Vərəm - qorxulu xəstəlik, yoxsa stiqma?

Vərəm - qorxulu xəstəlik, yoxsa stiqma?
  17 Mart 2018    Oxunub:5383
Bu gün bir çox xəstəliklərin adını eşidəndə və həmin xəstıliyə yoluxmuş insanları görəndə onlardan uzaq durmağa çalışırıq. Həmin xəstəliklərdən biri də vərəmdir. 1950-ci illərin əvvəllərinədək vərəm xəstəliyi tam sağala bilməyən xəstəliklər siyahısında idi. Son 50-60 ildə isə elmi təbabətin sürətli inkişafı sayəsində bu xəstəliyə yoluxanların 95 faizə qədəri müasir müalicə üsulları ilə tam sağala bilir. Yerdə qalan 5 faizində isə tam sağalma mümkün olmur. Bunun isə səbəbləri çoxdur: yoxsulluq, normal qidalanmamaq, dərman təminatının yetərli olmaması, xəstənin həkim məsləhətinə ciddi əməl etməməsi və stiqma.
Stiqma, cəmiyyətdə ayrı-seçkiliyə səbəb olur, insanların hüquqları pozulur. Məsələn,kimsə vərəm xəstəsidirsə, nəinki həmin insandan , ailəsindən də uzaq gəzirlər, uşaqlarla heç kim oynamır. Vərəm xəstələri tez-tez bu cür problemlərlə üzləşirlər, məhz xəstəliklərinə görə işsizlikdən əziyyət çəkirlər, özlərini cəmiyyətdən təcrid hiss edirlər , evə qapılırlar, hətta xəstəliklərini gizlədirlər, müayinə-müalicə olunmurlar.

Vərəm təhlükəli xəstəlik sayılsa da, bu xəstəliyə mübtəla olanların tam sağalması mümkün olduğundan, vaxtında müalicəsinə başlamaq tövsiyə olunur. Cəmiyyətdə vərəm xəstələrinə qarşı stiqmanın hələ də qalması, bəzən bu xəstəliyə yoluxanların ən ağır vəziyyətdə həkimə müraciət etməsinə gətirib çıxardır.

Nəticədə həmin xəstələrin öz müalicəsinə qeyri-ciddi yanaşması isə mikrobların dərmana davamlı formalarının meydana çıxmasına səbəb olur. Vərəmin dərmana davamlı forması isə, vərəmin ən qorxulu forması hesab olunur. Vərəm xəstəliyinin erkən aşkarlanması zamanı müalicə 6-8 ay çəkirsə, dərmana davamlı formasında müalicə iki il, hətta bir qədər də artıq davam etdirilməlidir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, hər il dünyada 10 milyona yaxın insan vərəmə yoluxur, 2.5 milyon insan isə bu xəstəlikdən vəfat edir.

“Vərəm dünya üzrə 10 ən çox yayılmış ölüm halları siyahısındadır. Vərəm İİV və malyariyadan daha çox ölümə səbəb olur. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəmlə xəstələnib və 210 min uşaq vərəmdən dünyasını dəyişib. Azərbaycanda isə son 5 ildə xəstələnmənin dinamikasında azalma müşahidə olunur”.
ET Ağciyər Xəstəlikləri İstitutunun direktoru Həqiqət Qədirova da bildirib ki, aparılan tədbirlərin nəticəsində ölkədə son illər ərzində xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. “Əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalıb. Eynilə də ilkin aşkar olunmuş vərəm hallarının sayı 21% azalıb. Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır. 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olub”.

H.Qədirova bildirib ki, vərəmin gecikmiş və yayılmış formaların sayındada nəzərəçarpan irəliləyiş əldə edilib. 2010-cu illə müqayisədə bu xəstələrin sayı 2 dəfə azalıb (7,6% -dən 3,4 %-ə enib).

“Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək qeyd edilirdisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb. Qeydiyyata düşən xəstələr müalicəyə cəlb olunur və pulsuz qaydada bütün vərəməleyhinə dərmanlarla təmin olunur. Dərmanlara həssas xəstələr 100% hallarda müalicəyə qoşulur və onların müalicə effektivliyi yüksəlir”.

