`Əli Kərimli başladı ailə üzvlərinin canına and içməyə ki...` - VİDEO

  07 Oktyabr 2013    Oxunub : 2068
`Əli Kərimli başladı ailə üzvlərinin canına and içməyə ki...` - VİDEO
AzVision.az-ın qonağı Qüdrət Həsənquliyevə qısa vaxtda – 2 gün ərzində xeyli sual ünvanlanmışdı. Onlardan təkrarlanan sualları çıxmaqla, 30-nu qonağımıza təqdim etmişik. Sualların çoxunun tikanlı olmasına baxmayaraq, Qüdrət bəy hamısını təmkinlə cavablandırdı.
Naxçıvanlı:

- Bir yerli kimi Rəsul Quliyevlə münasibətləriniz indi necədir?

- Mənim nə əvvəllər, nə də indi Rəsul Quliyevlə heç bir münasibətim olmayıb.




Yurdçu:

- Partiyanızda cəmiyyət tərəfindən tanınan 5 nəfər hörmətli siyasətçinin adını çəkə bilərsinizmi?

- Partiyanın Ali Məclisinin sədri Teyyub bəy, Elçin Mirzəbəyli, Zöhrab Abdullayev, Yeganə Mehdibəyli, Huseynağa Qəniyev…


Sevinc:

- Qüdrət müəllim, mənə çox maraqlıdır, bilirsiniz ki, uduzacaqsınız və səslərin hətta 10 %-ni qazana bilməyəcəksiniz. Niyə namizədliyinizi verdiniz? Millət vəkilisiniz, məncə bu, yetər axı...



- Siyasi partiya seçkilərdə iştirak etməlidir. Namizədiylə öz platformasını cəmiyyətə təqdim etməlidir. Biz əvvəllər də bəyan etmişdik ki, əgər başqa bir partiyanın namizədi ilə bizim platformalarımız üst-üstə düşsə, biz onlarla razılaşıb, vahid namizədlə çıxış edə bilərik. Amma belə təşəbbüsdə olan partiyalar olmadı, biz seçkiyə qatıldıq. Əvvəl də bəyan etmişdik ki, bu seçkilərdə qalib gəlmək, tək mənim üçün yox , istənilən digər bir partiyanın namizədi üçün çox çətin olacaq. Ona görə ki, qüvvələr nisbəti qeyri-bərabərdir. Amma platformamızı cəmiyyətə çatdırmaq, cəmiyyətə alternativ fikirlər, ideyalar vermək, insanlarla təmasda olmaq üçün seçki kampaniyası əlverişli imkanlar yaradır. Siyasi partiya həm də hakimiyyət uğrunda mübarizə aparır, bu mübarizə ciddi olmalıdır.

Ruslan:

- Hazırkı prezident ilham Əliyevdə nə əskiklik, nə natamamlıq görüb ki, namizədliyini verib, Əliyevin hansı siyasətini bəyənmir?



- Hesab edirəm ki, Azərbaycan bundan sonra yeni bir mərhələyə keçməlidir. Biz idarəetmədə köklü dəyişikliklər etməliyik. Azərbaycanı prezidentli respublika kimi görmürük, parlamentli respublika kimi görürük. Azərbaycan Xalq Cümhuriyyəti də parlamentli respublika olub. Biz ölkədə professional seçki sistemini bərpa etməliyik ki, çox partiyalılığı inkişaf etdirək. O inkişaf etmədən ölkədə demokratiyanın səviyyəsini indikindən daha yüksək səviyyəyə qaldırmaq mümkün deyil. Nə də korrupsiyaya qarşı mübarizə aparmaq imkanı olmur. Hökumət ciddi müxalifət partiyasının nəzarəti altında olmalıdır.

Ölkənin həll olunmayan ağrılı problemi Qarabağ problemidir. Bu problemin həlli ilə bağlı bizim düşüncələrimiz var. Biz Ermənistanla bundan sonra mənasız danışıqların davam etdirilməsinin əleyhinəyik. Hesab edirik ki, bu danışıqlar Rusiya ilə aparılmalıdır. Rusiya ərazi bütövlüyümüzü tanıyarsa və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verərsə biz Gömrük ittifaqına girə bilərik, Avropa-Asiya müqaviləsinə də qoşula bilərik. Və Rusiya ilə daha sıx inteqrasiya istiqamətində qərarlar qəbul edə bilərik. Bu da bizim indiki iqtidardan fərqli mövqeyimiz.

Ölkədə məhkəmə ilə bağlı tamamilə ilə fərqli fikirlərimiz var. Vahid dövlət istintaq komitəsi yaradılmalıdır. İnsanların ölkədə ən çox əziyyət çəkdiyi və iqtisadiyyatın inkişafına mane olan amillərdən biri bank kreditlərinin yüksək olmasıdır. Biz bu məqsədlə dövlət neft fondunun vəsaitlərinin ən azı iki milyardının ölkə banklarında yerləşdirlməsinin tərəfdarıyıq ki, bank kreditləri kəskin formada aşağı düşsün. Yəni çoxlu sayda məsələlərdə bizim iqtidarla prinsipial fikir ayrılıqlarımız var. Biz bu iqtidarın illər ərzində gördüklərinin də üstündən xətt çəkmək, dağıtmaq yox, ölkənin yeni inkişafını düşünürük.

Cəbhəçi:

- Əli Kərimli əvvəllər deyirdi ki, siz onun həyatını xilas etmisiniz və buna görə də sizə borcludur. Nə məsələdir bu?



- Sözün doğrusu, mən bu barədə danışmaq istəmirəm. Hesab edirəm ki, bir zamanlar Əli Kərimli ilə yaxın olmuşuq, bir-birimizi dost saymışıq. Və insan da dost saydığı insan üçün hər cür fədakarlığa hazır olmalıdır.

Nadir:

- Qüdrət bəy, mitinqinizə gəlmədiyi üçün bir kimsəsiz xanımı işdən çıxartmaq hansı kitabda yazılıb?



- Əvvəla, onu mən işdən çıxartmamışam. Qəzetin redaktoru işdən çıxarıb. Redaktorun da mənə verdiyi məlumata görə, bu sualda göstərilən məsələ əsas deyil. Həmin şəxsə nəinki qəzet rəhbərliyi tərəfindən , hətta mənim tərəfimdən qəzetdə olduğu müddətdə hər zaman diqqət və qayğı göstərilib.

Qəssab:

- Qüdrət müəllim sizcə, sizi Zahid Orucla, Hafiz Hacıyevlə, Araz Əlizadə ilə nə birləşdirir?



- Zahid Oruc, Hafiz Hacıyev, Araz Əlizadə ilə bizi heç nə birləşdirmir, bir –birimizə rəqibik. Sadəcə olaraq onların içərisində mənim ən çox səsimi bölə biləcək şəxs Cəmil Həsənlini sayıram. Mən hesab etsəydim ki, digər 3 nəfər şəxs mənə yaxın olan elektoratın səsini ala bilər, mən onlara da yəqin ki, platformaları ilə bağlı hansısa suallar ünvanlayardım.

Qəssab:

- Niyə sizin (yuxarıdakı şəxslərlə birgə) debatlardakı çıxışınız Cəmil Həsənliyə qarşı fikirlər söyləmək üstündə qurulub? Prezidentimiz İlham Əliyevin siyasətində nədən narazısınız? Əgər narazılığınız yoxdursa, niyə namizədliyinizi verirsiniz? Sizcə sizin nə qədər həqiqi (sizi ürəkdən sevən) tərəfdarınız var? Diqqətə görə çox saq olun.



- Bunu seçkilər göstərəcək. Mən tamamilə fərqli bir seçki platforması ortaya qoymuşam. O sadalanan şəxslərdən fərqli. Cəmil Həsənliyə mənim etika çərçivəsində suallarım olub. Bunun da səbəbi odur ki, narazı, ölkəni dəyişmək istəyən elektoratın əsas iddialılarından biri Cəmil Həsənli olub. Cəmil Həsənli özünün bəzən pafoslu çıxışları ilə narazı elektoratın hisslərinə təsir edib, onların səsini alıb. Halbuki özünün platforması barədə heç nə danışmır. O, 8 debatda Xədicə İsmayılovanın yazdıqlarını təkrarlamaqla məşğuldur. Özü xoşlayır ki, başqalarını ittiham etsin. Amma ona qarşı yönələn suallara cavab vermir.

İndi mən həmin oxucuya sual ünvanlayıram ki, məgər mən deyəndə ki, `Cəmil Həsənli, sən üçüncü dərəcə əlil olmusan və bu əlilliyə görə pensiya alırsan, məhdud əlil qabiliyyətli insansan. Belə olduğu təqdirdə, sən namizədliyini Milli Şurada irəli sürən adamlara məlumat verməmisən`, yanlış mövqe sərgiləyirəm?

Biz belə olan halda hansı əxlaqlı siyasətdən danışırıq? Amma özümüz başqalarına münasibətdə çox sərt çərçivələr müəyyənləşdiririk. Bu insanlar deyirlər ki, biz normal cəmiyyət qurmaq istəyirik. Normal cəmiyyətdə belə bir fakt aşkar olunsa, həmin namizəd dərhal öz namizədliyindən geri çəkilərdi, cəmiyyət onu kəskin formada qınayardı və riyakarlıqda ittiham edərdi. Sən hansı haqla ədalətdən danışırsan ki, bu qədər faktı xalqdan gizlətmisən.

Əli Əhmədov dedi ki, əlillik haqqında sənədi saxta alıb. Mənim araşdırmağa imkanım yoxdur. Müvafiq dövlət qurumları təkrar araşdıra bilərlər ki, qanuni alıb, ya qanunsuz.. Amma fakt budur ki, sən razılaşmısan ki, sən əlilsən. Sənin borcun idi ki, sənin namizədliyini irəli sürən insanlara və Azərbaycan Respublikasının vətəndaşlarına bunu deyəsən.

Bu gün səni müdafiə edən partiyalardan biri AXCP-dir. Bəs vaxtı ilə səni AXCP-dən niyə xaric ediblər? Bunun səbəbini ona səs verən insanların bilməyə haqqı yoxdur? Burada etikadan kənar nə var? Mən onun ailəsi ilə bağlı məsələ qaldırılanda çox kəskin etiraz etdim. Bütün Azərbaycan ictimaiyyəti bunu görüb ki, biz bura kiminsə ailəsini müzakirə etmək üçün gəlməmişik. Amma Cəmil Həsənli buna qarşı çıxıb, başlayıb prezidentin ailəsi haqda danışmağa. Təqribən Hafiz Hacıyevlə eyni mövqe sərgiləyib. Mən ona xəbərdarlıq etdim ki, sən bir az emosional adamsan adekvat cavab verməyə tələsmə. Amma o, qarşılığında məni intellektsizlikdə ittiham etdi.

Cəmil Həsənlinin də borcu idi ki, ona verilən suallara cavab versin. Mən də göstərdim ki, mən fundamental elmlər, kimya üzrə 4 olimpiadanın qalibi olmuşam. Sübut etdim ki, sən doğru danışmırsan, sualıma cavab vermək əvəzinə, sual ünvanlayan şəxsi aşağılayırsan. Onun şəxsiyyətinə hücum edirsən. Onun da borcu idi ki, mənim ona qarşı unvanladığım suallara cavab versin. Və o suallara cavab verəcəyi təqdirdə onun əsl siması, hansı mənəvi dəyərlərə sahib olması ictimaiyyətə bəlli olmalı idi.

Azərbaycan ictimaiyətinin haqqı yoxdurmu Cəmil Həsənlidən soruşsun ki, sən deputat olduğun dövrdə yazdığın kitablarda Əlirza Əliyevdən tutmuş, Heydər Əliyevə, İlham Əliyevə qədər onların Azərbaycan xalqı qarşısında xidmətlərindən yazmısan. Cəmil Həsənli, Heydər Əliyev haqqında qeyd edirdi ki, ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyev bu işləri gördü. Tutaq ki, Azərbaycan dilinin, dövlətinin inkişafı ilə bağlı işlər gördü. Bu kitabları ingilis, rus başqa dillərə tərcümə edib. Harvarddan tutmuş bütün universitetlərə göndərib. Onlar Azərbaycanla bağlı məlumat əldə edəndə Cəmil Həsənlinin debatda etdiyi çıxışları eşitmirlər ki. O araşdırmaçılar onun kitablarını götürürlər, baxırlar ki, Azərbaycanda real vəziyyət nədir və kimə xidmət edir. Nədən birdən-birə sənin mövqeyində bu cür kəskin dəyişiklik oldu? Başladın Əliyevlər ailəsini korrupsiyada ittiham etməyə. Mən bununla cəmiyyətə göstərmək istəyirəm ki, bu adamın siması budur. Bu mənim haqqımdır.

İlham Əliyevin özünün elektoratı var . Mənim bu dəqiqə əsas rəqibim Cəmil Həsənlidir. Özünün pafoslu, alovlu çıxışları ilə insanları aldatmaq istəyir.
Cəmil Həsənlinin quracağı hökumət indiki hökumətdən min qat pis olacaq. Bir ildən sonra ölkə vətəndaş qarşıdurması həddinə gəlib çatacaq. Azərbaycanda böyük bir siyasi böhran yaşanacaq. Və ölkə dağılacaq. Bir təcrübəli siyasətçi kimi bunları görə-görə gəlmişik. Bunları bilə-bilə mən niyə susmalıyam?

O streotipləri dağıtmaq lazımdır. Bu adamlar çox hiyləgər, qorxulu taktika seçiblər. Deyir sən də müxalifətsənsə, yalnız iqtidara qarşı mübarizə aparmalısan. Axı mən namizədəm və İlham Əliyev də, sən də namizədsən. Söhbət bundan gedir ki, ordakılarn hamısı bir-birinə rəqibdir. Mən görüəm ki, bu dəqiqə əsas narazı eloktratın səsini almağa Cəmil Həsənli iddialıdır, ona görə də sualları ona ünvanlayıram.

Bir adam desin ki, Cəmil Həsənlinin şəxsiyyətini aşağılayan cümlə və söz demisən. Əksinə, Cəmil Həsənli `Azadlıq` qəzetində mənə adımla müraciət etmişdi. `Bəy`siz, `müəllim`siz, yaxud soyadımı da işlətməmişdi. Mən debatda dedim ki, sadəcə mənim aldığım tərbiyə imkan vermir ki, Cəmil müəllim, sizə `Cəmil` deyə müraciət edim. Ən azından sizə Cəmil müəllim və ya Həsənli deyə bilərəm.

Hesab edirəm ki, oxucunun verdiyi bu sualın həqiqət yükü çox azdır.

Murad:

- Sizin fikrinizcə, Azərbaycan xalqı indi firəvandırmı? Xahiş edirəm tam səmimi cavab verin.



- Ölkədə ciddi problemlər var. Əlbəttə, bu ölkədə firəvan yaşayan insanlar da var. Ölkəyə hər il 97 mindən çox bahalı minik avtomobili gətirilir. Və bunun hamısı da satılır və növbəti dəfə yenə o qədər gətirilir. Bəzən bu avtomobillərin sayı 100 minə də çatır. Siz görürsünüz ki,bütün Bakı ətrafında nə qədər şəxsi evlər, nə qədər yeni binalar tikilir. Yəni bu inkişafı görməmək mümkün deyil.
Sən rəqibsənsə, hər şeyin üstündən xətt çəkməli deyilsən. Amma bu gün mən xalqımızı xoşbəxt xalq hesab edə bilmərəm. Ona görə ki, bir milyon qaçqını olan xalq, 20% torpağını itirən xalq özünü necə xoşbəxt saya bilər. Bu baxımdan hesab edirəm ki, prezidentliyə əsas namizəd kimi də əsas vəzifəm Qarabağı azad etmək olacaq.

Müəllim:

- Niyə sizin mitinqə insanları məcburi gətirirlər? Bu məlumat haradandır? Mətbuatı izləyin o zaman biləcəksiniz...



- Bu sualı verən şəxs görünür mənim haqqımda aparılan `qara piar`a inanıb deyir. Mənim mitinqimə heç kimi məcburi gətirə bilməzlər. Mənim tərəfdarlarım universitetlərdə də, dövlət idarələrində də var. Bizim Ali məclisin sədri Teyyub bəy universitet müəllimidir. Onun da tələbələri var. Onlar auditoriyada və yaxud auditoriyadan kənar tələbələri, iş yoldaşlarını bizim mitinqə gəlməyə, məni dinləməyə dəvət edə bilərlər.

