2 milyona yaxın seçici ilə görüş keçirilib

2 milyona yaxın seçici ilə görüş keçirilib
  06 Oktyabr 2013    Oxunub:930
Azərbaycanın hakim partiyası təşviqat dövründə 2 milyona yaxın seçici ilə görüş keçirib.
Təbliğat-təşviqat kampaniyası artıq başa çatmaq üzrədir. Bütövlükdə, hesab edirəm ki, kampaniya fəallıq şəraitində, o cümlədən seçicilərin yüksək diqqəti fonunda davam edir.Onu da qeyd etməliyəm ki, bu dəyərləndirməni seçki kampaniyasında iştirak edən bütün siyasi partiyalara və namizədlərə şamil etmək olmaz. AzVsison.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində partiyanın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, ilk növbədə, Yeni Azərbaycan Partiyasının seçki kampaniyasında böyük fəallıq müşahidə edilib: "YAP-ın seçki kampaniyası zamanı bu günə qədər Azərbaycanın bütün bölgələrini əhatə edən 2 minə qədər görüş keçirilib. Görüşlərdə 2 milyona yaxın seçici iştirak edib. Bütövlükdə, partiyamızın seçki kampaniyası çoxşaxəli olmaq etibarilə ölkəmizin hər bir bölgəsini, hər bir yaşayış məntəqəsini əhatə edir. Bu prosesdə cəmiyyətin bütün təbəqələrindən olan insanlar - ziyalılar, ayrı-ayrı sahələrdə mühüm uğurlara imza atmış şəxslər, elm xadimləri, millət vəkilləri və s. iştirak edirlər".

YAP rəsmisinin sözlərinə görə, ola bilsin ki, hansısa siyasi partiyalar və ya namizədlər öz təbliğatlarını lazımi səviyyədə qura bilməyiblər, yaxud seçki kampaniyasına ciddi hazırlaşmayıblar: "O səbəbdən onların seçki kampaniyası olduqca sönük və passiv görünür. Bütövlükdə, Yeni Azərbaycan Partiyasının keçirdiyi görüşlərin əhatə dairəsini, oradakı seçici sayını bununla müqayisə etdikdə böyük bir fərq ortaya çıxır. Bu da ondan irəli gəlir ki, əvvəla, Yeni Azərbaycan Partiyası seçki kampaniyasına kifayət qədər ciddi hazırlaşıb, məhz bunun sayəsində fəal seçki kampaniyası aparılır, digər tərəfdən, Azərbaycan vətəndaşları YAP-ın seçki kampaniyasına çox diqqətlə və həssaslıqla yanaşırlar. Bunun əsasında isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə edilən uğurlar və gələcəkdə Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edəcəyinə olan inam dayanır".


Teqlər:  





Xəbər lenti