Gəncləri qocaldan ağ “kəfən”

Gəncləri qocaldan ağ “kəfən”
  08 May 2018    Oxunub:3622
İctimai varlıq olan insanın ətraf mühitlə uyğunlaşması ağıl və zehin sağlamlığı ilə mümkündür. Bu səbəblə əqli və zehni həyatın ən böyük düşməni olan narkotiklər insanın uyğunlaşma gücünü zəifliyə və iflasa aparmaqla, onu ailədən, cəmiyyətdən və ətrafından qopararaq təkliyə, böhrana və dərhal ardından da məsuliyyətsiz, heyvani bir həyata məhkum edir.
Təəssüf ki, “Ağ ölüm”, “əsrin bəlası” kimi adlandırdığımız narkotik maddələrin dövriyyəsi kimi, ondan istifadə edənlərin də sayı ildən-ilə artır. Xüsusən də narkotk aludəçilərinin içərisində yeniyetmə və gənclərin sayı durmdan artır. Ümumbəşəri problemə çevrilən narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçilməsinə baxmayaraq, onun acı nəticələrini görməkdə davam edirik.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən, Azərbaycanda 2017-ci il ərzində 2 min 115 narkoman qeydiyyata götürülüb. Onlardan 1566 nəfər dispanser, 549 nəfər profilaktik qeydiyyatdadır. Keçən il qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1432 nəfər - 488 nəfər dispanser, 944 profilaktik olub.

Beləliklə, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub. Bu narkomanlardan 25 min 139 nəfər dispanser, 4 min 992 nəfər profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var. Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470 nəfəri qadındır.

2016-ci ildə isə Mərkəzdə 29 min 448 nəfər narkoman qeydiyyatda olub. Onlardan 24 min 56 nəfəri dispanser, 5 min 392 nəfəri profilaktik qeydiyyatda olub. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5 (2016-cı ildə 5), 18-24 yaşlı 1.566 (2016-cı ildə 1.447), 25-29 yaşlı 4.225 (2016-cı 4.076), 30-34 yaşlı 4.463 (2016-cı 4.239), 35-39 yaşlı 4.657 (2016-cı 4.542), 40-44 yaşlı 3.707 (2016-cı 3.670), 45-49 yaşlı 3.408 (2016-cı 3.313), 50-54 yaşlı 2.891 (2016-cı 2.818), 55-59 yaşlı 2.275 (2016-cı 2.266), 60-64 yaşlı 1.875 (2016-cı 1.931), 65 yaşdan yuxarı isə 1.062 (2016-cı 1.142) nəfər narkotik istifadəçisi var.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotikləri - tiryək, heroin və kokosdan istifadə edirlər. Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev bildirib ki, Azərbaycanda narkotik maddələrdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlər daha çox opium qrupuna aid maddələrdən - tiryək və heroindən zəhərlənənlər olur. Mütəxəssisin sözlərinə görə, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların (2016 nəfər) 2,8 faizi narkotik maddələrdən zəhərlənib.

Narkomaniya əsasən gənclik dövründə başlanır və bir çox hallarda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Gənclər arasında narkomanlığın yayılmasının səbəbləri savadsızlıq, işsizlik, işsizlikdən doğan asudə vaxtların bolluğu, narkotik satıcılarının himayə edilməsi, narkotik biznesi göstərilir.
Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotiklərin ticarə-ti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.

Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri daha təhlükəlidir. Xarakterin zəifliyi, mənəvi özünənəzarətin hələ tam formalaşmaması onların cinayət əməllərinə sövq edilməsini asanlaşdırır. Araşdırmalar da göstərir ki, narkotik eyforiyası vəziyyətində olan yeniyetmənin törətdiyi cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır, bir çox hallarda vandalizm hərəkətləri doğurur. Yetkinlik yaşına çatmayan uşaqların narkotiklərdən istifadə etməsi məktəb ətrafında narkotik vasitələrin satılması ilə əlaqələndirilir.

