AZƏRTAC-ın sədrlik etdiyi təşkilat əməkdaşlığını genişləndirir

AZƏRTAC-ın sədrlik etdiyi təşkilat əməkdaşlığını genişləndirir
  12 Aprel 2018    Oxunub:1297
Beynəlxalq platforma olan Tolerantlıq və Sülh üzrə Qlobal Şura AZƏRTAC-ın sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb.
AzVision.az xəbər verir ki, bununla bağlı müzakirələr AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun Şuranın ümumi işlər üzrə müdiri, Livanın “əl-Cümhuriyyə” qəzetinin redaktoru Marlen Vehbe və Əlcəzairin “Nahar TV” telekanalının əməkdaşı Cəmaləddin Buşa ilə görüşündə aparılıb.

Bakıya Azərbaycan Prezidenti seçkilərini müşahidə etmək üçün gəldiklərini deyən Marlen Vehbe səsvermənin demokratik və şəffaf keçdiyinin şahidi olduqlarını bildirib. O qeyd edib ki, Azərbaycan tolerantlıq və sülh ideyalarının təşviqi istiqamətində mühüm işlər həyata keçirir və bununla bağlı Şura ölkəmizlə sıx əlaqələr qurmaq istəyir. “Biz AZƏRTAC-ın sədrlik etdiyi OANA ilə əməkdaşlıq sazişi imzalamaqda maraqlıyıq. Düşünürük ki, AZƏRTAC və OANA-nın geniş imkanlarından istifadə etməklə tolerantlıq və sülh ideyalarını daha geniş yaya bilərik”, - deyə Marlen Vehbe vurğulayıb.

Dünyanın bir çox nüfuzlu media nümayəndələrinin Azərbaycanda keçirilən prezident seçkilərini izlədiyini deyən İdarə Heyətinin sədri Aslan Aslanov xarici mətbuatın səsverməyə, onun nəticələrinə böyük maraq göstərdiyini və bu haqda obyektiv məlumatlar yaydığını qeyd edib. Bildirilib ki, AZƏRTAC 2016-cı ildən OANA-ya rəhbərlik edir və ötən müddət ərzində 40-dan çox üzv agentliyin informasiyalarının daha geniş auditoriyaya çatdırılması üçün bir sıra addımlar atılıb. AZƏRTAC, həmçinin 100-dən çox xəbər agentliyini öz ətrafında birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edir. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub və Tolerantlıq və Sülh üzrə Qlobal Şura ilə də sıx əlaqələr yaratmağa hazırdır.

“Nahar TV”nin əməkdaşı Cəmaləddin Buşa təmsil etdiyi telekanalın AZƏRTAC ilə əməkdaşlıqda maraqlı olduğunu deyərək bildirib ki, teleşirkət Azərbaycanın sosial-iqtisadi inkişafı, mədəniyyəti və tarixi barədə reportajlar hazırlamağı planlaşdırır.

Tolerantlıq və Sülh üzrə Qlobal Şura 2017-ci il noyabrın 2-də Maltada təsis edilib. Şuranın yaradılmasında məqsəd tolerantlıq və sülh mədəniyyətini təşviq etmək, diskriminasiyaya, dini ayrı-seçkiliyə, millətçiliyə qarşı mübarizə aparmaq, sülhə nail olmaq üçün tolerantlıq prinsiplərinin gücləndirilməsi məqsədilə beynəlxalq hüquq normalarını təkmilləşdirməkdir. Şura bu istiqamətlərdə BMT və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

AzVision.az


Teqlər: OANA   AzərTac  





Xəbər lenti