Kaliforniya qubernatoru Azərbaycanı təbrik edib

Kaliforniya qubernatoru Azərbaycanı təbrik edib
  22 May 2018    Oxunub:1194
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AzVision.az-a verilən məlumata görə, qubernator bəyannamədə qeyd edib: “Kaliforniya ştatı adından müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika olan və ilk dəfə qadınlara səsvermə hüququ verən Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbyacanı təbrik etməkdən şərəf duyuram.”

E.Braun sənəddə Azərbaycanın qədim tarixə malik tolerantlıq ənənələrini, ölkədə müsəlman, xristiyan və yəhudilər arasında dinlərarası harmoniyanı və onların sülh şəraitində birgəyaşayışını yüksək qiymətləndirdiyini vurğulayıb. Qubernator on minlərlə azərbaycanlının bu gün Kaliforniyada yaşayaraq, bu ştatın inkişafına və multikulturalizminə öz töhfələrini verdiyini diqqətə çatdırıb.

O, həmçinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra öz azadlığını və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edib. Sonda qubernator Azərbaycan xalqını bir daha bu tarixi gün münasibətilə təbrik edərək, Azərbaycana bundan sonra da uğurlar arzulayıb.

Qeyd edək ki, 39 milyon əhalisi olan Kaliforniya ştatı əhali və iqtisadi gücünə görə ABŞ-ın ən böyük ştatıdır. 2.7 trilyon dollarlıq ÜDM-ə malik bu ştat ötən ay Böyük Britaniyanı qabaqlayaraq dünyanın ən güclü 5-ci iqtisadiyyatı olub. 1 milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən sıx yaşadığı məkanlardandır.

AzVision.az


Teqlər: Kaliforniya   Azərbaycan  





Xəbər lenti