“Prezident seçkilərin şəffaf keçirilməsi üçün tələblər qoyub”

 “Prezident seçkilərin şəffaf keçirilməsi üçün tələblər qoyub”
  15 Fevral 2018    Oxunub:6268
"Prezident, parlament, bələdiyyə seçkiləri və referendumlar zamanı seçki sahəsində nailiyyətlərin artırılmasına nail olunub"
AzVision.az-ın məlumatına görə, bunu Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev fevralın 15-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Z.Nağdəliyev deyib ki, DSK-ların fəaliyyəti seçki prosesinin daha demokratik və şəffaf keçirilməsində önəmlidir: "Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar keçmişdə qalıb".

Prezidentin köməkçisi qeyd edib ki, seçkilərin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir: "Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15 il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik ənənələrin daha inkişaf etmiş bir ölkədə yaşayırlar".

Z.Nağdəliyev xatırladıb ki, 2008-ci ildə Azərbaycanda seçkilərin internet vasitəsi ilə izlənilməsi üçün 500 kamera quraşdırılmışdı: "Bu veb-kameralar vasitəsilə şərait yaratdıq ki, dünyanın hər yerindən maraqlı qüvvələr Azərbaycandakı seçkiləri diqqətlə izləsin. Təəssüf ki, bunu seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirən qüvvələr də oldu. Qarşıdan gələn prezident seçkilərində də 1000 kamera quraşdırılacaq. Bu imkan verəcək ki, dünyanın hər yerində Azərbaycanakı seçkini izləyə bilsinlər. Təkmilləşdirmə prosesi isə daim yaxşılaşdırılır".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Zeynal-Nağdəliyev   Prezidentin-köməkçisi   Seçki   MSK  





Xəbər lenti