`Qələbənin təməlində düşünülmüş dövlət siyasəti durur`

`Qələbənin təməlində düşünülmüş dövlət siyasəti durur`
  05 Oktyabr 2013    Oxunub:1212
İdmançılarımızı qələbələrə aparan məhz Vətən sevgisidir

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb.

İdmançılarımızı III İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib:

"Əziz idmançılar, əziz dostlar. Mən sizin hamınızı səmimiyyətlə salamlayıram və əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbaycanı ləyaqətlə təmsil etmisiniz. İslam Həmrəyliyi Oyunlarında bizim komandamız böyük nəticələr əldə etmişdir, 24 medal qazanıb, onlardan 6-sı qızıl medaldır. Bu, çox gözəl göstəricidir, böyük qələbəmiz, böyük uğurumuzdur. Bu qələbə bir daha onu göstərir ki, Azərbaycan idman dövlətidir, idman sürətlə inkişaf edir və qələbələrimizin səbəbləri məhz dövlət siyasətinin güclü olmasındadır".

Prezident bildirib ki, dövlət siyasəti, idmana rəhbərlik edən qurumların birgə fəaliyyəti - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir məqsədə qulluq edirlər ki, Azərbaycan özünü dünyada, idman aləmində ləyaqətlə təmsil etsin, Azərbaycanda idman inkişaf etsin və uğurlarımızın sayı artsın. İslam Həmrəyliyi Oyunları müsəlman aləmində çox əlamətdar bir hadisədir. Əlbəttə ki, bu, idman yarışıdır və böyük idman yarışıdır, eyni zamanda, bu oyunlar İslam həmrəyliyini gücləndirən bir amildir:

"Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, İslam həmrəyliyi üçün də öz səylərini göstərir, öz töhfəsini verir. Bilirsiniz ki, İslam həmrəyliyini gücləndirmək üçün ölkəmizdə müxtəlif tədbirlər keçirilir. 2009-cu ildə Bakı şəhəri "İslam mədəniyyətinin paytaxtı" elan edilmişdir, 2018-ci ildə bu şərəfli missiya Naxçıvan şəhərinin payına düşür. Bu məsələləri mən İslam Həmrəyliyi Oyunlarının keçirilməsi zamanı videomüraciətimdə də ifadə etmişəm. Beləliklə, bu oyunların hesab edirəm ki, nəinki idman sahəsində, bütövlükdə müsəlman aləminin birləşməsində müsbət rolu vardır. Ancaq, eyni zamanda, əlbəttə ki, bu, idman yarışıdır. Biz hər bir idman yarışına hazırlaşırıq və çalışırıq ki, ölkəmiz orada ləyaqətlə təmsil olunsun. İyirmi dörd medalın qazanılması və idmançıların böyük uğurları bütün Azərbaycan xalqını sevindirir və bir də onu göstərir ki, bu qələbə təsadüfi xarakter daşımır. Çünki son illərdə Azərbaycan müxtəlif beynəlxalq yarışlarda ən yüksək pillələrə yüksələ bilmişdir. Keçən il keçirilmiş London Yay Olimpiya Oyunlarında 10 medal qazanılmışdır ki, onlardan ikisi qızıl medaldır. Olimpiya Oyunlarının tarixində biz ən yüksək pilləyə qalxa bilmişik, dünya miqyasında 30-cu yerə layiq görülmüşük, Avropa ölkələri arasında isə 15-ci yerdəyik. Bu, tarixi qələbədir. Bu il Kazanda gənclərin universiadası keçirilib. Orada da Azərbaycan yüksək nəticələr göstərib, 16 medal qazanıb. Onlardan dördü qızıl medaldır. Bu dəfə İslam Həmrəyliyi Oyunlarında da biz öz gücümüzü bir daha nümayiş etdirdik. Bir daha göstərdik ki, Azərbaycan idman dövlətidir, idmanın böyük uğurları vardır və əminəm ki, böyük gələcəyi olacaqdır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, bu oyunlarda Azərbaycan həm Olimpiya, həm qeyri-Olimpiya növləri ilə təmsil edilib. Hesab edirəm ki, bu da İslam Həmrəyliyi Oyunlarını fərqləndirən müsbət cəhətdir. Bildiyiniz kimi, Azərbaycanda Olimpiya və qeyri-Olimpiya növləri arasında heç vaxt ayrı-seçkilik, yaxud da ki, fərq qoyulmayıb. İdmanın bütün növləri bizim üçün eyni dərəcədə vacibdir və çalışırıq ki, Azərbaycanda qeyri-Olimpiya növlərində təmsil olunan idmançılar dövlət tərəfindən qayğı ilə əhatə olunsun. Bildiyiniz kimi, ilk dəfə keçiriləcək Avropa Oyunlarında da bizim təşəbbüsümüzlə qeyri-Olimpiya növləri olacaqdır.

