Xalq artistimizin tərki-dünyalığının səbəbləri

Xalq artistimizin tərki-dünyalığının səbəbləri
  08 Oktyabr 2013    Oxunub:18160
Azərbaycan kinosunun və teatr səhnəsinin incilərindən biri olan Səfurə İbrahimova artıq illərdir ki, qapalı həyat tərzi keçirir.

Qeyd edək ki, o, 2005-ci ildə səhhətində problem yarandığına görə işlədiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk edib. Artıq xeyli müddətdir ki, xalq artisti ilə nə həmkarları, nə də ki, ən yaxın qohumları əlaqə yarada bilmirlər.

Aktrisa sənətdən uzaqlaşdığı kimi insanlardan da uzaqlaşıb. Mətbuat nümayəndələri onun haqqında məlumat əldə etmək istəsə də, hər dəfə onların cəhdləri cavabsız qalıb.



AzVision.az olaraq biz də aktrisa ilə əlaqə yaradıb onunla görüşmək istədiyimizi bildirdik. Doğrusu, onunla telefon əlaqəsi yaratmaq cəhdimiz baş tutsa da, görüşə bilmədik. 75 yaşlı Səfurə xanım “Görüşə söz verə bilmərəm. Gedəsi yerim var, tələsirəm”, deyərək bizimlə sağollaşdı. Cəhdimizin nəticəsiz qaldığına görə, xalq artistinin yaxın rəfiqəsi Dövlət Akademik Milli Dram Teatrının rejissor köməkçisi Rəfiqə xanımla əlaqə saxladıq. Rəfiqə xanım bildirdi ki, aktrisanın hazırda səhhətində heç bir problem yoxdur. Bir ay bundan öncə onunla görüşüb.



`Təxminən bir ay əvvəl onun evinə getmişdim. O vaxt Rusiyadan bir rejissor gəlmişdi. Onu kinoya çəkmək istəyirdi. Ancaq nə qədər etdiksə onu dilə tuta bilmədik. Hətta Səfurə xanım rejissoru onun evinə apardığıma görə, mənə çox hirsləndi.



Hazırda evindəki şərait də çox yaxşıdır. Təmir elətdirdik. Evinə təzə mebellər almışıq. Artıq əvvəlki kimi deyil. Televizora baxır, bazarlığa gedir. Ancaq heç kimlə ünsiyyət qurmur. Heç teatrla da maraqlanmır. Bacıları və qardaşları ilə əlaqə saxlamır. Onlarla da heç bir əlaqəsi yoxdur`-deyə rəfiqəsi Səfurə xanım haqqında söylədi.



Əldə etdiyimiz məlumata görə, aktrisanın yaxınları ilə münasibətlərinin soyumasına səbəb ev məsələsi olub; bacı və qardaşları onun evini öz adlarına keçirtmək istəyiblər. Aktrisa onlardan uzaqlaşmaq qərarına gəlib. Teatrdan və həmkarlarından inciyib-küsməsinin səbəbi isə ona verilən fəxri adın gec, yəni özünün dediyinə görə “sənətə yeni gələn gənc nəslin nümayəndələri ilə eyni vaxtda” verilməsi olub.



Xalq artisti hazırda dövlət tərəfindən ayrılan 1000 manat məbləğində təqaüdlə dolanır. Ona elə dövlət tərəfindən verilən evdə tək yaşayır. Heç kəslə ünsiyyət qurmaq istəmir. Hələ 2008-ci ildə də onu təbrik etmək üçün gələn həmkarlarının üzünə qapısını açmamışdı. Bu gün isə Səfurə xanım insanlarla yanaşı, uğrunda ailəsini qurban verdiyi sənətindən də küsüb. Evlilik həyatı qısamüddətli olan Səfurə İbrahimovanın övladı olmayıb.



Tənha həyat sürən Səfurə İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda anadan olub. 1960-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Həmin ildən də ona bir neçə rol tapşırılıb və tələbə-aktrisa Akademik Teatrın truppasına qəbul edilib.



Aktrisa bu illər ərzində teatrda Hüseyn Cavidin “Səyavuş” əsərində Gəlin, “Knyaz”da Jasmin, “İblis”də Rəna, Sabit Rəhmanın “Sevimli rollar” əsərində Mələk, “Toy”da Kamilə, “Əliqulu evlənir”də Qumral, “Xoşbətlər”də İnci, “Küləklər”də Roza, M. Hüseynin “Alov” əsərində Əsmər, Səməd Vurğunun “Vaqif”ində Gülnar, “İnsan”da Tatyana, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, “Hökmdar və qız”da Tubu xanım, Bəxtiyar Vahabzadənin “Kimdir haqlı” əsərində Həyat, Vilyam Şekspirin “Hamlet”ində Ofeliya, Lorkanın “Dişi canavar”ında Prudensiya, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda Zəhra bəyim, Vidadi Babanlının “Ana intiqamı”nda Səltənət, Anarın “Adamın adamı” əsərində Balaxanım, Cəfər Cabbarlının “Sevil”ində Sevil, Əli Əmirlinin “Köhnə ev” əsərində Mələk və başqa bu kimi sanballı rollar yaradıb.



10-dan çox televiziya tamaşasında rol almış aktrisanın ən yaddaqalan ekran obrazlarından biri İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” lirik-psixoloji dramında yaratdığı Nəzakət obrazıdır. Aktrisa müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında “Sevil” (Dilbər), “Arşın mal alan” (Telli) “Qatır Məmməd” (Həbibə), “Alma almaya bənzər” (Mədinə), “Qaynana (Sədaqət), “Bizim Cəbiş müəllim (Nəcəfovun arvadı) və başqa bədii filmlərə çəkilib.



Səfurə İbrahimova Hüseyn Cavidin “İblis” faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə dövlət mükafatına, 1974-cü ildə əməkdar artist, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. S. İbrahimovanın səhhətində problemlər yarandığından o, 2005-ci ildə teatrdan uzaqlaşıb. 2013-cü il dekabrın 27-də aktrisanın 75 yaşı tamam olacaq.



















Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti