XİN-dən Paşinyan hakimiyyətinə Qarabağ xəbərdarlığı

XİN-dən Paşinyan hakimiyyətinə Qarabağ xəbərdarlığı
  17 May 2018    Oxunub:1725
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır.
Bunu AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənilərin Prezident İlham Əliyevin bugünki çıxışına birmənalı olmayan reaksiyalarını şərh edərkən bildirib.

"Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır?! Paris görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan XİN-nin destruktiv mövqe nümayiş etdirməkdə davam edir. Əgər yeni xarici işlər nazirinin təlimatı ilə Sargisyan rejiminin ünsürü olan mətbuat katibi belə sərsəm açıqlamanı verirsə, onda əminliklə deyə bilərik ki, Ermənistanı eyni aqibət gözləyir", - deyə H.Hacıyev vurğulayıb.

XİN rəsmisi, həmçinin qeyd edib ki, hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər: "Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik. Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır".

AzVision.az


Teqlər: XİN   Hikmət-Hacıyev   Qarabağ  





Xəbər lenti