“Sevdiyim” layihəsinə yekun vurulub - FOTOLAR

“Sevdiyim” layihəsinə yekun vurulub - FOTOLAR
  25 May 2018    Oxunub:1947
Mayın 24-də Qubada “ASAN həyat” kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş "Sevdiyim" layihəsi rayon ictimaiyyətinə təqdim edilib.
Tədbirdə çıxış edən “ASAN Radio”nun direktoru Emin Musəvi layihə haqqında məlumat verib. Bildirib ki, “Sevdiyim” layihəsi “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşıb. Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir.



Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş "Sevdiyim" şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı Əməkdar Artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.



Təqdimat mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər heç vaxt unudulmayacaq. Ulu Öndər dövlət rəmzlərini, xüsusən, dövlət bayrağını həmişə diqqət mərkəzində saxlayıb. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu. Bu gün Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev layihənin əhəmiyyətindən danışaraq, Ulu Öndərimizin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin çox önəmli hadisələr olduğunu diqqətə çatdırıb. Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il noyabrın 9-da təsdiqlənib. Bu bayraq yalnız 23 ay Azərbaycan Xalq Cümhuriyyətinin üzərində dalğalana bildi. Amma Cümhuriyyətin süqut etməsinə baxmayaraq, Azərbaycan xalqı müstəqillik bayrağını daim öz qəlbində yaşatdı. 1990-ci ilin noyabrında Naxçıvan Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul olundu. Azərbaycanın müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyev dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamasına imkan vermədi. Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.

Çıxışlardan sonra “Sevdiyim” şeiri əsasında hazırlanmış klip təqdim olunub.



“ASAN həyat” kompleksinin həyətinə toplaşan mərasim iştirakçıları əsərin bəstəkarı və ifaçısı Əməkdar Artist Tünzalə Ağayevanın ifasında vətərpərvərlik mahnılarından ibarət konsert proqramına tamaşa ediblər.

Qubada keçirilən təqdimat mərasimi "Sevdiyim" layihəsi çərçivəsində keçirilən sonuncu tədbir olub. (AzərTAc)







AzVision.az


Teqlər: ASAN-Xidmət   Sevdiyim   Layihə  





Xəbər lenti