Bu gün Azərbaycanda prezident seçkiləridir

Bu gün Azərbaycanda prezident seçkiləridir
  11 Aprel 2018    Oxunub:2638
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
AzVision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri izləmək üçün MSK-da 894 beynəlxalq müşahidəçi (60 təşkilat, 59 ölkə) qeydiyyatdan keçib. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

“Els" Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində "exit-poll" keçirəcək.

MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00) ilkin məlumatları açıqlayacaq.

Prezident seçkilərində səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var və onlardan 50.78 faizini qadınlar, 49.22 faizini isə kişilər təşkil edir.

Qeyd edək ki, 11 aprel Azərbaycanda qeyri-iş günüdür.

AzVision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti