanın İNPEX və İTOÇU şirkətlərinin ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini bir daha xüsusi qeyd edən Baş nazir Novruz Məmmədov yaponiyalı qonaqlara gələcək birgə əməkdaşlıqda uğurlar arzulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

AzVision.az

Teqlər: İlham-Əliyev   Nazirlər-Kabineti   Yaponiya