Radikal müxalifətin seçkidən qaçmasına YAP-ın reaksiyası

Radikal müxalifətin seçkidən qaçmasına YAP-ın reaksiyası
  06 Fevral 2018    Oxunub:3498
Hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifətin radikal qolu olan Milli Şuranın növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərarına münasibət bildirib.

YAP-ın Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, Milli Şuranın qərarı onların seçkiyə hazır olmadığını göstərir.
“Siyasi təşkilatın bir nömrəli vəzifəsi seçkilərdə iştirak etmək, özünün proqramını təbliğ etmək, namizədlərini cəmiyyətə tanıtmaqdır. Əgər seçkidə iştirak etmirlərsə, onda nə üçün fəaliyyət göstərirlər? Bu gün prezident seçkiləri hansısa təşkilatın orada iştirak etməsi üçün keçirilmir. Bu, cəmiyyətin növbəti dövr üçün özünün liderini seçəcək mexanizmdir. Onların iştirak edib-etməməyindən asılı olmayaraq, kifayət qədər namizədlər var və seçici özünün seçimini edə biləcək. Həmin təşkilatın bəyanatı bir daha göstərir ki, Azərbaycanın radikal müxalifətinin bu gün seçiciyə təqdim edəcəyi konstruktiv heç nəyi yoxdur. Onlar ancaq hansısa bəyanat vermək, Azərbaycanın maraqlarını yox, öz şəxsi maraqlarını qorumaq kimi fəaliyyətlə məşğuldurlar”.

A.Mirzəzadə deyib ki, iqtidar radikal müxalifətdən əsla çəkinmir və bu barədə düşünüənlər böyük səhv edirlər: “Əcaib bir bəyanatdır. Biz nə üçün onlardan çəkinməliyik? Bizim 710 min üzvümüz var. Bütün Azərbaycan coğrafiyası üzrə ərazi təşkilatlarımız, üzvlərimiz mövcuddur. Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri bizim sıramızdadır. Ölkənin bütün taleyüklü məsələləri üzrə YAP-ın deyəcək sözü var. Əksinə, bu gün müxalif dairələrin seçkidə iştirak etmək üçün ya diqqəti cəlb edən namizədləri, yaxud da sosial bazaları yoxdur. Bu baxımdan onların səsləndirdiyi fikirlər tamamilə əsassızdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Seçki   Aydın-Mirzəzadə  





Xəbər lenti