Azay Quliyev : `Hafiz Hacıyev və Cəmil Həsənli eyni zehniyyətin yetirməsidir`

Azay Quliyev : `Hafiz Hacıyev və Cəmil Həsənli eyni zehniyyətin yetirməsidir`
  01 Oktyabr 2013    Oxunub:1288
AzVision.az QHT Şurasının sədri, millət vəkili Azay Quliyevin müsahibəsini təqdim edir.


- Azərbaycanda bir həftədən sonra növbəti prezident seçkiləri keçiriləcək. Seçkilər öncəsi namizədlər arasında baş tutan debatları izləyirsinizmi və bununla bağlı fikirləriniz nədən ibarətdir?


- Debatlarla bağlı müsbət nəsə demək çox çətindir. Ona görə ki, bu debatlardan seçici istədini ala bilmir. İnsanlar üçün artıq demoqogiya və ya taftalogiya maraqlı deyil. Azərbaycanda siyasətin bu mərhələsi çoxdan arxada qalıb. Seçici hər iddiaçıdan yeni və cəlbedici bir fikir eşitməsə, onun indiki hakimiyyətdən nəyi və necə yaxşı edəcəyinə konkret arqumentlərlə inanmasa və həm namizədin özünün, həm də onun komandasının potensialının dedikləri işi həyata keçirməyə kifayət edəcəyinə əmin olmasa o namizədə heç vaxt səs verməz.

İndi biz bu debat və görüşlərdə bunların heç birinin şahidi olmuruq. Xüsusilə, düşünürəm ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin seçdiyi taktika və sərgilədiyi davranış tərzi çox yanlışdır. O seçki mübarizəsi və ya təbliğatı ilə məşğul olub seçiciləri ona səs verməyə inandırmaq əvəzinə, faktik olaraq dövlət başçısı əleyhinə yalan və böhtan kampaniyası aparmaqla, cənab İlham Əliyevin prezidentliyi dövründə görülən böyük işlərə insafsızcasına çamur atmaqla məşğuldur.

Bu adam ötən 6 debatda və keçirdiyi bütün görüşlərdə eyni yalanı təkrarlamaqla nəyə nail olmaq istəyir? Prezidentə əsassız hücumlar etməklə seçicinin rəğbətini qazanmağamı ümid edir? Məncə, tam tərsinə. Bu yanlış seçki taktikası əks effekt verir və onun öz əleyhinə yönəlir. Hələ mən onun siyasi riyakarlıq edərək, son 10 ildə 3 dəfə mövqe dəyişdiyini demirəm. Düşünürəm ki, Azərbaycan insanı bütün bunları görür və kimin ona verilən imkandan sui-istifadə edərək boş və pafoslu çıxışlar etdiyinin, kiminsə konkret əməli ilə bu dövləti və bu ölkəni başdan ayağa yenidən qurduğunun yaxşı fərqindədir.

- Seçkilərlə bağlı artıq cəmiyyətin bütün tərəfləri öz mövqeyini açıqlayıb. Maraqlıdır ki, QHT-lərin bu prosesdə fəallığı o qədər də müşahidə olunmur. Bu, nə ilə bağlıdır?

- Bilirsiniz ki, QHT-lərin bir hüquqi şəxs olaraq seçkilərdə namizədlərdən hər hansı birinə rəsmi dəstək verməsi üçün qanunvericilik müəyyən məhdudiyyətlər qoyur. Ancaq mən əminəm ki, QHT sektorunda təmsil olunan on minlərlə həmkarımızın fərd olaraq mövqeyi və seçimi bəllidir. Ölkənin gələcək taleyinin kimə etibar olunması və Azərbaycanda olan inkişafın istisnasız davam etməsi kimi taleyüklü məsələyə yanaşmada vətəndaş cəmiyyətinin fəalları öz məsuliyyətlərini yaxşı dərk edirlər. Son 5 ildə QHT sektoruna dövlət tərəfindən verilən hər-tərəfli dəstəyi də bura əlavə etsək, o zaman seçimin nədən ibarət olduğu heç kimdə şübhə doğurmaz.

- Siz özünüz şəxsən QHT Şurasının sədri kimi kimin şansını yüksək qiymətləndirisiniz?

