Xəstələr arasında futbol yarışı keçirilib

Xəstələr arasında futbol yarışı keçirilib
  04 May 2018    Oxunub:1318
Mayın 4-də həkimlərlə orqan transplantasiyası keçirmiş xəstələr arasında “Donor ol, həyat bəxş et” layihəsi çərçivəsində futbol oyunu keçirilib. “Azfar" stadionunda keçirilən oyunda Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həkimləri qara ciyər və böyrək köçürülmüş pasiyentlərlə rəqib komandalarda oynayıblar. Futbol matçı xəstələrin qələbəsi ilə başa çatıb.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriliblər.

Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi jurnalistlərə açıqlamasında bildirib ki, qarşılaşmadan öncə bugünkü oyunun keçirilməsində əsas məqsəd orqan köçürülən xəstələrin cəmiyyətə inteqrasiya etdiyini sübut etməkdir. O deyib: “Bugünkü oyunda 11 həkim, 16 xəstə, eyni zamanda, donorlar da iştirak edib. Bu oyunun məqsədi də məhz şüarımızı sübut etməkdir. Göstərmək istərdik ki, onlar hətta futbol oynaya bilirlər. Xəstələrimizdən ikisi 2 il əvvəl İspaniyada orqan köçürülmüş xəstələr arasında keçirilən oyuna qatılıb. Onların hər ikisi bürünc medalla vətənə qayıdıb. Oyunu izləyən xəstə yaxınları bildirdilər ki, əməliyyatdan sonra onlar normal həyata qayıdıblar. Onlardan bir neçəsi əvvəllər xarici ölkələrə müayinələrə getsələr də, öz ölkələrində şəfa tapıblar. Onların hər biri bu gün müxtəlif sektorlarda çalışırlar”.

Mircəlal Kazımi bildirib ki, Azərbaycanda 2008-ci ildən indiyə qədər 600-dən çox xəstəyə qara ciyər və böyrək köçürülüb: "Xəstə yaxınlarının bizə ünvanladığı əsas sual xəstələrin əməliyyatdan sonrakı durumu ilə bağlı olur. Əslində xəstələr əməliyyatdan sonra normal həyatlarına qayıdır. Bugünkü futbol matçı da buna bariz nümunədir".

MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri qeyd edib ki, bu il 7 xəstəyə qara ciyər, 32 xəstəyə böyrək köçürülüb: "Ötən il və bu il isə ümumilikdə 2 xəstəyə çarpaz orqan köçürülməsi əməliyyatı icra edilib. Əməliyyatlardan sonra xəstələrdə ciddi fəsadlar qeydə alınmayıb".

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti