Prezidentin köməkçisi qadınlara seçki hüququnun verilməsindən danışdı
İyirminci əsrin əvvəllərində Azərbaycanda böyük milli oyanış baş verdiyini diqqətə çatdıran Prezidentin köməkçisi o dövrdə yaranmış ictimai-siyasi vəziyyətdən danışıb.
“Həmin illərdə çar Rusiyasının digər milli ucqarları kimi, Azərbaycanda da siyasi partiyalar və qurumlar yaratmaq üçün şərait yetişmişdi. Çarın manifestləri, fərmanları imkan verirdi ki, ucqarlarda yaşayan xalqlar öz tələblərini irəli sürsünlər. 1905-ci il martın 5-də böyük sahibkar və milyonçu, həmçinin xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sarayında keçirilən yığıncaqda çarın ali orqanlarına petisiya formasında ali bir sənəd tərtib olunması qərara alınır. Həmin sənədi böyük ictimai-siyasi xadim, hüquqşünas və diplomat Əlimərdan bəy Topçubaşov tərtib edir. Bu petisiyanı çara təqdim etmək üçün Azərbaycanın görkəmli şəxsiyyətləri Peterburqa gedirlər. Məhz həmin petisiyada Azərbaycan xalqının adından bütün tələblər öz əksini tapmışdı”, - deyə Dilarə Seyidzadə vurğulayıb.
Həmin dövrdə siyasi partiyaların yaranması prosesindən də söhbət açan Prezidentin köməkçisi bildirib ki, o vaxt Azərbaycanda Difai, Müdafiə, Müsavat partiyaları yaranır. Azərbaycanlıların görkəmli nümayəndələri Rusiya Dövlət Dumasına seçilir və orada parlament təcrübəsi qazanırlar. Siyasi şərait yarananda isə 1918-ci il mayın 28-də Gəncəyə gəlib, bütün arzularını bu şəhərdə həyata keçirməyə başlayırlar. Ümumilikdə Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, Azərbaycan xalqına bütün zəruri hüquqlar verilir. Ana dili dövlət idarələrində, məktəblərdə və bütün yerlərdə əsas dövlət dili olur və xalq təsərrüfatının bütün sahələri üçün kadr hazırlığına başlanılır.
Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib. Bunun mühüm tarixi hadisə olduğunu qeyd edən Dilarə Seyidzadə xatırladıb ki, hələ 1907-ci ildə Dövlət Dumasında iştirak edən azərbaycanlı nümayəndələr qadınlara seçki hüququnun verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Təsadüfü deyildi ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin ilk addımlarından biri də qadınlara seçki hüququnun verilməsi olub.
AzVision.az
Teqlər: Prezidentin-köməkçisi