Bəs mitinqə hazırlıq necə gedir? Belə olur da. Qaldı ki, kiminsə ora zorla gətirilməsinə, bu, `dalğa`çıların mənə qarşı təşkil etdikləri `qara piar`dır. Onlar bir gənci danışdırıblar, o da deyib ki, məni məcburi gətiriblər, mən heç bilmirəm kimin mitinqinə gəlmişəm. İndi siz fikir verin, universitet tələbəsinə deyirlər sən mitinqə getməlisən. Universitet tələbəsi yox e, insan nə qədər gerizəkalı biri olsa belə, hər halda, soruşar da, kimin mitinqinə gedir?
Bunu Cəmil Həsənlini təbliğ edən `Meydan TV` deyir də, müstəqil bir mətbuat etsəydi, mənim özüm də bir şübhə ilə yanaşardım. Onlar heç `qara piar`ı da səviyyəli formada təşkil edə bilməyiblər. İstəyirsiniz Cəmil Həsənlinin bu günkü mitinqinə mən 50 nəfər gənc göndərim. Özümə yaxın olan və bizim siyasi kursu dəstəkləyən mətbuat orqanlarından da xahiş edim ki, gedin, orada iki nəfərdən müsahibə alın. Onlar da desin ki, mən heç bilmirəm kimin mitinqidir, 50 manat verdilər ki, get dayan orada. Biz demirik ki, ancaq bizim partiyanın üzvləri mitinqə gəlsin. Biz bütün seçiciləri mitinqə çağırırıq. Ora bütün partiyaların üzvləri gələ bilər. Onlar hamının fikrini dinləyib, axırda seçimlərini etməlidirlər. Normal ölkələrdə belə olur.

Bayram :

- Qüdrət bəy, sizcə Əli Kərimli Əbülfəz Elçibəyə, Heydər Əliyevə, Qüdrət Həsənquliyevə, Fazil Qəzənfəroğluna və ən yaxın dostlarına niyə xəyanət edib?



- Mən hesab edirəm ki, xarakter məsələsidir. Əli Kərimli mən deməzdim ki, bacarıqsız insandır. O, çox gözəl maskalana bilir. İnsanların hislərilə oynamağı bacarır. Bu baxımdan o bir çox insanlarla çox yaxından təmasda ola bilir. İnandıra bilir ki, onlara ən yaxın dost ola bilər və s. Amma insanlar onu yaxından tanıyandan sonra nəyin ki, normal uzaqlaşırlar, hətta düşmənə çevrilirlər. Vaxtı ilə Fazil Qəzənfəroğlu demişdi ki, gor evinə qədər Əli Kərimli ilə dostuq. Amma qısa müddətdən sonra gördü ki, tələbəlik illərində tanıdığı Əli Kərimlidən əsər-əlamət qalmayıb. Bu adam iliyinə qədər siyasiləşib. Və bütün insani dəyərlərini siyasi marağa bağlayıb.

Ona görə də mən Cəmil Həsənliyə sual verirdim ki, onu Əli Kərimli niyə partiyadan xaric etmişdi? Ona görə ki, Cəmil Həsənli Milli Məclisə gedib. Bəs Əli Kərimli, Cəmil Həsənli heç bir yazılı öhdəlik götürməmişdi ki, o parlamentə getməyəcək. Amma sən bütün Azərbaycan xalqının, bütün siyasi partiyaların qarşısında 2000–ci ildə yazılı öhdəlik götürdün ki, mən parlamentə getməyəcəm. Və sənin də bu sözünə inanıb Lalə Şövkət, Mirmahmud Fəttayev həmin sənədə imza atdılar. Sonra onlar da öz imzalarından imtina edə bilmədilər. Azərbaycan xalqından utandılar, çəkindilər, ayıb etdilər. Amma bu, getdi oturdu parlamentin iclasında. İndi bu işi sən özün edə-edə nə haqla Cəmil Həsənlini partiyadan çıxarırsan?

Çoxu elə bilir ki, Əli Kərimlidən ayrılmaqların kökündə hansısa siyasi maraqlar ola bilər.

Mən özüm elə bir faktı deyim. Bir dəfə yaxın adamlardan biri partiyaya yardım məqəsədilə mənə 3500 dollar vermişdi. Mən də bildirdim ki, maliyyə məsələrilə bağlı partiyanın sədri sərəncam verir. Vəsaiti Əli Kərimliyə verdim. O da pulu alıb arxa cibinə qoydu. Üstündən bir neçə dəqiqə keçdi , biz onunla söhbətimizi davam etdirirdik , birdən Əlimməmməd Nuriyev içəri girdi. Və bundan vəsait istədi. Deməyəcəyəm nə məqsədlə istədi, amma onun buna çox böyük ehtiyacı vardı. Mənim yanımda Əli Kərimli ailə üzvülərinin canına and içdi ki, bəs mənim özümün də vəziyyətim pisdir, məndə pul yoxdur.

O zaman mənim içimdən ona qarşı elə bir şey qırıldı ki... Gördüm, yalanı məharətlə deyir. Mən utandığımdan Əliməmməd Nuriyevin yanında deyə bilmədim ki, axı indicə mən sənə pul vermişəm. Onun yalan danışanda sifətinin rəngi də dəyişməmişdi. Onun əvəzindən mən qızarmışdım. Mən çölə çıxanda Əliməmməd Nuriyevə dedim ki, axı mən indicə ona pul gətirib verdim. O, şoka düşdü. Bax, belə olur ki, insanlar ondan uzaqlaşır.

Bu, xırda bir detaldır. O, dostlarına münasibətdə bu qədər qeyri-səmimi olub. Mən elə buna görə də onun bank məsələləri ilə bağlı danışdım. Başqasının pulunu saymaq mənim işim deyil. Mənim indi də onun yanında olan bəzi köhnədən tanıdığım insanlarla təmaslarım qalıb. Məsələn, biri ilə söhbət edirdim , mənə dedi ki, o maşının kredit pulunu cəbhəçilərdən yığır. Şahin Həsənli adında biri uşaqlardan pul yığır. Mən güləndə dedi ki, niyə gülürsən. Dedim, siz onu hələ tanımırsınız. Mənim üçün artıq onun belə halı adi bir şeydir. Sadəcə, ona görə açıqladım ki, qoy onun pul yığdığı cəbhəçilər bilsin ki, bu adamın bu qədər imkanları ola-ola pul yığır.