Hesab edirəm ki, beynəlxalq İslam aləmində də bu bölgü aparılmamalıdır. Çünki idmançılar bərabər hüquqlara malikdirlər. Hər halda Azərbaycanda biz bütün idmançılara eyni şəraiti yaratmağa çalışırıq və bundan sonra da çalışacağıq".

Dövlət başçısı qeyd edib ki, bu qələbənin təməlində düşünülmüş dövlət siyasəti və eyni zamanda, təlim-məşq prosesinin düzgün şəkildə təşkil edilməsi dayanır. İdmançıların fəaliyyəti üçün yaradılmış şərait gündən-günə yaxşılaşır. Azərbaycanda hazırda 40 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bu da bölgələrdə istedadlı gənclərin seçilməsində müsbət rolunu oynayır:

"Beləliklə, biz idmanın kütləviliyini təmin edirik. Bu, birinci prioritet məsələdir. Çünki gənclərimiz, uşaqlarımız sağlam olmalıdırlar. Sağlam olmaq üçün əlbəttə ki, hər bir insan idmanla məşğul olmalıdır. Əlbəttə ki, hər bir ölkənin şöhrətini ucaldan onun idman nailiyyətləridir. Bu məsələyə də böyük diqqət göstərilir. İdmançılar bizi daim sevindirirlər və beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında da yaxşı nəticələr göstərirlər".

İlham Əliyev deyib ki, Azərbaycanda mötəbər yarışların keçirilməsi artıq gözəl ənənəyə çevrilib. Azərbaycanda mütəmadi qaydada dünya və Avropa çempionatları keçirilir. Şübhəsiz ki, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları bizim üçün çox böyük etimaddır və böyük məsuliyyətdir. Azərbaycan müsəlman ölkəsidir, eyni zamanda, Avropanın idman aləmində təmsil olunur. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi, hesab edirəm ki, ölkəmizin böyük uğurudur, Avropa idman ailəsinin bizə olan böyük etimadının nəticəsidir:

"Biz hazırlıq işlərini ən yüksək səviyyədə aparırıq. Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, biz bu oyunları Olimpiya Oyunları səviyyəsində keçirəcəyik və birinci Avropa Oyunları tarixdə çox uğurlu oyunlar kimi qalacaqdır. Bildiyiniz kimi, Olimpiya hərəkatı Avropada yaranmışdır. Ondan sonra Avropada da bərpa edilmişdir, ancaq Avropa Oyunları heç vaxt keçirilməmişdir. İlk təcrübəni artıq biz həyata keçirəcəyik və beləliklə, bu da tarixə verəcəyimiz bir töhfə olacaqdır".