Ekspert təcrübəsinə əsasən,12 yaşdan 15 yaşa qədər olan yeniyetmələrin psixikası zərərli meyillərə xüsusi ilə həssasdır. Məhz bu dönüş yaşda, ailədə olan oğlan və ya qızlar valideynlərlə əlaqələrini zəiflətməyə çalışırlar. Bəzi hallarda valideynlərin məsləhətlərinə zidd getməyə başlayırlar, öz həyəcanlarını gizlədirlər, sərt və aqressiv olurlar. Bununla bərabər yeniyetməlik dövründə xəyalpərəstlik, qətiliyə və yetişməmiş emosional hərəkətlərə meyllilik əlamətləri də özünü göstərir. Yeniyetmə yaşında psixikanın bu xüsusiyyətləri isə narkomaniyanın inkişafı üçün əlverişli zəmin yaradır.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Səbinə Qədirova, Zemfira Məmmədovanın birgə hesabatında bildirilir ki, xasiyyətin anomaliyaları ilə bərabər, yeniyetmə-narkomanlarda tez-tez tərbiyə defektləri üzə çıxır. “Məhz səhv tərbiyə yeniyetmələrin narkotiklərə qoşulmasının əsas səbəblərindən biri kimi göstərilir.
Yeniyetmə mərhələsində narkotik maddələrə qoşulmaq üçün səbəb yaradan ən vacib psixoloji amillərindən biri yeniyetmənin yaşadığı xoşagəlməz sosial-məişət mühitidir. Belə ailələrə ər-arvad arasında emosional-şəxsiyyət əlaqələrinin pozulduğu, uşaqları diqqətdən, qayğıdan, valideyn nəvazişindən və sevgisindən məhrum edən, ilk növbədə karyera, pul, maddi təminat, sonra isə uşaq və onun maraqları güdən ailələr aiddir.
Hesab edirik ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, narkomaniyanın profilaktikası qarşılıqlı inam olan ailədə mümkündür”.
Ekspertlər hesab edir ki, narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə profilaktikasını aparmaqdır. Məhz ən çox yeniyetmələr təhlükəli işlərə meyilli olduğundan buna görə də şəxsiyyətin formalaşdığı dövrdə bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar.

Dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə həblər ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə əl atırlar. Bu bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin sağlamlığının məhv olmasına gətirir və milli genofondu təhlükə altına alır.

Dünyada "ağ ölüm"ün geniş yayılmasına baxmayaraq, təəssüflər olsun ki, hələlik bu haqda yeniyetmələr üçün heç bir dərs vəsaiti hazırlanmır. Düzdür, bəziləri ailəsinin və yaxınlarının yardımı ilə narkotik asılılığından can qurtarıb normal həyata qayıda bilir. Amma yüzlərlə gənc narkotik aludəsi kimi həyatını davam etdirir.

Digər tərəfdən Narkomanlıq statuslarının aşkar olunması və bunun nəticəsində onların cəmiyyət tərəfindən qəbul edilməməsi qorxusu hissinə görə narkomanların böyük hissəsi kömək üçün tibb müəssisəsinə müraciət etmir və ya anonim müalicə olunurlar. Bunun da nəticəsində infeksiya yolu ilə yayılan xəstəliklərin qarşısının alınmasını idarə etmək olmur. Dispanserlərdə və polisdə qeydiyyata düşmək qorxusu həkimlərə qarşı inamsızlıq yaradır ki, nəticədə onlar tibb müəssisələrinə müraciət etmirlər. Odur ki, narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Buna görə də narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik tədbirlər çox vacibdir. Bu, profilaktika böyüməkdə olan gənc nəslə aid maarifçilik işinin ayrılmaz hissəsidir. Məhz son illər “Narkotiklərə “Yox” deyək”, “Narkotika bəlasından gəncləri qoruyaq”, “Narkomaniya bəşəriyyətin faciəsidir” və s. başlıqlı silsilə tədbirlər ümumrespublika ərazisində keçirilir.

Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətindədir.

Aytən Bağırova

Məqalə Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında keçirilən ən yaxşı müəllif yazıları müsabiqəsinə “Gənclər arasında narkotik maddə istifadəsinin qarşısının alınması” nominasiyası üzrə təqdim olunması üçün dərc edilib.



Teqlər: Narkomaniya   gənclər  





Xəbər lenti