Gəncədə Novruz şənliyi keçirilib - FOTOLAR

Gəncədə Novruz şənliyi keçirilib - FOTOLAR
  21 Mart 2018    Oxunub:3010
Gəncədə Novruz bayramı böyük çoşqu ilə qeyd edilib.
El şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir Nizami yurdunun girişindən - Qala Qapısından başlayıb.

Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra «Göygöl» Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı olub və sonra Qala bürcündə düzülmüş nağaraçalanların müşayəti ilə xüsusi bəzədilmiş faytonda Dədə Qorqud, Bahar qız, Kosa və Keçəlin Gəncə çay park-bulvar kompleksin istiqamətinə hərəkəti başlayıb.

Gəncəçay park-bulvar kompleksində «Novruz-2018» adlı fləşmob, Gəncə filarmoniyasının, kukla teatrının, Gəncə Dövlət Dram teatrının, digər kollektivlərin çıxışları olub, kitab, xalça, rəsm əsərlərinin sərgisi, müxtəlif kulinariya növlərinin nümayişi, idmançıların çıxışları, şərab sərgisi təşkil olunub. Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan gəncəliləri “Novruz bayramı” münasibəti ilə təbrik edib.

Şənlik iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər. Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgilərə baxış keçirilib. Qədim el adəti yada salınaraq yumurta döyüşdürülüb.



Şəhərin baş meydanında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Novruz bayramı münasibətilə gəncəliləri təbrik edərək onlara cansağlığı, ailə səadəti arzu edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və İlham Əliyevin inamla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin günbəgün inkişaf etdiyini bildirən icra başçısı barışıq və dostluq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb. 2017-ci ildə Nizami yurdunda baş verən yeniliklərdən danışaraq bunların cari ildə də davam edəcəyini xüsusi vurğulayıb.



El şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən tonqal alovlandırılıb və şəhərin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.



Sonda respublikanın tanınmış Xalq və Əməkdar artistlərinin ifasında bayram konserti izləyənlərə, rəqs edənlərə xoş təəssüratlar bəxş edib.



AzVision.az


Teqlər: Gəncə   Novruz   Bayram  





Xəbər lenti