Paşinyan Qarabağ üçün nə vəd edir? - Politoloqların proqnozu

Paşinyan Qarabağ üçün nə vəd edir? - Politoloqların proqnozu
  08 May 2018    Oxunub:3177
Ermənistanın siyasi səhnəsində yeni dövr başlayır. Artıq ölkənin yeni baş naziri məlumdur. İrəvanda Sarkisyan əleyhinə keçirilən etiraz aksiyalarının lideri Nikol Paşinyan bu gün parlamentdə keçirilən xüsusi iclas zamanı baş nazir postuna layiq görülüb. Bununla da Ermənistanda Sarkisyan hakimiyyətinə son qoyulub.
Yeni baş nazir Ermənistan üçün nə vəd edir? Dağlıq Qarabağ münaqişəsinin həllində ondan konstruktiv mövqe gözləməyə dəyərmi?

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, Paşinyanın baş nazir seçilməsinə səbəb Respublika partiyasının geri addım atmasıdır: “Ermənistanda Respublika partiyası təzyiq altında geri addım atdı və Paşinyana 10 səs verməklə onu ölkənin yeni baş naziri etdilər. Bundan sonra hökumət formalaşmalıdır. Amma, Respublika partiyası və "Tsarukyan bloku" yeni hökumətin tərkibində yer almayacaq. Paşinyan kimlərlə hökumət quracaq, nə ilə məşğul olacaq bəlli deyil. Paşinyan bildirir ki, bu, keçid hökumət olacaq. O, seçkinin keçirilməsi, partiyalarla bağlı bir neçə qanunun qəbul olunmasından sonra parlamenti buraxmaq, yeni seçki elan etmək niyyətindədir”.



R.Musabəyov bildirib ki, hələlik Paşinyanın Qarabağ danışıqlarında iştirak edəcəyini gözləməyə dəyməz: “Paşinyan deyib ki, ilk olaraq təmas xəttində operativ vəziyyətlə tanış olacaq. Sonra nə edəcək? İkinci sözü bu olub ki, Ermənistanın inqlabı bütün dünyanı heyran edib və bu Qarabağdakı hərbi uğuru diplomatik uğura çevirməyə imkan verəcək. Üçüncü fikri isə bu olub ki, masa arxasına Dağlıq Qarabağ qayıtmadan nəyisə razılaşdırmaq mümkün deyil. Bütün bunlar göstərir ki, yaxın zaman ərzində Ermənistandan masa arxasında oturacaq kimsə olmayacaq”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, Paşinyanın seçilməsi ilə regionda proqnozlaşdırılmayan hadisələr baş verə bilər: “Nikol Paşinyan təbiət etibarı ilə avantüristdir. İlk dəfədir ki, Ermənistanda tam ali savadı olmayan biri hakimiyyətə gəlib. Jurnaslit kimi çalışsa da, universitetdən qovulmuş, təhsilini tam bitirməmiş adamdır. Həmçinin qatı millətçidir. Belə bir adamın demokratik inqilab həyata keçirməsi, ölkədə demokratiyanı bərqərar etməsi nağılvaridir. Bu baxımdan Ermənistanda proseslər çox gərginləşəcək. Paşinyan iddia edir ki, ilk addımı küçələrdə başına topladığı adamlarla bərabər Qarabağa getmək olacaq. Bu, avantürist addımdır. Soyuq başın məntiqi deyil”.



Politoloqun fikrincə, Paşinyan bölgəni müharibəyə sürükləməyə çalışacaq: “Təbii ki, cavabını alacaq. Yəni Ermənistan üçün heç də yaxşı bir halın baş verəcəyi qənaətində deyiləm. Ümumən, Paşinyandan Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe gözləməyə dəyməz. O, deyir ki, öz müqəddəratını təyin etmək hüququ əsasında Dağlıq Qarabağın müstəqilliyinə nail olmağa çalışacaq. Dağlıq Qarabağ haqqında çox təmtəraqlı bəyanatlar verir. Hətta Paşinyan Dağlıq Qarabağı müstəqil respublika kimi tanıya bilər. Məsələnin qorxulu tərəfi bundan ibarətdir”.

Paşinyanı baş nazir postunda nələr gözləyir sualına Q.Hüseynli belə cavab verib: “Onun komandası yoxdur. Vəzifələrə yerləşdirmək üçün kadr bankı olmadığından oliqarxlarla, inhisarçılarla, köhnə kadr korpusu ilə ehtiyatlı davranmaq məcburiyyətində qalacaq. Ciddi və çevik dəyişikliklərə nail ola bilməyəcək. Amma Sarkisyanın Qarabağ klanın axırına çıxa bilər”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:





Xəbər lenti