Uels şahzadəsi Aslan Aslanovla görüşüb
Tədbirdə Böyük Britaniya Krallığının vəliəhdi, Uels şahzadəsi Çarlz AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb, mətbuatın inkişafında texnoloji yeniliklərlə maraqlanıb.
Press Association agentliyinin icraçı direktoru, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri Klayv Marşal çıxışında qeyd edib ki, ötən əsr ərzində mediada çox böyük irəliləyişlər olub. "Bizim agentlik də yarandığı andan ötən 150 il ərzində dəyişib, texnologiyalar işimizin bir hissəsinə çevrilib. Lakin dəyişməyən bizim dürüstlüyümüz və obyektivliyimiz olub. Bu da bizim etibarlı media kimi imicimizin yüksək olmasını şərtləndirib", - deyə o bildirib.
Xəbər agentlikləri rəhbərləri ilə görüşlərdə onlara Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, o cümlədən bu ilin oktyabrında planlaşdırılan Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verilib.
AZƏRTAC və Press Association 2008-ci ildən Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində, sonradan isə Dünya Xəbər Agentlikləri Konqresi Şurasında əməkdaşlıq edir. Press Association 2016-cı ilin noyabrında Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilati işində yaxından iştirak edib. İki agentlik arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur.
AzVision.az