Namizədlər teledebatları necə qiymətləndirdilər?

Namizədlər teledebatları necə qiymətləndirdilər?
  08 Oktyabr 2013    Oxunub:1014
İctimai televiziyada prezidentliyə namizədlərin qalmaqallı seçki debatı başa çatsa da, səs-küyü hələ də qalmaqdadır. Maraqlıdr ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan debatdan namizədlərin özləri razı qalıblarmı?

AzVision. az məsələ ilə bağlı namizədlər arasında sorğu keçirib.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə saytımıza açıqlamasında debatın normal keçdiyini deyir :

-Normal keçdi. Daha yaxşı ola bilərdi, əgər Milli Şuranın nümayəndələri təhqirə, böhtana keçməsəydilər. Birdəki Hafiz Hacıyev özünü saxlaya bilsəydi. Namizədlərə verilən vaxta gəldikdə isə, vaxt çox olsaydı, daha yaxşı olardı.

Ədalət Partiyasının sədri İlyas İsmayılov :

-Debatın həm yaxşı, həm də pis cəhətləri oldu. Pis cəhəti o oldu ki, ölkənin problemləri əvəzinə, namizədlərin bir-birinə qarşı ittihamları oldu. İstərdim ki, hər bir namizəd ölkənin problemlərindən danışsın. Çox təəssüf ki, debatlarda şəxsi mövqe çox yer aldı.

Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu :

-Əvvəlcə deyim ki, bu, debat olmadı, burada namizədlərin hərəsinin öz müstəqil çıxışları oldu. Səviyyə həddindən artıq aşağı idi. Heç bir mesaj vermək mümkün olmadı. Bütünlüklə, uğursuz bir kampaniya idi. Seçkilərə, ölkədəki ictimai siyasi-vəziyyətə təsir edəcək bir kampaniya kimi dəyərləndirmirəm.

Millət vəkili Zahid Oruc :

-Prezident seçkiləri marafonu kifayət qədər yeni çağırışlarla yanaşmalarla və şəraitlə zəngin oldu. Bu, mənə böyük dərs verdi. Hesab edirəm ki, bu debat cəmiyyətimiz üçün də faydalı oldu. Ikinci tərəfdən isə bir çoxlarının gözləntiləri baş vermədi. Həmçinin ilk günlərdə ideyalar yarışı kimi qəbul etmək istədiyim bu debatlar, sonrakı günlərdə əsl qladiator savaşlarına çevrildi.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev :

-Bu seçkilərdə aparılan təbliğat kampaniyasını yüksək qiymətləndirirəm. Biz müəyyən uğurlara nail ola bildik. Hesab edirəm ki, hər halda Azərbaycan xalqı bu kampaniyada kimin kim olduğunu bir daha gördü.Kimlər Azərbaycan xalqı üçün çalışır, kimlər xarici təşkilatın tapşırıqlarını yerinə yetirir. Mənim Cəmil Həsənlidən başqa oradakı namizədlərin hamısına böyük rəğbətim var.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev :

-Bu debatların nəticəsini ayın 9-da cəmiyyət qiymətləndirəcək. Biz nə qiymətləndirə bilərik? Mən daha çox cəmiyyətə fikirlərimi çatdırmaq istəyirdim, başqalarının işinə qarışmaq istəmədim. Ona görə də qiymətləndirmək istəmirəm.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti