Mazoxist “lider” və qırmızı kartlar – TƏHLİL

Mazoxist “lider” və qırmızı kartlar – TƏHLİL
  14 Aprel 2018    Oxunub:29112
Milli Şuranın bugünkü mitinqi nəzəri cəhətdən seçkinin nəticələrinə etiraz aksiyası olmalı idi. Amma təm tərsi oldu: bu mitinqin əvvəlkilərdən daha zəif alınması sübut etdi ki, əksinədir. Riyaziyyatda buna “Əksini fərz etməklə isbat” deyirlər. Yəni, əgər bu gün meydanda olan nanokütlə cəmiyyətin hakimiyyətdən narazı qismi idisə, demək, hər şey düzdür, seçkinin nəticələri həqiqətən də real qüvvələr nisbətini əks etdirib.
Müqayisəni başqa cür də aparmaq olar. Aprelin 11-də YAP qələbəsini qeyd etmək üçün konsert düzənləmişdi. Həmin konsertə insanları cəlb etmək üçün heç bir xüsusi təbliğat aparılmamışdı, cəmiyyətə çağırışlar edilməmişdi. Buna baxmayaraq, Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanların sayını “Məhsul” stadionuna gələnlərlə hətta müqayisə etmək də mümkün deyil. Müxalifətin tərəfdarlarından kimsə deyə bilər ki, anologiya düz deyil, çünki YAP konsert verirdi. Bilirsinizmi, cənablar, əslində iki meydanı müqayisə edəndə aşkar görünür ki, konserti verən müxalifətdir, YAP isə gücünü və miqyasını yüngülvari göstərirdi!

Ümumiyyətlə, əgər dünyada öz ölkəsinin hakimiyyəti üçün ən əlverişli müxalifətlərin siyahısı tutulsaydı, heç şübhəsiz ki, birinci yerdə Əli Kərimli və onun radikallar dəstəsi gələrdilər. Çünki hər dəfə aksiya keçirmək üçün toplaşıb, stadionun hətta yarısını belə, doldura bilməməklə “Karimli and Co” iqtidarın nə qədər güclü və nüfuzlu olduğunu sübut edir. Seçkinin nəticəsinə şübhə ilə yanaşan istənilən beynəlxalq müşahidəçiyə heç nə yox, sadəcə, bugünkü mitinqin yuxarıdan çəkilmiş şəkillərini göstərmək bəs edər. ATƏT-in DTİHB-na əks arqument lazımdır? Buyurun! Siz seçkidən narazı olanları səsvermənin nəticələrinə etiraz etmək üçün keçirilən mitinqdə görürsünüz. Eynəyinizi silin və baxın!



Prezident İlham Əliyev xarici jurnalistlərə verdiyi müsahibələrdə bir neçə dəfə bu arqumenti səsləndirib ki, biz şəhərin mərkəzində, metronun yaxınlığında müxalifət üçün yer ayırırıq, onlara heç bir əngəl törətmirik, amma aksiyalara gələn olmur. Seçkidən sonra bu arqument xüsusi bir məna kəsb edir. Axı mitinqdə çıxış edənlərin səsləndirdikləri əsas fikirlərdən biri bu idi ki, seçki saxtalaşdırılıb, səslər oğurlanıb... Yaxşı, oğurlanıbsa, bəs hanı o “oğurlanmış” səslərin sahibləri? Niyə oğuranmış səslərini müdafiə etmək, bülletendə ifadə etdikləri iradələrini təsdiqləmək üçün meydana toplaşmayıblar?! Çox sadə səbəbə görə: Çünki onlar yoxdurlar.



Əli Kərimlinin kim olması, nə olması, oriyentasiyasının necəliyi ilə heç bir işimiz yoxdur, amma bir şey artıq heç bir şübhə doğurmur: bu adam mazoxistdir. Axı mitinqə toplaşanların getdikcə azalan dinamikasına baxanda anlamaq çətin deyil ki, hər dəfə sayca daha az, məzmunca daha cılız aksiya alınacaq. Hər dəfə müxalifət özünün gücsüzlüyünü, zəifliyini, acizliyini, hakimiyyətin isə əksinə, qüdrətini daha aşkar nümayiş etdirəcək. Bir siyasi lider normal halda bunu niyə istəsin ki?!

Sanki, Kərimli özünün acizliyini, zəifliyini, qarşı tərəfin isə əksinə, gücünü hiss etməkdən zövq alır. Bu, tipik mazoxizm əlamətidir. Çünki normal halda heç bir normal insan özünün məğlub, aciz durumda olduğunu nümayiş etdirməyə həvəs göstərimir. Əksinə, mümkün qədər bundan qaçmağa çalışır. Əgər bunu etməyə məcbur deyilsə, yaxud, mitinqlərin təşkilindən maliyyə qazancı güdmürsə, onda böyük ehtimalla, Kərimlinin psixikasında mazixozmə meyillik var. Hər halda, onun nümayiş etdirdiyi davranışa başqa bir izahat tapmaq mümkün deyil.



Budəfəki mitinqə toplaşanların qaldırdıqları qırmızı kartlar isə çox simvolik görünürdülər. Çünki xalq iqtidara seçkidə yaşıl işığı yandırıb; Qırmızı kartı qaldıranların isə qarşısında Əli Kərimli vardı. Stadionda qırmızı kart görməyin bir mənası var: Oyunu tərk etməlisən! Əli Kərimli də stadionda idi və qarşısında xeyli qırmızı kartlar görürdü. Qaldı nəticə çıxarmağı...

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Mitinq   Milli-Şura  





Xəbər lenti