Rusiyadakı azərbaycanlılar İlham Əliyevi dəstəkləyir

Rusiyadakı azərbaycanlılar İlham Əliyevi dəstəkləyir
  30 Sentyabr 2013    Oxunub:1084
Ümumrusiya Azərbaycan Konqresi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Moskva İttifaqlar Evinin Sütunlu zalında mədəni kütləvi tədbir təşkil edib.

Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərində namizədliyinə dəstək məqsədilə keçirilən tədbirdə Moskva və Moskva vilayətindən 1000-dən çox soydaşımız iştirak edib.
İştirakçılar arasında Rusiya vətəndaşı olan akademiklərimiz Əhməd İskəndərov və Məmməd Əliyev də olub.
Konqresin prezidenti, akademik Məmməd Əliyev çıxışında qeyd edib ki, ölkəmizin ən tarixi və məsuliyyətli gününə diaspor artıq yekdil seçimlə gedir: "İlham Əliyev - ona alternativ yoxdur".
M.Əliyev deyib ki, Azərbaycan və Azərbaycan xalqı vacib siyasi hadisə astanasındadır: "Qarşıda prezident seçkiləridir. Biz Rusiya azərbaycanlıları artıq Azərbaycanın və Rusiyanın xarici siyasi kursu ilə bağlı öz fikrimizi formalaşdıra bilmişik və biz Rusiya və Azərbaycanın taleyində baş verən hadisələrdən kənarda qala bilmərik. Bununla yanaşı, deməliyəm ki, Azərbaycan və Rusiyanı qədim əlaqələr birləşdirir".
O, əlavə edib ki, Rusiyada yaşayan azərbaycanlılar artıq öz seçimlərini ediblər: "Mən bir azərbaycanlı kimi Vətənimdə gördüyüm inkişafla qürur duyuram. Azərbaycanın keçdiyi proseslər bir çox keçmiş Sovet İttifaqı dövlətlərində hələ indi başlayır. Azərbaycan iqtisadi və siyasi baxımdan müstəqil dövlət kimi formalaşıb. Digər postsovet dövlətlərlə müqayisədə bizim tarixi vətənimiz inkişaf baxımından öndədir. Bununla fəxr edir və Vətənimə qonaq dəvət edəndə Bakının gözəlliyi ilə qürur duyuram. Vladimir Putin Bakıya səfəri zamanı Azərbayan haqqında danışanda mən qürur hissi keçirdim. Ümumiyyətlə, Vladimir Putinin seçki öncəsi Bakıya səfəri Rusiyanın prioritetini və gələcək strateji əməkdaşlığını təsdiqləyir".
M.Əliyevin fikrincə, Azərbaycanın tutduğu siyasi kursun dəyişilməsinə ehtiyac yoxdur: "Azərbaycan xalqı dərrakəli, müdrik xalqdır və necə deyərlər, bu sayda uğuru, inkişafi yaxşı başa düşür. İnaniram ki, Azərbaycan xalqı düzgün seçim edəcək və öz liderini seçəcək. Düşünürəm ki, bu, İlham Əliyev olacaq".
Daha sonra çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin icraçı direkotoru, Moskva Vəkillər Kollegiyasının üzvü İlqar Hacıyev Konqres olaraq Rusiyanın bir çox regionlarında iclaslar təşkil edildiyini diqqətə çatdırıb: "Diasporumuzu dinlədik. İnsanlar yekdil fikirdədir ki, İlham Əliyevin namizədliyini dəstəkləsinlər. Ölkəmizin inkişafi, nəqliyyat kommunikasiyaları, qlobal layihələrdə iştirak sübut edir ki, biz dövlət olaraq irəli gedirik. Cənab İlham Əliyev bizim müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Xüsusi olaraq Rusiya Prezidenti Vladimir Putinin Bakiya səfərini qeyd etmək istərdim. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin göstəricisidir ki, biz bundan mənəvi qidalanırıq".
Qeyd edək ki, Moskva diasporumuzun öz seçimində İlham Əliyevi dəstəklədiyi 4-cü Rusiya şəhəridir. Buna qədər Ulyanovsk, Tomsk və Pyatiqorsk şəhərlərindəki diaspor fəallarımız kütləvi tədbirlər keçirməklə yerlərdə yaşayan Azərbaycan vətəndaşlarının mövqeyini açıqlayıblar. Qarşıda isə İvanovo, Domodedovo, Yekaterinburq, Peterburq, Murmansk şəhərlərində yaşayan soydaşlarımız vahid namizədini aksiyalarla dəstəkləyəcəklər. Dünyanın ən çoxsaylı Azərbaycan diasporunun yaşadığı Moskvada ölkə Prezidentinə olan rəğbətin səbəbləri isə çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti