6 sürücüyə pul “atan” dələduz tutuldu

6 sürücüyə pul “atan” dələduz tutuldu
  29 May 2018    Oxunub:1649
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində mikroavtobus sürücülərinin etibarından sui istifadə edərək onların pulunu və mobil telefonlarını mənimsəyən, həmçinin bir evdən oğurluq edən Röyal Axundov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az-a verilən məlumata görə, Astara rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan M. İbrahimov polisə müraciət edərək bildirib ki, 14 may 2018-ci il tarixdə Röyal Axundov Bakı şəhərinə aparmaqdan ötrü sərnişin tapması adı ilə aldadaraq onun 150 manat pulunu alıb. R. Axundov bir gün sonra daha bir sürücünü eyni yolla aldadaraq 50 manat pulunu və “Samsung” markalı mobil telefonunu mənimsəyib. Aparılan araşdırmalarla adıçəkilən şəxsin ümumilikdə 6 sürücünün dələduzluq yolu ilə pul və mobil telefonunu mənimsədiyi məlum olub.

R. Axundovun eyni zamanda rayon ərazisindəki yaşayış evlərindən birindən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan R. Axundovun üzərinə keçirilən baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam edən tədbirlərlə R. Axundovun narkotik vasitəni Astara rayon sakinləri Tahir Əhədov və Ceyhun Baxşıyevdən əldə etdiyi müəyyən edilib. Hər iki şəxs saxlanılan zaman onların üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı hər üç şəxs barəsində Astara RPŞ-da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Həbs  





Xəbər lenti