Sabah KXDR-in nüvə poliqonu söküləcək

Sabah KXDR-in nüvə poliqonu söküləcək
  24 May 2018    Oxunub:1211
Şimali Koreyanın indiyədək 6 nüvə raketi sınağı həyata keçirdiyi "Pxunqeri" nüvə poliqonu sabah söküləcək.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə KXDR hökuməti məlumat yayıb. Bildirilib ki, hava şəraiti əlverişli olsa, söküntü mayın 24-də baş tutacaq.

"Pxunqeri "nüvə poliqonunun bağlanma mərasimində Şimali Koreya yalnız Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Cənubi Koreya jurnalistlərinin iştirakına icazə verib. Cənubi Koreyadan başqa digər ölkələri təmsil edən jurnalistlər artıq 2 gündür ki, Şimali Koreyadadırlar. Rəsmi Pxenyan hərəsi üçün viza haqqı qismində 10 min dollar pul tələb etdiyinə görə, Seuldan olan jurnalistlər Şimali Koreyaya uçmaqda problemlə üzləşmişdilər. Lakin sonra Pxenyan Cənubi Koreyadan olan 8 jurnalisti qəbul edib.

Xatırladaq ki, aprelin 21-də Pxenyan əgər onlara təhdid və təxribatlar ünvanlanmasa, nüvə silahından imtina edəcəklərini bəyan edib. 27 apreldəki Koreyalararası sammitdə isə Şimali Koreya lideri Kim Çen In "Pxunqeri" nüvə poliqonunda raket sınaqlarını dayandırmaq və poliqonu bağlamağa razılıq verib.

AzVision.az


Teqlər: KXDR  





Xəbər lenti