- Təkcə mən yox, seçkiləri izləyən bütün nüfuzlu beynəlxalq təşkilatlar və ekspertlər cənab İlham Əliyevin şansını çox yüksək qiymətləndirirlər. Yerli və xarici rəy sorğuları da bu faktı dəfələrlə təsdiqləyibdi. Əminəm ki, cənab İlham Əliyev azad, ədalətli və rəqabətliliyin təmin olunduğu demokratik seçkilərdə yüksək səs çoxluğu ilə Azərbaycanın növbəti dəfə prezidenti seçiləcəkdir. Ona görə də qoy heç kim eyforiyaya qapılıb ciddi xətalara yol verməsin.

- Namizədlərin debatı daha çox qarşılıqlı ittiham və təhqirlərlə müşahidə olunur. Bunu demokratiyanın təzahürü yoxsa namizədlər arasında sağlam debat mədəniyyətinin olmaması ilə izah edərdiniz?

- Təhqir heç vaxt demokratiyanın, ağılın və gücün təzahürü ola bilməz. Siyasi mədəniyyəti və müzakirə aparmaq qabiliyyəti yüksək olan şəxs, xüsusilə prezidentliyə iddialıdırsa gərək o təhqir və böhtanla deyil, özünün nümunəvi davranışı ilə seçilsin. Ümumiyyətlə, təhqir və böhtan zəiflərin sığındığı və istifadə etdiyi son metoddur. Güclü, arqumentli və deməyə sözü olan siyasətçi heç vaxt qarşı tərəfi təhqir etməz, onu aşağılamaz. Ancaq təəssüflər olsun ki, keçən debatlar da Hafiz Hacıyev və Cəmil Həsənli bu cür neqativ hallara yol verdilər və buna görə müvafiq qaydada MSK tərəfindən xəbərdarlıq aldılar.

Bilirsiniz ki, bunların hər ikisi indiki müxalifət tərəfindən vaxtilə siyasətə gətirilmiş şəxslərdir və onların hər ikisi eyni zehniyyətin yetirməsidir. Onların nümayiş etdirdikləri siyasi davranış yaxşı nümunə ola bilməz. Amma Azərbaycan da başqa bir nümunə də var, Heydər Əliyev nümunəsi. Bütün fəaliyyəti dövründə nə ulu öndər Heydər Əliyev, nə də cənab prezident İlham Əliyev nə vaxtsa, kiminsə, xüsusilə siyasi opponentləri haqqında bir kəlmə də olsun təhqiramiz söz işlətməyib, onları aşağılamayıb. Belə hal heç vaxt olmayıb, hətta bəzən buna kifayət qədər əsası olsa da. Bu isə güclü, müdrük və dahi şəxsiyyətlərə xas olan nadir xüsusiyyətlərdəndir.

- Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti aktivləşib. Fəaliyyəti sosial şəbəkələrlə bağlı QHT-lərlə əməkdaşlığınız hansı səviyyədədir?

- Hazırda sosial şəbəklər həyatımızın bir hissəsinə və informasiya ehtiyaclarımızın əsas təminatçısına çevrilib. Bu şəbəkələrin sayəsində qısa müddət ərzində istənilən məlumatı yaya və qəbul edə bilirsən. İndi artıq heç nəyi gizli saxlamaq və ya hər hansı bir məlumatın ictimaiyyətə ötürülməsinin qarşısını almaq mümkün deyil. Söz və ifadə azadlığının olmaması və ya onlara məhdudiyyətlərin qoyulması haqqında bəzi qurumların vaxtaşırı səsləndirdikləri bəyanatlar da bu baxımdan öz əhəmiyyətini itirməkdədir. Qarşıda duran əsas məsələ bu imkandan daha səmərəli və yaradıcı məqsədlər üçün faydalanmaq, texnoloji inkişafdan geri qalmamaqdır. Bu baxımdan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası sosial şəbəklərlə bağlı QHT-lərlə və bütövlükdə informasiya texnologiyası sahəsində ixtisaslaşmış QHT-lərə əməkdaşlığı gücləndirmək və yeni strategiyalar hazırlamaq niyyətindəıdir. Hətta ola bilsin ki, bu məqsədlə ayrıca qrant müsabiqəsi də elan edilsin.

AzVision.az


Teqlər:





Xəbər lenti