Həmin adam mənə deyir ki, biz buna deyirik ki, a kişi sən cəbhəçinin axırıncı manatına şərik olursan. Və sən heç bir vicdan əzabı çəkmirsən. Bir az ucuz maşın alardın onun krediti də az olardı. Deyib ki, `yox, maşın prestij məsləsidir`. İndi siz baxın belə bir dəyərlərə sahib olan insanlar yenidən gəlib Azərbaycanda hakimiyyətdə otursunlar. Onlar Azərbaycanda bu dövləti, hakimiyyəti necə idarə edəcəklər? Ona görə də biz bu barədə danışırıq. Və kim necə başa düşür düşsün, mən daxilən həmişə inandığım məsələrdən danışmışam. Və indi də o barədə danışmağı özümə borc bilirəm.


Böyük Azərbaycan:

- Salam Qüdrət muəllim. Mənim sizə belə bir sualım var. Siz deyirsiniz ki, Qarabağın azadlığı uğrunda mübarizə aparmaq üçün Rusiya ilə dil tapmalıyıq və yaxud da Azərbaycan Gömrük, Avrasiya ittifaqina daxil ola bilər. Rusiya ilə danışıq aparmağı başa düşmək olar, bəs Gömrük ittifaqına, Avrasiya ittifaqına daxil olmaq köhnə SSRİ-nin bərpası demək deyil?



- Güman etmirəm. Xatırlayırsınızsa biz o vaxtlara MDB–yə daxil olmadıq. O zaman fikirləşirdik ki, MDB-nin yaranması yenidən SSRİ-nin başqa ad altında bərpası deməkdir. Nəticədə bir çox problemlərlə üz-üzə gəldik. Sonra mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldi. Azərbaycan MDB-yə daxil oldu. Amma biz elə də çox şey itirmədik. Amma həmin dövrdə Rusiyanın bizə qarşı təzyiqlərini bir az səngitdik. Hazırda SSRİ-nin bərpası mümkünsüz bir məsələdir . Mən hesab edirəm ki, Qarabağın azad olunması və yenidən müharibənin başlanmaması naminə biz buna gedə bilərik. Amma Rusiya ilə danışıqlar baş tutmasa , hətta biz təklif etsəydik ki, Gömrük ittifaqına giririk, Kollektiv Təhlükəsizlik müqaviləsini bağlayırıq, Rusiya yenə də buna razılıq verməsə, o zaman biz müharibə etməliyik. Seçki platformamda peşəkar ordunun yaranması əsas yer tutur. Və Neft Fondunda toplanan vəsaitin 80%-i getməlidir yeni silahların alınmasına və peşəkar ordunun qurulmasına. Biz çoxlu pul xərcləməliyik ki, müharibədə az itki verək. Və qələbəni təmin edək. İdeoloji iş qurulmalıdır. Beynəlxalq təşkilatlar və dövlətlərlə iş aparılmalıdr. Buna paralel olaraq Ermənistanla danışmağın heç bir mənası yoxdur. Rusiya ilə danışıqlar aparılmalıdır.

Əkbər:
- Nədən siyasətə gəldiniz? Nə vaxt siyasətdən gedəcəksiniz?



- Bu, şəraitdən aslıdır. Məni şərait siyasətə gətirdi, əslində mənim uşaqlıq arzum ölüm işlərinin istintaqını aparan müstəntiq olmaq idi. Buna görə də, mən universiteti qurtarandan sonra prokurorluq orqanlarında çalışmışam. Prokurorluqda işlədiyim dövrdə o zamankı arici iqtisadi əlaqələr nazirinə qarşı cinayət işi qaldırmışdım. O işin istintaqını mən aparırdım.

Dövlət katibi Əli Kərimlini tələbəlik illərindən tanıyırdım. Ona müraciət etdim ki, belə bir fakt var. Siyavuş Mustafayev də həmin vaxt Naxçıvan daxili işlər nazirinin müavini idi. Onun bibisi oğlunun “kamaz” maşını ilə Qala qəsəbəsində neft sənayəsində istifadə təzə generatorları yandırıb, onun mis məftillərini satmaq üçün əritmişdilər. Guya Ukraynadan gəlib Azərbaycan üzərindən keçib Türkiyəyə gedir. Belə, deyək, `tullantı` adı ilə. Saxta lisenziyanı ona nazir Rauf Qarayev vermişdi.

Həmin o işin istintaqında mən Əli Kərimliyə dedim baxın, firmanın direktorunun səsini də yazmışam. Orada qeyd olunurdu ki, Rauf Qarayevdən lisenziyanı almaq üçün nə qədər rüşvət verib. Əli Kərimli dedi ki, sən bir rayonun müstəntiqisən, bu cür cinayətkarlara qarşı mübarizə apara bilməyəcəksən, yaxşı olar ki, sən Bakıya gələsən, mənə köməkçi vəzifəsində işləyəsən. Bizim səninlə yaxın münasibətimiz var. Mənim də köməkçiyə ehtiyacım var. Mən sənə buradan qısa müddət ərzində təqdimat verərəm, daha yüksək vəzifəyə gedərsən ki, cinayətkarlığa qarşı effektli mübarizəni təşkil edə biləsən.

Sonradan bəlli oldu ki, sən demə onun bibisioğlu, yadınızdadırsa, 2000-ci ildə stəkan tullayan Fuad Mustafayev ilə həmin o Rauf Qarayev yaxın qohum imişlər. Onu Fazil Mustafayevə müavin gətirmək istəyirmiş. Rauf Qarayev, Fuad Mustafayev də `yurdçu` idilər. İşi məndən almaq üçün çəkir yanına gətirir, mən onun yanında oluram və daha bu məsələni qabartmıram. Məqsəd budur ki, öz komandasının naziri olan Rauf Qarayevi qorusun, həm də Fuad Mustafayevi Fazil Mustafayevin yanına gətirsin.


Əkbər:

- Mitinqinizə gətirilən azyaşlılara nə üçün nağıl danışmadınız? Məncə o zaman daha çox səs toplaya bilərdiniz.
- Mən artıq bu məsələ ilə bağlı fikrimi bildirmişəm. Bu sualı verənin özü də yəqin ki, həmin o lenti çəkənlərdən birdir.



Əkbər:

- Debatda nümayiş etdirdiyiniz diplomları prezident seçilsəniz hansı muzeyə verməyi düşünürsünüz?

- Şəxsi arxivimdə qalcaq. Mənim onları heç bir muzeyə vermək fikrim yoxdur. Sadəcə olaraq bir şəxsin ünvanına ittihamlar səslənirsə, cavab vermək onun borcudur.




İsmayıl:

- Qüdrət bəy siz doğru yoldasınız. Azərbaycan dövlətinin və xalqının sizin tutduğunuz kursa böyuk ehtiyacı var. Tutduğunuz yolda uğurlar. İndi isə bir sualım var. Heç bir yerdə işləməyən, Azərbaycanda lüks həyat sürən, ailə üzvilərini London kimi bahalı bir şəhərdə yaşadıb, həm də təhsilini təmin edə bilərmi? Söhbət Əli Kərimlidən gedir.



- Bu suallara Cəmil Həsənli cavab versə yaxşı olar. Sən başqalarından hesabat tələb edirsənsə, Cəmil Həsənli, elə öz yanında olan Əli Kərimlidən də hesabat tələb et. De ki, Əli Kərimli hansı vəsait hesabına yaşayır və oğlunu universitetdə oxudur və s.

Adil:

- Sən Əli bəyin yanında olanda niyə bu sözləri ona demirdin? Heç debatdan sonra evə gedəndə vicdan əzabı çəkirsən?



- Əli Kərimlinin yanında olduğum vaxt onu bir çox yalnış qərarlardan çəkindirən şəxslərdən biri olmuşam. Və ikilikdə söhbətlərimiz zamanı da ona çoxlu sayda irad və fikirlərimi bildirirdim. O baxımdan vicdanım qarşısında həmişə rahatam. Sadəcə olaraq Əli Kərimli ilə yollarımız ayrılandan sonra bəzi məsələləri ikilikdə yox, ictimaiyyət qarşısnda ünvanlayıram ki, ictimaiyyət də onu yaxşı tanısın.

Ceyhun:

- Salam, Qüdrət bəy, Sarkisyan deyib ki, `siz müharibəyə başlasanız toqpaqlarınızın 20 faizini yox, 25 faizini, bəlkə daha şox hissəsini itirə bilərsiniz`. Bir yandan da Əlikram Hümbətov İrəvanda Azərbaycanı təhdid etmisdi. Fikrinizcə, vətənimizə qarşı növbəti təxribatlar hazırlanırmı? Bunun üçün nə etmək lazımdır? Nəzərə alaq ki, itirə-itirə bu günə gəlib çıxmışıq.



- İlk növbədə güclü ordu, güclü dövlət qurmaq lazımdır. Dövlət daxildən dayanıqlı olmalıdr. Dövlət ilə vətəndaşlar arasında bir anlaşma olmalıdır. Və dövlətin güclü beynalxalq əlaqələri və müttəfiqləri olmalıdır. Biz bunu edəcəyik. İlk növbədə özümüzə güvənməliyik. Arxasınca isə dediyim kimi, çox çevik xarici siyasət yürüdəcəyik.

Beynəlxalq təşkilatların da dəstəyini almaq lazımdır. Amma bu dəstəyi almaq çox çətindir. Ona görə ki, İslama qarşı dünyada xristian həmrəyliyi mövcuddur. Biz buddist olsaydıq, bəlkə də bizə qarşı bir az yumşaq münasibət olardı. Amma Avropada, ABŞ-da həm də islamafobiya var. Onlar müsəlman görəndə sanki terrrorist görürlər. Bu baxımdan da, beynəlxalq təşkilatları əsas yönləndirən onların siyasi kursunu müəyyənləşdirən Amerika və Qərbi Avropa ölkələridir. Biz onalarla ciddi, intensiv, yorulmadan işləməliyik. Ruhdan düşməməliyik. Ona görə ki, dünyanın siyasətini onlar müəyyənləşdirir. Amma ən əsası isə, biz ordumuzu qurmalıyıq. Və Ermənistanı inandırmalıyıq ki, kimin onları müdafi etməsindən aslı olmayraq, torpaqlarımız uğrunda savaşa başlayacağıq.

Biz platformamızda nəzərdə tutmuşuq ki, 2015–ci ilə qədər Qarabağı azad edək. Mən söyləmişəm ki, erməni dilində televiziya açmalıyıq. Bu məsələni vaxtında çox qaldırmışam. Biz ilkin dövr üçün Dağlıq Qarabağ və ətraf rayonların bərpasına 10 milyard dollar vəsait ayırmalıyıq. Dağlıq Qarabağa hansı statusu verəcəyiksə , statusu və konstitutsiyasını hazırlayıb beynəlxalq ictimaiyyətə təqdim etməliyik. Bundan sonra da ermənilərə başa salmalıyıq ki, aqressiv siyasətdən imtina etməsəniz sizi çox böyük fəlakət gözləyir. Nəinki Qarabağda ,Yeravanın özündə daş daş üstündə qalmayacaq. Onda onların havadarları da deyəcəklər ki, bizim sizə köməyimiz kifayət etməyəcək ki, sizi qoruya bilməyəcəyik. Ona görə də, Azərbaycanla dil tapmalısınız, işğal etdiyiniz torpaqları azad etməlisiniz.

Dərdli:

- Qüdrət müəllim, zəhmət olmasa deyin - Teledebatda İlham Əliyevin vəkili olduğu halda, qalan 8 namizəd niyə onun vəkili kimi çıxış edir, öz görmək istədikləri işlərdən söz açmırlar? İlham Əliyevin vəkilləri kifayət qədər savadlıdırlar və sizlərin dəstəyinə ehtiyacı yoxdur.



- Mən buna artıq cavab vermişəm ki, orada seçki platformam haqqında məlumat vermişəm. Və paralel olaraq da mənim elektoratımın səsinə iddialı olan Cəmil Həsənliyə suallar ünvanlamışam. İlham Əliyevin vəkili olmamışam. Vəkil olmağa daha layiq Cəmil Həsənlinin özü ola bilər. Ona görə ki, İlham və Heydər Əliyevlə bağlı kitabları mən yazmamışam. O kitabaları Cəmil Həsənli yazıb. Mən göstərmişəm ki, onlar sadəcə olaraq, kariyeristdirlər. Yeri gələndə İlham və Heydər Əliyev haqqında kitab yaza bilərlər, sabah onların maraqlarına toxunanada eyni müvəffəqiyyətlə də onun əleyhinə çıxış edə bilərlər. Mən çıxışlarımda İlham Əliyevi nə müdafiə etmişəm, nə də ki, tərifləmişəm. Amma ölkəni gözləyəcək təhlükələr barədə danışmışam.

Lalə:

- Qüdrət bəy, BAXCP-nin 2015-ci il deputat seçkilərində gözləntiləri nədir? Yenə də sizin partiya 1 nəfərlə parlamentə düşəcək? BAXCP-dən daha çox kimlərin parlamentdə təmsil olunmasını istəyirsiniz?



- Bizdə çox intelektli insanlar var ki, respublika miqyasında tanınır. Biz indi bütün diqqətimizi yönəltmişik bu seçkilərə və qələbə uğrunda mübarizə aparırıq. Bundan sonra isə partiyamız növbəti parlament seçkilərinə hazırlaşacaq. Əminəm ki, parlamentdə bizim partiya layiqincə təmsil olunacaq.

Kamil, QHT sədri:

- Qüdrət müəllim, Qafqazda Azərbaycan yeganə ölkədir ki, parlamentində müxalifət fraksiyası yoxdur. Hətta düşmənimiz Ermənistanda müxalifətin parlamentdə çox saylı fraksiyaları var. Bu vəziyyətlə bağlı fikirlərinizi bilmək istərdim.



- Biz parlamentli respublikaya ona görə keçid tələb edirdik ki, o halda çoxpartiyalı sistem inkişaf edər. Amma sual verən haqlıdır ki, Cənubi Qafqazda biz bu məsələdə çox geridə qalırıq. Bizdə nəinki, müxalifyönlü partiya, hətta iqtidarı dəstəkləyən partiyalar belə milli məclisin idarə olunmasında iştirak etmirlər. Nə komitə sədri, nə də ki, vitse-spiker səviyyəsində. Düşünürəm ki, biz bu vəziyyəti aradan qaldıracağıq.

Sahib:

- Qüdrət bəy salam. Sizcə, MSK Əli Əliyevi niyə qeydiyyata almadı?



- Bu barədə konkret fikir deyə bilmərəm. MSK bildirib ki, o, lazımı qədər imza toplaya bilməyib. Amma istəyərdim ki, Əli Əliyev də bu kampaniyaya qatılsın.

Əli Adiloğlu:

- Qüdrət bəy, çoxlari sizi 20 ildən sonra anlayacaqlar. Sizə uğurlar diləyirəm.

- Təşəkkür edirəm.


Aliyə:

- Qüdrət muəllim, prezident olanda biologiya muəllimlərinin maaşını artıracaqsınız?



- Təhsillə bağlı siaysətimiz ona yönəlib ki, bütün dövlət universitetləri, xüsusi təyinatlı akademiyalar istisna olmaqla, özəlləşdiriləcək. Və valideyni təhsil haqqı ödəyə bilməyən tələbələrə isə 25 il müddətinə 1 faizli təhsil krediti veriləcək. Və universitetlərə büdcədən ayrılan vəsait, üstəgəl universitetlərin özünün gəlirləri müəllimlərinin maaşlarının artmasına sərf ediləcək. Hesablamalarımıza görə, bu yol ilə müəllimlərin ilkin dövr üçün maaşını 600 manat, sonra isə 1000 manat və daha yuxarı edə biləcəyik. Universitet müəllimləri isə, mən hesablayıram ki, professorlar, elmlər doktorları 10-15 min aylıq məvacib alacaq.


İntizam müəllim:

- Qüdrət müəllim, siz Cənubi Azərbaycan-Şimali Azərbaycan məsələsini gündəmdə saxlayırsınız. Mən başa düşə bilmirəm, hər işimiz düzəlib, qalıb o tay Azərbaycanımız? Qarabağı al, qalsın sənin o tayın.



- Biz İranın Ermənistana olan dəstəyinin qarşısını almaq üçün mütləq Cənubi Azərbaycan məsələsinə diqqət yetirməliyik. Onlar bizim qardaş-bacılarımızdır. Onların taleyinə biganə qalmamalıyıq. Əlbəttə, bu gün İrana münasibətdə beynəlxalq hüquqa zidd hər hansı davranış sərgiləmirik. Amma, insan haqları və hüquqları məsələsi heç bir dövlətin daxili işi deyil. Mənim bu məsləyə diqqət ayrımağım milli mənafeyə cavab verən bir mövqedir.

Qüdrətli:

- Qüdrət bəy, ilk olaraq hesab edirəm ki, sizə gələn sualların sayı sizin populyarlığın və ictimai şəxs kimi maraqlı olmanızın göstəricisidir. Açığı, suallara cavabınızı səbirsizlklə gözləyəcəyəm.
Bilmək istərdim, iqtidardan sizə vəzifə təklif olsa razılaşarsınızmı?



- Belə bir təklif gözləmirəm. Belə bir təklif olsa, müzakirə edərik. Hazırda seçkiyə hazırlaşırıq.

Qəlbinur Biləsuvarlı:

- Qüdrət müəllim, sizin prezident seçilməyəcəyiniz sizə də, xalqa da məlumdur. Reallıq budur ki, xalq sabitliyi, sakitliyi - İlham Əliyevi seçib. Bilmək istərdim ki, ləyaqətli və vicdanlı siyasət adamı olaraq seçkidən sonra xalqın seçiminə - İlham Əliyevə dövlətçilk və xalq naminə hansı dəstəyi və köməyi etməyi düşünürsünüz?



- Əvvəla, mən birinci dəfə deyil ki, seçkilərə qatılıram və 2003-cü ildə mən seçkilərə qatılmışdım. O zaman İlham Əliyevi seçkilərdən sonra ilk təbrik edən mən olmuşdum. Bu, Azərbaycanda yeni bir ənənənin qoyulması kimi də qəbul olunmuşdu. Düşünürəm ki, biz milli qüvvə olduğumuz üçün fəaliyyətimizin özü İlham Əliyevə dəstəkdir, yəni prezident bütün milləti, dövləti təmsil etdiyinə görə, milli mövqedə dayanan istənilən partiyanın fəaliyyəti həm də prezidentə dəstəkdir. Xüsusilə də bizim kimi təhdid olunan ölkələrdə. O baxımdan, xüsusi bir dəstəkdən söhbət gedə bilməz. Amma yenə də deyirəm, milli məsələlərdə hər zaman sözümüz demişik. Necə ki, Rusiya Milli Şura məsələsini ortaya atanda onu ilk ifşa edən bizim partiya olub.


Vətəndaş:
- Sizə sıravi bir vətəndaş, amma normal şüurlu biri nə vaxtsa sevgisini bircə dəfə səmimi ifadə edibmi?



- Mənə kifayət qədər rəğbətlə yanaşan insanlar var. Partiyaya üzv olanların rəğbəti və hörməti olmasa, üzv olmazlar. Millət vəkili seçilmişəm, mənə səs veriblər, 40 min imzanın yığılması üçün səs veriblər.
Yəni psixi qüsuru olmayan insanlar sual verməzdən öncə gərək düşünələr ki, bu sualda məntiq var, ya yox. Bizim bir Mamed Xələfov var idi. O, uzun illər hüquq fakültəsinin dekanı olmuşdur. O deyirdi, `mən tələbənin verdiyi sualdan bilik səviyyəsini müəyyənləşdirirəm`. Həmin sözlər bu sualı verənə də aiddir.

İslahatçı:

- Qüdrət bəy, ölkədə 3 AXCP ola-ola partiyanızın `birləşmiş` adını daşımasında məntiq görürsünüzmü?



- Bu ad məsələsində beynəlxalq təşkilatlar, xarici ölkə səfirlikləri hökumətə təzyiq etdilər. Hökumət də bizə görə onlarla üz-üzə gəlməyəcəkdi ki... Ona görə də, bu adı saxladılar Əli Kərimlinin AXC-sində, biz də Elçibəyin digər təşkilatının adını götürdük . `Bütöv` deyəndə, bu, təkcə xalq cəbhəsinə aid olan məsələ deyil. Azərbaycana aid olan məsələdir. O vaxt biz birləşmə ideyası ilə çıxış etdik. Çox təəssüf ki, Əli Kərimli və Mirmahmud Mirəlioğlu son anda bu ideyadan qaçdılar. Öz tərəfdarları ilə birləşməyə qoşulmadılar. Ona görə də, bu, partiyanın bütövlüyünü yox, Azərbaycanın bütövlüyünü ehtiva edir.

YAP üzvü:

- Qüdrət müəllim, debatlardan sonra evə gedəndə daxilən narahatlıq keçirmirsiniz ki?

- Heç bir narahatçılıq keçirmirəm. Hesab edirəm ki, debatlarda maksimum dərəcə də doğru olmağa çalışım. Və kimsə də mənə deyə bilməz ki, qərəzli, etikadan kənar mövqe sərgiləmişəm ki, buna görə də vicdanım qarşısında narahatçılıq keçirim. Hətta Cəmil Həsənliyə verdiyim suallar da yumşaq suallardır. Halbuki, haqqım , imkanım da var ki, ona daha ciddi suallar irəli sürüm. Cəmil Həsənli də bilir ki, mən ona verə biləcəyim suallarım çox böyük bir qismini vermirəm. Özü də indikindən daha sərt suallar.

Qüdrətin yerlisi:

- Özünüzü Azərbaycan üçün azacıq da olsa əhəmiyyətli insan hesab edirsinizmi, bir siyasətçi və vətəndaş kimi? Mövqeyinizin üçün xalq qarşısında məsuliyyət daşıdığınızı bilirsinizmi?

- Birmənalı şəkildə.

Şahanə RƏHİMLİ
Elnur Muxtar

Teqlər: