Türkmənçaya qayıdış

Türkmənçaya qayıdış
  03 Oktyabr 2013    Oxunub:1179
Millət vəkili Fazil Mustafa hər zaman Facebook sosial şəbəkəsində maraqlı yazılarla çıxış edir. Deputatın növbəti yazısını təqdim edirik.
İranla bağlı yazılar yazarkən məqsədim heç də o deyil ki, hər dəfə oradakı rejimi ifşa edən mövqe sərgiləyim. İran bizimlə qonşu dövlətdir və siyasət gərəyi bütün qonşularla olduğu kimi, İranla da sağlam dialoq zəminində problemlərimizi çözmək zorundayıq.

İrandakı rejimin İslamın mahiyyəti ilə əlaqəli olmadığını, Sasani-Səfəvi mədəniyyətinin modern bir rudimenti olaraq davam etdiyini hər zaman söyləməkdəyik. Bununla belə, dünya düzənində demokratik düzənin vacib şərt olduğunu mənimsəyən bir siyasətçi kimi İran əhalisinin seçiminə, çoxluğun dəstək verdiyi dövlət quruluşuna sayğılı yanaşmağı da nəzərdən qaçırmıram. Digər tərəfdən, biz İrana yönəlik ABŞ və İsrailin zorakı basqısını da yanlış və lüzumsuz hesab edənlərdənik və bütün hallarda İran rejimini bəhanə edib qonşuluğumuzda savaş və xaos yaradılmasına qarşıyıq.

Üstəlik, etiraf edək ki, bu gün İran təpədən-dırnağa ideoloji dövlət olsa da, mülkiyyət haqlarının qorunması baxımından bizdən daha mədəni ölkə sayıla bilər. Ən azı mülki məsələlərdə məhkəmə ədaləti bizdən xeyli üstündür. Səhiyyə sistemi bizimki qədər bərbad gündə deyil və kasıb əhalimizin üz tutduğu canqurtaran məkandır. Təhsil sistemində də bizdəki savadsızlıq və dərəbəylik mühiti mövcud deyil. Blokada vəziyyətinə görə Naxçıvanda yaşayan əhalimizin də Bakı ilə əlaqəsində əhəmiyyətli bir rola sahibdir.

Bununla belə, qonşu dövlət olaraq Azərbaycanla bağlı siyasətində gələcəyimizə təsir göstərən təhlükəli məqamlar olduğuna görə hər dəfə mövzuya deyinmək məcburiyyətində qalırıq. Bizimlə düşmən olan Ermənistana həyati dəstək verməsi heç şübhəsiz ki, bu təhlükəli məqamlardan birincisi sayıla bilər. Digər tərəfdən, bölgələrdə və Bakıda təbliğat və pul müqabilində özünü Xomeyninin və Xamneyinin əsgəri hesab edən yüzlərlə zombiləşmiş Azərbaycan vətəndaşının olması kiməsə sirr deyil. Məqsədyönlü şəkildə İran vətəndaşları tərəfindən Azərbaycan gəncləri arasında narkotik vasitələrinin yayılmasını Daxili İşlər Nazirliyinin gündəlik əməliyyat məlumatlarında açıqca görə bilərsiniz. İşsiz gənclərin bu bəlaya yoluxdurulması ilə məşğul olanlar heç də sadə İran vətəndaşları sayılmazlar, əksəriyyəti İranın xüsusi xidmət orqanları tərəfindən bu işə cəlb olunurlar. Əlbəttə, bizdə vətəndaşın problemlərinə səhlənkar yanaşmanın nəticəsidir ki, qonşu dövlət içimizdə sərbəst hərəkət etməyə bir mühit tapa bilir. Nə edəsən, bu bəlanın nəticələrini illər sonra daha ciddi hiss edəcəyik.

Bu vacib girişdən sonra mövzunun mahiyyətinə qayıdıram. Ötən yazıda vurğuladığım məqamlar eynilə öz təsdiqini tapdı. Atanın öz qızlığı ilə evlənməsini dolayı yolla dəstəkləyən bir sıra namussuzlar dərhal məqalənin paylaşıldığı saytlara, səhifəmizə şərhlər yazaraq Türkiyədə və ərəb dünyasında olan pislikləri dilə gətirib, dolayı yolla İran rejiminə bəraət qazandırmağa çalışdılar. Əlbəttə, bizim düşüncəmizə görə çağın gerisində qalan, İslamı bir din olaraq təhrif edən, müsəlman dünyası haqqında mənfi rəy yaradan hər hansı bir addımı tənqid etmək, hətta bacardıqca islah etmək hər bir aydının vəzifəsi olmalıdır. Necə ki, ötən yazımızda biz, Türkiyədə və Ərəb dünyasında mövcud gerilikçi davranışları da eyni qaydada tənqid etmişdik. Axı haradasa İslamı nüfuzdan salan pisliklər varsa, onu bəhanə edib sizlər də mütləq öz pisliklərinizə bəraət qazandırmalısınız? Güntay bəyin yazdığı şərh də eynilə düşündüklərimi təsdiq edəcək mahiyyətdədir: "Ölkəni fahişələşdirmə planıdır. 13 yaşında qızla evlənən ögey atası ən azından 50 yaşında olmalıdır. Əgər sabah bu yaşlı kişi öldüsə, bu qız nə edəcək? Baxın, qız olğun yaşına çatdığında himayədarı ölür və qızın tək yolu qalır: fahişəlik edərək həyatını təmin etmək. Məhz bu üzdən İranda fahişəlik çox yayğınlaşmışdır.
Əslində fahişəlik dünyanın çox yerində olduğu kimi, bizdə də narahatedici səviyyədədir. Bunun kökü çox zaman qadınların sosial vəziyyəti və təhsil sistemimizin natamamlığı ilə bağlı olur. Həm də qızların müəyyən bir yetkinlik yaşına çatandan sonra seçilmiş həyat tərzi kimi üzə çıxır. İranda isə azyaşlı qızlar, qadınlar məqsədyönlü şəkildə siğə və başqa vasitələrlə cinsi asılılıq vəziyyətinə gətirilirlər. Hətta oğlan uşaqlarının cinsi təcavüz təhlükəsi ilə üz-üzə qalmasının bütün sosioloji tədqiqatlarda təhlükəli bir fakt olaraq vurğulanması azmış kimi, üstəlik, qızların da məqsədyönlü şəkildə bu əxlaqsız yaşama yönləndirilməsinin bütün hüquqi əngəlləri ortadan qaldırılır.

Biz illər uzunu Azərbaycanın bütövlüyü ideyasını siyasət düşüncəmizin ön cərgəsində saxlamağı düşünmüşük. Xüsusilə də Xalq Cəbhəsi hərəkatının öncülləri olaraq bunu cəmiyyətin də əsas hədəfi olaraq şüurlarda bərkitməyə çalışmışıq. Əslində ənənəvi olaraq elmi əsaslandırmaya dayanmayan bir ideoloji hədəfin zamanın axarında necə iflasa uğradığını sezməkdəyik. Bu faktı ona görə qabartdım ki, bir toplumda 18 yaşa çatmamış qızların ailə qurması, digərində 13 yaşlı qızların ərə verilməsi fərqli bir əxlaq anlayışları yaradır. Eyni xalqın o qədər fərqli mental dəyərləri formalaşıb ki, birində atanın 13 yaşına çatmış qızlığı ilə evlənməsi İslam qaydası, digərində isə namussuzluq hesab olunur. Söhbət axı kağız üzərində texniki birlikdən, bütövlükdən getmir, bu qədər mental fərqliliyi ortadan qaldırmanın haradasa mümkünsüzlüyündən gedir.

25 il öncə ağlayaraq sərhədləri dağıtmışdıq. Tikanlı məftilləri dağıtmaq nə qədər asanmış. Mental sərhədlər dağılana qədər dabanınız və beynimiz uzun illər yeyiləcək. Və elə olacaq ki, ayrılığın ümidini birliyin vəhşətindən daha çox özləyəcəyik. Bütöv Azərbaycan siyasətimizə yenidən baxmalıyıq. Deyəsən, bir də tarixə - Türkmənçayda nəyi buraxıb, nəyi qazandığımıza baxmalı olacağıq...




Teqlər:  





Xəbər lenti