“Sarkisyanın istefası gözlənilən idi” - Operativ şərh

“Sarkisyanın istefası gözlənilən idi” - Operativ şərh
  23 Aprel 2018    Oxunub:2694
Aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyaları qələbə ilə yekunlaşıb. Cəmi 6 gün ölkənin baş naziri olan Sarkisyan nəhayət, istefa verib.
Sarkisyan müraciətində səhv etdiyini etiraf edib: “Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranan vəziyyətdən bir neçə çıxış yolu var, lakin mən onlardan heç birinə getməyəcəyəm. Bu, mənlik deyil. Mən ölkə başçısı, Ermənistan baş naziri postunu tərk edirəm. Küçə hərəkatı mənim baş nazirliyimə qarşıdır. Mən sizin tələbinizi yerinə yetirirəm”.

Politoloq Fikrət Sadıqov Sarkisyanın istefası və hadisələrin gələcək inkişafını AzVision.az-a şərh edib.

F.Sadıqov bildirib ki, Sarkisyanın istefası gözlənilən idi: “Əgər xalq küçələrə çıxırsa və birmənalı şəkildə baş nazir Serj Sarkisyanın istefasını istəyirsə, burada başqa bir variant mümkün deyildi. Digər çıxış yolu isə qan tökülməsi idi. Ancaq, qan tökülsəydi belə, bu heç də Sarkisyanın hakimiyyətini uzunömürlü etməyəcəkdi. Yəni onun başqa çıxış yolu yox idi”.



Politoloq hesab edir ki, bundan sonra etirazçılarla, hakimiyyət arasında danışıqlar getməlidir: “Çox güman ki, baş nazirin müavini Karen Karapetyan bu posta seçiləcək. Amma, bir şərtlə ki, hökumət formalaşanda müxalifət liderlərinə orada yer ayrılsın. Digər variant ondan ibarətdir ki, etirazlar səngiməyəcək və onlar liderlərinin baş nazir olmasını tələb edəcəklər. Reallığa daha uyğun variantı isə yaxın gələcək göstərəcək. Artıq danışıqlar gedir. Mitinqdə Sarkisyan-Paşinyan görüşünün nəticələrini elan edəcəklər. Düşünürəm ki, hazırkı vəziyyət bir müddət davam edəcək”.

F.Sadıqov qeyd edib ki, Sarkisyan və komandasının fəaliyyəti sona yetəcək: “Əgər Sarkisyan baş nazir kimi istefa verirsə, deməli açar nazirləri də postlarını itirəcək. Bu, klassik variantdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Sarkisyan   İstefa   Şərh  





Xəbər lenti