Prezident onlara etimad göstərdi - Nazirlər Kabinetinin yeni üzvləri
Nazirlərdən isə Səlim Müslümov, Heydər Əsədov, Hüseynqulu Bağırov yeni komandada yer almayıb. Onların əvəzinə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təyin edilib. Təhsil nazirinin boş qalan yerinə isə Ceyhun Bayramova gətirilib. O, bundan əvvəl təhsil nazirinin müavini işləyib.
Komitə sədrlərindən Nazim İbrahimov, Əli Həsənov və Aydın Əliyev vəzifədən gedib. Prezidentin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri isə Samir Nuriyev olub.
Yeni yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədriliyi Fuad Nağıyeva həvalə edilib. Milli Məclisin deputatı Vüsal Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.
Ümumilikdə Azərbaycan 4 yeni nazir, 4 komitə sədri, 1 xidmət rəisi və 1 agentlik rəhbəri dəyişib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Nazirlər-Kabineti Nazir Komitə