Direktorun sözlərinə görə, vərəmin yaranma səbəbləri araşdırılanda məlumdur ki, xəstəlik düzgün müalicə olunmayıb. “Belə hallar bizdə mövcuddur. Doğrudur, bəzi həkimlər Səhiyyə Nazirliyinin əmrlərini pozaraq, vərəmli xəstələri qeydiyyata götürmürlər. Burada hər iki tərəfin marağı var. İnsanlar istəmirlər ki, yaxınları bunu bilsin”.

Vərəmə qarşı cəmiyyətdə müəyyən stiqmanın olduğunu deyən H.Qədirova qeyd edib ki, insanlar bu diaqnozun özlərində təsdiq olunmasını istəmirlər. “Hansısa yolla qeydiyyata düşmədən müalicə almağa çalışırlar. Bu, nəticə etibarı ilə pis sonluqlara gətirir. Çünki rəsmi qeydiyyatda olmayan xəstələr tam həcmdə müayinə və müalicə ola bilmirlər. İlk növbədə molekulyar-genetik müayinələrdən keçə bilmirlər. Vərəmin davamlılığını təyin etmək məqsədilə müayinələrin aparılması olduqca vacibdir. Əgər bu müayinələr aparılmırsa, o zaman kor-koranə müalicə gedir, nəticədə xəstələrin vəziyyəti ağırlaşır. Bəziləri ağır vəziyyətdə bizə müraciət edir, bəziləri isə dünyasını dəyişir”.

Beləliklə, ölkəmizdə aparılan müalicə-profilaktika, məqsədyönlü siyasət və düşünülmüş mübarizə tədbirlərinin həyata keçirilməsi nəticəsində vərəmlə xəstələnənlərin sayında azalma tendensiyası müşahidə olunmaqdadır.
Lakin, vərəm infeksiyasına qalib gəlmək üçün yalnız səhiyyə müəssisələrinin maddi – texniki bazasının yaxşılaşdırılması və hüquq – normativ aktların qəbulu kifayət deyil. Vərəm xəstəliyi uzun müddətli infeksion xəstəlik olmaqla yanaşı, bu xəstəliklə əlaqədar əhali arasında güclü stiqmanın da mövcudluğu reallıqdır.
Müalicə olunan xəstəlik olmasına baxmayaraq, hər il dünyada milyonlarla insan vərəmdən dünyasını dəyişir. Vərəmin belə yüksək rəqəmlərlə gündəmdə olmasında qaldırdığımız problemin-stiqmanın da birbaşa rolu var. Çünki gözlə görülməyən vərəm çöpləri uzun müddət havada asılmış vəziyyətdə qalır və insandan insana keçməklə yoluxmaya səbəb olur.

Bir çox insanları həm də bu məsələ maraqlandırır- vərəm mikobakteriyaları ilə nəfəs almış insan mütləq xəstələnəcəkmi? Əlbəttə, "heç də yox". Bu ağciyərlərə düşmüş vərəm mikobakteriyalarının miqdarından və vərəm xəstəsi ilə ünsiyyətin müddətindən asılıdır. Kontakt nə qədər uzun sürərsə, xəstələnmə ehtimalı da bir o qədər çox olur. Həmçinin orqanizmin müqavimət qüvvəsinin də böyük əhəmiyyəti var.

Uzun müddət vərəm xəstələri ilə kontakta olan şəxslərin 50%-i vərəm çöpləri ilə yoluxur, ancaq onların cəmi 10%-də vərəm aktivləşir və xəstəlik yaranır. Vaxtında və düzgün müalicə olunmadıqda vərəm əmək qabiliyyətinin itirilməsinə, əlliliyə və hətta xəstənin ölümə səbəb ola bilər. Buna görə də özlərində vərəmin əlamətlərini hiss edən insanlar təcili olaraq həkimə müraciət etməli, özbaşına müalicə və diaqnostika ilə məşğul olmamalıdırlar. Xəstəlikdən tam müalicə olunmaq üçün həkimin təyinatlarına ciddi riayət etmək lazımdır.

Aytən Bağırova
Yazı Sağlamlığa Xidmət İB-in və Vərəm Əleyhinə QHT Koalisiyasının elan etdiyi “Vərəm haqqında ən yaxşı məqalə” müsabiqəsinə təqdim olunur.
AzVision.az




Teqlər: vərəm   stiqma  





Xəbər lenti