Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu

  28 May 2018    Oxunub : 4223
Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu
Bu gün müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur.
AzVision.az xəbər verir ki, Cümhuriyyətin yarandığı gün - 28 may Azərbaycanda Respublika günü kimi qeyd edilir.

Qeyd edək ki, 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi.

Ancaq AXC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süqut etdi.

Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.

AzVision.az

Teqlər: AXC   100-il