“Forbes” nəşri: Ermənistan çıxılmaz durumdadır

“Forbes” nəşri: Ermənistan çıxılmaz durumdadır
  18 May 2018    Oxunub:2358
“2016-cı ildə Ermənistan qlobal iqtisadi çətinlik reytinqində 137-ci yerdə idi. Bu, o deməkdir ki, Ermənistanda onu məhsul və xidmətlərin ciddi ixracatçısına çevirəcək “nou-hau” yoxdur. Ermənistan hakimiyyəti bunun üçün ayrıca güc sərf etməlidir.”
AzVision.az xəbər verir ki, bu barədə məşhur "Forbes" jurnalında dərc olunan analitik məqalədə qeyd olunub.

Nəşr müxalif lider Nikol Paşinyanın “məxməri inqilab” yolu ilə Ermənistanın baş naziri seçilməsindən sonra ölkə iqtisadiyyatını gələcəkdə nələrin gözlədiyinə dair məqalə dərc edib. Məqalədə bildirilib ki, Cənubi Qafqazın bu ölkəsindəki hakimiyyət dəyişikliyini "islahatlar erasının" başlanğıcı hesab etmək olar. Çünki institusional islahatlar inkişaf etməkdə olan istənilən ölkənin iqtisadi transformasiyası üçün həlledici amildir.

"Bunun üçün Ermənistanın siyasi-iqtisadi sistemindəki neqativ hallar aradan qaldırılmalıdır. Mülkiyyət hüququnun etibarlı təminatı, biznesin qeydiyyatı müddətinin azaldılması, məhkəmələrin sürətli və etibarlı işi iqtisadiyyatın yaxşılaşmasına kömək edə bilər".

"Forbes" yazır ki, iqtisadi artımın dayanıqlı olması üçün institusional islahatlar kifayət etmir. Bu mənada Ermənistanın qonşusu Gürcüstan nümunə gətirilərək bildirilir ki, islahatlar bu ölkədə mülkiyyətin qorunması və digər məsələlərdə əhəmiyyətli irəliləyiş yaratsa da, Gürcüstandakı iqtisadi artım o qədər də təsirli olmadı.

“Ermənistan kimi ölkələrdə islahatlardan sonra əsasən sadə xidmət sahələrinin inkişafı müşahidə olunacaq. Lakin bu inkişaf çox uzun çəkə bilməz. Çünki sadə xidmətlər həyatı nisbətən komfortlu etsə də, avtomobil, müasir elektronika, tibbi sahə və digərlərinin inkişafı və onlardan istifadə daha çox fayda gətirir. Lakin bütün bu məhsulların və xidmətlərin istehsalı üçün Ermənistanda “nou-hau” olmadığından, onları dollar və avro ödəməklə beynəlxalq bazardan alırlar. Bunun üçün isə Ermənistan həmin valyutalarla gəlir qazanmağı bacarmalıdır, yəni öz məhsul və xidmətlərini ixrac etməlidir”- deyə məqalədə qeyd olunub.

Bununla yanaşı indiki iqtisadi vəziyyətdə Ermənistanın bunun öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşılır: “2016-cı ildə Ermənistan qlobal iqtisadi çətinlik reytinqində 137-ci yerdə idi. Bu, o deməkdir ki, Ermənistanda onu məhsul və xidmətlərin ciddi ixracatçısına çevirəcək “nou-hau”, demək olar ki, yoxdur. Ermənistan hakimiyyəti bunun üçün ayrıca güc sərf etməlidir.”

Həmçinin vurğulanıb ki, Ermənistanın ciddi loqistik və nəqliyyat problemləri var. "Forbes"in təhlilinə əsasən, Ermənistanda iqtisadi artıma kömək edə biləcək yeganə sahə turuzmdir. Lakin bu məsələdə də ölkənin problemləri var. Turizmin inkişafı üçün mövcud infrastruktur olduqca zəifdir. Bunun üçün Ermənistan onilliklər ərzində turizm sektorunu yeniləməlidir.

"Forbes" hətta bu məsələdə də Ermənistanın çıxılmaz durumunu göstərib: “Problem ondadır ki, yeni otellər və nəqliyyat infrastrukturu üçün Ermənistan pulu hardan götürsün?. Amma Ermənistanda istənilən sahənin yaradılmasında bu problemlə üzləşirlər. Onun həlli isə həmişə olduğu kimi, standartdır – beynəlxalq maliyyə təşkilatlarından borc almaq, erməni diasporasının yardımı və əgər siyasi məqsədlə verilmirsə, Rusiya kreditləri” .

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Forbes   Ermənistan  





Xəbər lenti