Mətbuat xidmətlərinin rəhbərləri: Haradan-hara ARAŞDIRMA

Mətbuat xidmətlərinin rəhbərləri: Haradan-hara ARAŞDIRMA
  02 Oktyabr 2013    Oxunub:4870
Dövlət qurumlarının sözçüləri bu vəzifəyə gələnə qədər haralarda çalışıblar?

Jurnalistlərin dəqiq informasiya üçün müraciət etdikləri ilk ünvan müxtəlif dövlət qurumlarının mətbuat xidmətləridir. Elə onların da işi mətbuat nümayəndələrinin sorğu və suallarını cavablandırmaq, onlarla əlaqə qurmaqdır. Bəzən isə bu ünsiyyət heç cür alınmır və çox vaxt həmkarlarımız bunun günahını həmin şəxslərin bu vəzifəyə təsadüfən gəlmələri, mətbuatdan uzaq olmaları ilə əlaqələndirirlər.

Bəs görəsən, dövlət qurumlarının mətbuat katibləri bu vəzifəyə elə adından da göründüyü kimi mətbuatdanmı gəliblər? Onlar bu vəzifəyə gələnə qədər haralarda çalışıblar? AzVision.az bunu araşdırıb.

Prezidentin mətbuat katibi Azər Qasımov 2004-cü ilin mart ayından bu vəzifədədir. İlk iş yeri 1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi olub. Daha sonra 1994-1995-ci illərdə Azərbaycan Respublikasının XİN Beynəlxalq təşkilatlar idarəsində, 1995- 1996-cı illərdə Azərbaycan Respublikasının XİN Konsulluq idarəsində, 1996–1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda, 1997–1999-da Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe - üçüncü katib, 1999-2000-də Azərbaycan Respublikasının XİN Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib və ikinci katib, 2000 -2004-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəfizələrində işləyib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.1991-93-cü illərdə "Vətən səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-94) işləyib. 1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istetadı onu bu sahəyə gətirib. Təməli 1991-ci ildə "Molla Nəsrəddin" jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib. 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu vəzifəyə 2008-ci ilin dekabrında təyin edilib. Bundan əvvəl isə Baş Prokurorluğun Təşkilat Analitik idarəsinin prokuroru vəzifəsində çalışıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu vəzifəyə qədər “And”, “Millət”, “Avrasiya”, “Naxçıvan” qəzetlərində müxbir və şöbə müdiri vəzifələrində çalışıb. 1995-ci ildən Daxili İşlər Nazirliyinin mətbuat xidmətində işləyir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev “Avrasiya” və “Ekspress” qəzetlərində işləyib, 1999-cu ildən 2003-cü ilə kimi “Palitra” qəzetində baş redaktor olub. Sonra Mərkəzi Seçki Komissiyasında fəaliyyətə başlayıb. Hazırda MSK-nın “Media və ictimai əlaqələr şöbəsi”nin müdiridir.

Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva 1978-ci ildən "Kirovabadın səsi" qəzetində korrektor kimi işə başlayıb, 1980-ci ildən Gəncədə "Peyk" sahə qəzetində müxbir kimi işə başlayıb, daha sonra qəzetin redaktoru olub. 1990-cı ildən "Respublika" qəzetində (1991-ci ilin aprelində "Respublika" qəzeti "Həyat" qəzeti ilə birləşmiş, 1992-ci ilin sentyabrından isə "Azərbaycan" adı ilə dərc olunmağa başlayıb), "Azərbaycan" qəzetində ədəbi işçi, müxbir işləyib. 1999-cu ildə Maliyyə Nazirliyində Analitik informasiya şöbəsində çalışıb. 2002-ci ilin mayından Hesablama Palatasının mətbuat xidmətinin rəhbəridir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev 2010-cu ilin iyul ayında XİN-in mətbuat xidmətinə gəlib və 2011-ci ilin sentyabrında mətbuat xidmətinin rəhbəri təyin olunub. Bundan öncə 4 il Los-Ancelesdəki baş konsulluğumuzda konsul vəzifəsində işləyib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov “Space” telekanalında çalışıb, “Hər gün” informasiya proqramının aparıcısı olub.

Maliyyə Nazirliyinin Mətbuat katibi Mais Piriyev müxtəlif vaxtlarda “AzərTAc”, “Assa-İrada” agentlikləri, eləcə də “AZİSFOR” Sorğu Mərkəzi və “ELS” Müstəqil Araşdırmalar Mərkəzində çalışıb. 2002-2005-ci illərdə Yeni Azərbaycan Partiyasının mətbu orqanı - „Yeni Azərbaycan“ qəzetində siyasət şöbəsində müxbir, 2005-2007-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qəzet-Jurnal departamentində müxbir, 2007-2009-cu illərdə şirkətin Ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsində mütəxəssis, 2010-cu il yanvar-noyabr aylarında isə İctimai Teleradionun saytı-www.itv.az-ın redaktoru vəzifələrində çalışıb. 2010-cu il noyabr ayından Maliyyə Nazirliyinin Mətbuat katibi vəzifəsində çalışır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli 2006-cı ildə bu vəzifəyə təyin edilib. O, bildirib ki, 1984-1988 “Molodyoj Azerbaycana” qəzetində ştatdankənar müxbir, 1989-1990 “Sport” qəzetinidə məsul katib müavini, 1990-1992 Azerinform –Tass Moskva redaksiyasının müxbiri, 1993-1996 “Raşn petrolüm İnvestor ”Amerikanın analitik jurnalının ştatdankənar bölgə müxbiri, 1992-1993 “Xəbər-servis” Müstəqil informasiya agentliyinin baş redaktoru, 1993-1995 “Los - Anceles Tayms” qəzetinin ştatdankənar bölgə müxbiri, 1993-1996 ANS-in xəbərlər xidmətinin baş redaktoru, 1996-1997 “TREND” Jurnalının baş redaktorunun 1-ci müavini, 1996-1997 “Rusiya neft bülleteni” analitik jurnalında ekspert, 1997-1998 “Qruppa- Alyans” İnvestisiya şirkəti (Moskva) PR-kompaniya (məsləhətçi), 1997-1999 “Kapital” jurnalında baş redaktor, 1999-2005 “Proqnoz” Müstəqil sosioloji araşdırmalar mərkəzi siyasi texnologiyalar üzrə direktor müavini işləyib və 1998-2005 Dövlət hakimiyyət orqanlarına seçkilərdə siyasi məsləhətçi qismində iştirak edib .

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, tələbə vaxtından mətbuatla əməkdaşlıq edib, “Səs” qəzetində yazıları çap olunub. 1997-ci ilin noyabrın 1-dən bu vəzifədədir.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov AMEA-nın fəlsəfə, Siyasi və Hüquq Tədqiqatlar İnstitutunda elmi işçi, Azərbaycan Dövlət Teleradio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıb. İctimai Televiziyanın "Elm və Təhsil verilişləri" departamentinin direktoru olub. Bir neçə gün öncə isə Nazirliyin mətbuat xidmətinə təyin edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova `Space` televiziyasında işə başlayıb. 5 il televiziyada işləyib. Daha sonra isə Nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub. Bugünə qədər isə bu vəzifədədir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib ki, komitə onun ilk iş yeridir: “Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi test imtahanlarını və müsabiqələri keçmişəm və 2008-ci ildə bura işə götürülmüşəm. O vaxtdan bu yana komitədə işləyirəm. Burada əvvəlcə mətbuat xidməti departamentində baş məsləhətçi vəzifəsində işləmişəm. Sonra isə yenidən həmin dövlət qulluğu komissiyasının xətti ilə burada mətbuat xidmətinin rəhbəri işinə təyin olunmuşam”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri İlham Məmmədovda mətbuatdan gəlib: “Müxtəlif qəzetlərlə hər zaman əməkdaşlıq etmişəm. `Yeni İqtisadiyyat` jurnalında infornmasiya şöbəsinin müdiri olmuşam. APA informasiya agentliyi ilə əməkdaşlığım olub. Azadinform informasiya agentliyində 8 ilə yaxın çalışmışam. Daha sonra 2010-cu ildə nazirlikdən dəvət almışam və bura gəlmişəm”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin ilk iş yeri elə həmin nazirliyin Elm-təhsil və elmin tətbiqi baş idarəsinin nəzdində informasiya təbliğat və nəşriyyat, tədris şöbəsinin rəisi vəzifəsi olub: “ Daha sonra o dövrdə ictimai əsaslarla mətbuat xidməti yaranmış və həmin dövrdən elə mətbuat xidmətinin rəhbəri kimi çalışmışam. Nəhayət nazirliyin rəsmi ştatında rəsmiləşəndən həmin vəzifəni icra edirəm. Bizim öz mətbu orqanımız əvvəllər “Sovet kəndi” adı ilə çıxan, daha sonra “Kənd həyatı” elə öz buraxdığımız qəzetlər olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, ilk iş yeri `Gəncənin səsi` qəzeti olub. “Sonra qısa müddətə müxtəlif yerlərdə çalışmışam. Ən sonda nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunmuşam”.

Diasporla İş üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi Esmira Xəlilova bu ilin fevral ayında bu vəzifəyə təyin olunub. Bu vaxta qədər isə ANS telekanalında çalışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli bu vəzifəyə 2012-ci ildə təyin edilib. Ondan öncə isə “İki sahil” qəzetində müxbir kimi fəaliyyət göstərib. Daha sonra Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətinin rəhbəri işləyib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev bu vəzifəyə qədər “Kaspi” qəzetində, “Trend” İnformasiya Agentliyində müxbir işləyib. 2008-ci ildən Dövlət Sosial Müdafiə Fondunda çalışmağa başlayıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, 2010-cu ildən bu vəzifədədir. O, bu vəzifəyə gələnə qədər isə “Şərq” qəzetində 10 il, “Assa-İrada” agentlikləri, İTV, 1news.az, “Səs” qəzetində, 1999-2010 Prezident Aparatında akkreditasiyalı müxbir işləyib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Meri Əmirova bildirib ki, heç bir mətbuat orqanlarında çalışmayıb. “İxtisasım-iqtisadçıdır və mətbuatla işin qurulması, məlumatların yayılması şöbəsinə həvalə olunduğundan (şöbə müdiriyəm) mən bu işi yaratmışam. Bir il olar ki, şöbəyə mətbuat katibi vəzifəsi verilib və bu vəzifəyə Sevda Süleymanova təyin olunub, o da jurnalist deyil, iqtisadçıdır”.

Sevinc İltifatqızı
Şəhanə Rəhimli










Teqlər:  





Xəbər lenti