Prezident xatırladıb ki, 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunları da Azərbaycanda keçiriləcəkdir: "Baxın, bu da çox rəmzi məna daşıyır, çünki cəmi iki ildən sonra - 2015-ci ildə Avropa, 2017-ci ildə İslam Həmrəyliyi oyunları keçiriləcəkdir. Bu da ölkəmizin nəinki coğrafi yerləşməsini, daha çox siyasi və mədəni mahiyyətini göstərir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan müsəlman ölkəsidir, İslam aləminin ayrılmaz bir parçasıdır. Eyni zamanda, Avropa qurumlarına üzv olmuş ölkədir və beləliklə, bu iki qitə Azərbaycanda birləşir. Azərbaycan coğrafi cəhətdən də Asiya ilə Avropa arasında yerləşir, mədəni cəhətdən də belədir. Siyasi cəhətdən də biz həm müsəlman, həm Avropa qurumlarının üzvüyük. Azərbaycan nadir ölkələrdəndir ki, bu iki aləmdə təmsil olunur və ləyaqətlə təmsil olunur. Bizim dövlətimiz də məhz bu əsaslar üzərində qurulubdur. Müstəqil Azərbaycan dövləti çox güclü milli mənəvi dəyərlər, milli ənənələr üzərində qurulubdur. Eyni zamanda, müasir dövlətdir, bütün ölkələrlə əməkdaşlıq üçün açıqdır, dünyəvi və inkişafda olan dövlətdir:

"Ona görə hesab edirəm ki, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının Bakıda cəmi iki il ərzində keçirilməsi böyük siyasi məna daşıyır. Bu gün ölkəmiz dünya miqyasında böyük hörmətə malikdir. Bizimlə hesablaşırlar, bizim rəyimiz, fikrimiz böyük əhəmiyyət daşıyır. Azərbaycan bu gün nəinki regional məsələlərdə, həm də dünya məsələlərində öz sözünü ən yüksək kürsüdən deyir və deyəcəkdir.

Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. 155 ölkə bizim namizədliyimizi dəstəkləyib və bizə etimad göstərib. Bu ay Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bu, böyük etimaddır, böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Əlbəttə ki, idmançıların uğurları Azərbaycan haqqında dünyada daha da dolğun məlumatın əldə edilməsi üçün çox gözəl bir vasitədir. Çünki ölkələrin gücü, o cümlədən idmanın inkişafından keçir. Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılar bizi sevindirir və beləliklə, ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər".

İlham Əliyev bildirib ki, əlbəttə, dövlət bundan sonra da idmançıların maddi və məişət problemlərinin həlli üçün öz dəstəyini əsirgəməyəcəkdir: "Mən hər ilin sonunda, ən azı hər il idmançılarla görüşürəm. Amma əslində belə görüşlər ildə bir neçə dəfə keçirilir. Çünki qələbələr çoxdur və mən çalışıram ki, böyük qələbələrlə Vətənə qayıtmış idmançılarla görüşüm. Ancaq ənənəvi olaraq, artıq 1997-ci ildən bu yana ilin sonunda biz idmançılarla görüşürük, onları mükafatlandırırıq, onlara mənzillər verilir. Böyük mötəbər yarışlardan uğurla qayıdan idmançılara pul mükafatları verilir və bu dəfə də veriləcəkdir. Ancaq onu da qeyd etmək istəyirəm və əminəm ki, sizi və bütün idmançılarımızı qələbələrə aparan əsas amil mükafat, maddi məsələ deyil, Vətən sevgisidir, vətənpərvərlikdir, Vətənə olan bağlılıqdır.

Bu dəfə bizim dövlət himnimiz İndoneziyada altı dəfə səslənib, 24 dəfə milli bayrağımız qaldırılıb. Əminəm ki, bütün Azərbaycan xalqı sizin kimi bu qələbələrə sevinirdi. Çünki bu qələbə sizin qələbənizdir, dövlətimizin, xalqımızın qələbəsidir. Sizi bir daha salamlayıram və bir daha təbrik edirəm, yeni uğurlar arzulayıram".

Qalereya




Teqlər:  





Xəbər lenti