Ermənistanda vəkillər etiraz edirlər

Ermənistanda vəkillər etiraz edirlər
  10 Fevral 2018    Oxunub:2502
Ermənistan parlamenti “Məhkəmə məcəlləsinə” dəyişiklik edir. Bununla bağlı təklif olunan qanun layihəsi təsdiqlənərsə, İrəvanda vahid məhkəmə sistemi olacaq. Yeni qanun vəkillərin hüquqlarını da məhdudlaşdıracaq. Belə ki, hakimlər istədikləri vaxt vəkili cərimə edə bilərlər.
Qanun layihəsinə qarşı çıxan hüquq müdafiəçiləri tətilə başlayıblar. Bununla bağlı keçirilən toplantıda vəkillər deyiblər: “Biz o şəxslərik ki, insanların hüquqlarını, maraqlarını müdafiə edirik. Əgər biz özümüz də haqsızlığa məruz qalacaq və buna qarşı çıxa bilməyəcəyiksə o zaman niyə fəaliyyət göstəririk?”.

Vəkillər məsələ ilə bağlı beynəlxalq hüquq təşkilatlarını məlumatlandırıblar. Hüquqşünas Ara Zohrabyan deyib ki, onsuz da bu ölkədə insanların hüquqlarını müdafiə etmək çətindir. Qanunun aliliyi çoxdan süquta uğrayıb. Vəkillərin fəaliyyətini məhdudlaşdırmaqla məhkəmə-hüquq sistemini tamamilə çökdürmək istəyirlər.

“Yelk” partiyası parlamentin müzakirəyə çıxardığı “Məhkəmə məcəlləsini” növbəti dəfə boykot edib. Partiyanın sədri Nikol Paşinyan bildirib ki, bu, ölkədə yeni etiraz dalğası yaradacaq. Onsuz da vəkillər üçün son bir il gərgin keçib.

Hüquqşünaslar onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara son qoyulması ilə bağlı dəfələrlə aksiya keçiriblər. Vəkillər məhkəmə iclasları zamanı qanunsuz axtarışlara məruz qalırlar. Bir qrup hüquq müdafiəçisi bu hallara etiraz olaraq aclıq aksiyası keçirsə də vəziyyət düzəlməyib. Bütün bunlar isə Ermənistanda insan hüquqlarına münasibətin dözülməz olduğunu təsdiqləyir.

“Yelk” partiyasının deputatları deyiblər ki, onlar bu qanunsuzluqlara göz yummayacaqlar. Çünki hökumət tətbiq edəcəyi cərimələrlə hüquqşünasları susdurmağa çalışır. Bu isə insan haqlarına ziddir. (AzərTAc)

AzVision.az


Teqlər: Ermənistan   Vəkil   Etiraz  





Xəbər lenti