Eynulla Fətullayev Əli Kərimlini susdurdu

Eynulla Fətullayev Əli Kərimlini susdurdu
  28 Sentyabr 2013    Oxunub:1987
Jurnalist `Əli Kərimlinin doğmalarına icazə var, İlham Əliyevin qızlarına yox?!` məqaləsində Əli Kərimliyə cavab verib.

Ölkənin baş müxalifətçisi Əli Kərimliyə düz bir sutka vaxt lazım oldu ki, mənim Kərimlinin özünün və yaxın qohumlarının çoxmilyonluq bank əməliyyatları və pul köçürmələri barədəki suallarıma cavab versin.

Əli Kərimli dünən - sentyabrın 27-də axşama yaxın özünə məxsus “Azadlıq” qəzetinin veb-səhifəsində böyük məqalə ilə çıxış etdi. AXCP sədri həmin məqalədə mənim onun ailəsinin çoxmilyonluq bank hesabları ilə bağlı suallarıma cavab verməyə çalışdı.
Öncə onu deyim ki, əslində heç kim bu bank əməliyyatlarının leqal və qanuni olmasının üzərinə kölgə salmırdı. Məsələ başqa şeydə idi. Bizi ən çox maraqlandıran məsələ inanılmaz dərəcədə böyük məbləğdə olan pulun - 8 milyon 338 min manat və 100 min ABŞ dolları məbləğindəki vəsaitin mənbəyi idi.
Amma cənab Kərimlinin cavabları daha böyük suallar doğurdu, bank qalmaqalını bir qədər də dolaşığa saldı və bizi heç cür qane etmədi. Mən ölkənin baş müxalifətçisinin cavablarına istinad edərək diqqəti Əli Kərimlinin narahat cavabında özünü kifayət qədər açıq-aydın göstərən xeyli ziddiyyətli məqamlara və ortada dəlil-sübutların olmamasına yönəltmək istəyirəm.
Əli Kərimli nəyə cavab verdi? Ölkənin baş müxalifətçisi bununla nəyi demək istədi?
Təəssüf ki, AXCP sədri söhbətə yenə də yalan danışmaqla başladı. Bu isə belə yüksək statusu olan siyasətçiyə əsla yaraşmaz. Axı cənab Kərimli dövlətin başına gəlməyə, hakimiyyətə sahib olmağa can atır. Belə adamlara isə yalan danışmaq yaraşmır, elə deyilmi? Belə açıq-aydın yalan danışmaq və qarşısında çürük məntiqin də gücsüz qaldığı faktları nəyin bahasına olursa olsun inkar etməyə səy göstərmək ölkədə ali hakimiyyətə iddia edən müxalifətçiyə yaraşan iş deyil.
Birinci yalan
“İndiyədək heç bir xarici ölkənin heç bir fondundan heç bir qrant almamışam. Heç zaman heç bir bankdan kredit götürməmişəm. Heç bir bankda heç bir hesabım olmayıb. Yalnız keçən il Beynəlxalq Bankda xüsusi hesab açmışam ki, 2005-ci ildə parlamentə seçildiyim, amma mandatım ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsilə alım...”
Əli Kərimli haqlıdır. Belə ki, Azərbaycan Beynəlxalq Bankının sənədlərinə əsasən, Əli Əmirhüseyn oğlu Kərimli 2012-ci il, oktyabrın 30-da bu bankda hesab açıb və öz hesabından 27 min 335 avro məbləğində pul çıxarıb. Aydın görünür ki, burada söhbət Avropa Məhkəməsinin qərarı ilə ona verilən kompensasiyadan gedir.
Amma “Texnikabank”ın Yasamal filialının bank sənədlərinə (bu sənədlər Ə.Kərimlinin hazırda həbsdə olan qaynı Elnur Seyidovun cinayət işinin təhqiqatı dövründə araşdırılıb) əsasən, vətəndaş Kərimli Əli Əmirhüseyn oğlu əvvəllər, yəni 2008-ci ildə bu bankdan 145 min manat məbləğində kredit götürüb. Bu şəxs götürdüyü həmin krediti elə həmin ildə də ödəyərək borc hesabını büsbütün bağlayıb. Beləliklə, Ə.Kərimlinin iddialarının əksinə olaraq o, hər halda kredit götürüb. Hərçənd ki, o, indi bunu nəyin bahasına olursa olsun təkzib etməyə çalışır...
İkinci yalan
“Oğlum Türkelin təhsil xərcləri qəsdən şişirdilib. İndi internet əsridir. Hər kəs Türkelin harada təhsil aldığını bilir, elə internet vasitəsilə təhsil haqqının real məbləğini də müəyyənləşdirə bilər...”
Artıq yazdığımız kimi, Əli Kərimli oğlu Türkel Kərimlinin Britaniyanın ən nüfuzlu ali məktəblərindən olan “S.T.Edwards School”un hazırlıq fakültəsində aldığı təhsilin haqqını ödəmək üçün 2009-cu ilin sentyabrında “Texnikabank”ın Yasamal filialında 38110008310001GBP nömrəli hesab açdırıb. Bu hesaba 30 min funt-sterlinq məbləğində pul köçürülüb. Bu pullar “Barclays Bank PLC”ın (Oxford City Office, 54 Canmarket Street, Oxford OX1 3 HB) hesabına daxil olub.
2011-ci il, sentyabrın 26-da isə Bristol Universitetinin bank hesabına daha 25 min funt-sterlinq köçürülüb. 2011-ci il, oktyabrın 17-də Britaniyaya elə həmin hesabdan daha 25 min funt-sterlinq gedib.
Əli Kərimli oğlunun təhsilinə nəhəng məbləğdə pulların xərclənməsi faktını inkar etmir. O, sadəcə olaraq bunu iddia edir ki, bu xərclər bizim tərəfimizdən şişirdilib. Bu halda məntiqi sual yaranır: əgər Türkel Kərimlinin təhsil haqqına xərclənən vəsaitin məbləği bizim tərəfimizdən doğrudan da şişirdilibsə, bəs onda cənab Əli Kərimli həqiqətən də “S.T.Edwards School”un və Bristol Universitetinin hesablarına köçürülən pulların dəqiq məbləğini niyə gizlədir və bunu demir? Daha bir sual: heç bir yerdə işləməyən və bu hakimiyyət tərəfindən davamlı şəkildə total repressiyalara məruz qaldığını deyən müxalif siyasətçidə oğlunu Britaniyanın nüfuzlu ali məktəbində oxutmağa bəs edəcək qədər bu pullar haradandır?
Üçüncü yalan
“Qaynım Elnur Seyidov bankda filialın müdir müavini olub. Onun vəzifə borcu bankda pul qəbul etmək və pul çıxarmaq olub. Bilmirəm, o, nə qədər pul qəbul edib və çıxarıb, amma aydındır ki, bu, onun vəzifə borcu olub. Ona görə də onların Elnura, mənə
isə ümumiyyətlə heç bir aidiyyəti yoxdur.
Elnur il yarımdır həbsdə saxlanılır. Bu müddətdə MTN onun çalışdığı bankda dəfələrlə yoxlamalar, araşdırmalar aparıb. Ona verilən ittihamlar bundan ibarətdir ki, tabeliyində olan işçilərlə birlikdə filialda həyata keçirilən alqı-satqı əməliyyatları zamanı bank xidmətlərindən əlavə hər əməliyyatda 30-40 manat olmaqla cəmi 1000 manatdan bir az çox pul toplayıb bankın rəhbəri Etibar Əliyevə veriblər. Yəni Elnura hökumətin verdiyi ittihamın özündə belə hər hansı mənimsəmədən söhbət getmir.
Elnura irəli sürülən ikinci ittiham isə bankın filialında onun da iştirakı ilə verilən bir kredit haqqındadır. Həmin kredit alan şəxs kredit müqaviləsi başa çatmamış faizləri ilə birlikdə krediti ödəyib. İndi Elnur Seyidova tam və faizləri ilə birgə ödənilən həmin kreditin guya mənimsənilməsi ilə bağlı ittiham irəli sürülüb...”
Gəlin bank sənədlərinə baxaq.
Elnur Seyidov 2011-ci il, yanvarın 28-də özünün “Texnikabank”dakı hesabına 100 min manat pul qoyub.
Həmin il fevralın 17-də isə banka daha 28 min manat yatırıb.
Martın 27-də öz hesabından 280 min manat çıxarıb.
İyunun 8-də öz hesabına yenidən 280 min manat yatırıb.
İyunun 24-də isə 225 min manat çıxarıb.
İyulun 1-də hesabından daha 360 min manat çıxarıb.
İyulun 8-də daha 50 min dollar çıxarıb.
İyulun 29-da daha 300 min manat çıxarıb.
Avqustun 10-da daha 400 min manat çıxarıb.
Avqustun 26-da isə 215 min manat çıxarıb.
Avqustun 27-də daha 200 min manat çıxarıb.
Oktyabrın 28-də yenə 300 min manat çıxarıb.
Noyabrıın 1-də isə daha 500 min manat çıxarıb.
Noyabrın 10-da əlavə 200 min manat çıxarıb.
Noyabrın 30-da 850 min manat çıxarıb.
Dekabrın 1-də daha 500 min manat çıxarıb.
Dekabrın 30-da isə 300 min manat çıxarıb...
Diqqət edin, Elnur Seyidov bütün 2011-ci il ərzində (yeri gəlmişkən, Əli Kərimlinin simasında bütün müxalifətçilərin dediyi kimi, özü də ölkədə repressiyaların ən qızğın vaxtında!) 4 milyon 630 min manat məbləğində vəsaiti bankdan çıxararaq nəqdləşdirib, xaricə isə cəmi 128 min manat və 50 min dollar pul köçürüb.
Deyilir ki, cənab Seyidov doğrudan da bankda pul qəbuluna və köçürülməsinə məsul olub. Halbuki bank sənədləri bunun əksini göstərir. O, 2011-ci ildə pulları nəyə görəsə yalnız nəqdləşdirməklə məşğul olub.
Bəs bu qədər pul haradan daxil olurdu? Bu müddət ərzində “Texnikabank”dan doğrudanmı yalnız pul götürülürdü, amma göndərilmirdi? Bu da ciddi sualdır...
Və bir də axı Elnur Seyidov özünün həbsinə az qalanda öz hesabından nəyə görə təcili şəkildə böyük məbləğdə pullar çıxarmağa başlamışdı? Məsələn, o, yanvarın 25-də öz hesabından 300 min manat, fevralın 6-da 200 min manat, fevralın 17-də 100 min manat, fevralın 22-də daha 100 min manat, nəhayət, həbsinə sayılı günlər qalanda - fevralın 24-də daha 100 min manat çıxarıb.
Dördüncü yalan

“Baldızım Aytən Seyidova 2003-cü ildən Azərbaycanda yaşamır, Londondadır. Orada təhsil alıb, orada da özü kimi yüksək təhsil almış Tunis əsilli Britaniya vətəndaşı ilə ailə həyatı qurub. Hər ikisi yüksək təhsillidir, dolanışıqları pis deyil, amma onların pullarını saymaq mənə düşməz və onların nələrinin olub-olmamağının mənə heç bir isti-soyuğu yoxdur...”
Yaxşı, əgər AXCP sədri 2006-cı il, avqustun 18-də “Texnikabank”a yarım milyon (500 min) avro qoymuş baldızının pullarını saymağı istəmirsə, belə bir arzusu yoxdursa, onda cənab Kərimli prezident Əliyevin qızlarının pullarını niyə sayır? Axı həm Leyla Əliyeva, həm də Arzu Əliyeva planetin ən zəngin adamlarının gəlinləridir. Həm Araz Ağalarovun, həm də rəhmətlik Aydın Qurbanovun adı “Forbes” jurnalının səhifələrindəki varlı şəxslərin siyahısında yer alır.
Əli Kərimlinin həddən artıq əcaib-qəraib məntiqindən belə çıxır ki, Aytən Seyidovanın tunisli əri bizneslə məşğul olmaq və banklara yarım milyon vəsait qoymaq hüququna malikdir, Əlyevin qızlarının ərləri - Rusiya vətəndaşları olan varlı biznesmenlər isə özlərinə offşor şirkətlər açmaq hüququndan məhrumdur. Bu, nə dərəcədə düzgündür? Bəs buradakı məntiq hanı? Bəlkə izah edəsiniz? Bu çürük məntiqdən belə çıxır ki, tunislinin bizneslə məşğul olmağına icazə var, rusiyalılar isə bunu edə bilməzlər. Əcəb işdir...
Beşinci yalan

“Nəhayət, mötəbər kimi təqdim olunan MTN xəfiyyələrinin çəkdikləri bağ evinin fotosu barədə. O ev mənə aid deyil. Qohumlarımdan birinə aiddir, mən ora qonaq kimi getmişəm. AXCP-dən bir çoxları o evdə qonaq kimi olublar. Bütün ictimaiyyətə bəllidir ki, mənim bağ evim yoxdur. Sadəcə bütün insanlar kimi mənim də qohumlarımın ev-eşikləri var, bundan da kompromat düzəltək absurd bir işdir...”

Şəhərdən kənardakı - Dübəndidəki evin Əli Kərimliyə məxsus olduğunu, amma bu mülkün onun qohumlarının adına sənədləşdirildiyini AXCP Rəyasət Heyətinin bütün üzvləri bilirlər. Əli Kərimlinin özünün də etiraf etdiyi kimi, Rəyasət Heyətinin üzvləri bu iqamətgahda tez-tez qonaq olurlar.
Bu informasiya bizə, Əli Kərimlinin yanlış düşündüyü kimi, MTN-dən yox, elə AXCP Rəyasət Heyətindən daxil olub. Bu qurumun üzvü az qala qışqıra-qışqıra sual verir: əgər AXCP sədri belə firavan yaşayırsa, onda partiya üzvlərindən üzvlük haqqı niyə yığılır?
Haqlı sualdır. Məsələn, bir nümunə deyək. AXCP ötən həftə Bakının mərkəzində, Qarabağ küçəsində yerləşən yeni qərargaha daşınıb. Əvvəllər bu qərargahda Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyası otururdu. AXCP Rəyasət Heyəti üzvlərinin verdiyi xəbərə görə, bir neçə gün öncə bu qərargahda partiya rəhbərliyinin ilk iclası keçirilib. Həmin iclasda maliyyə məsələləri bir daha müzakirə olunub. Partiyanın yeni ofisinin aylıq icarə haqqı kommunal xərclərlə birgə 3 min manatdır. Bu pulun 800 manatını ödəməyi Əli Kərimli öz üzərinə götürüb. Qalan pulu isə partiyanın kasıb üzvləri toplayıb verməlidirlər. Sual olunur: əgər Kərimlinin özünün belə dəbdəbəli malikanəsi və oğlunu Britaniyanın nüfuzlu və çox bahalı ali məktəbində oxutmaq imkanları varsa, o, öz partiyasının ehtiyac içində olan üzvlərini nəyə görə belə ağır xəracla yükləyir?
Nəhayət, sonuncu məsələ barədə. Əli Kərimli öz emosional çıxışının sonunda yenidən prezident İlham Əliyevin qızlarının biznesini yada salır. Dövlət başçısından bu suala cavab verməyi tələb edir: onun qızları hansı yolla nəhəng şirkətlərə sahib olublar?
Mən buna tam səmimi şəkildə inanıram ki, AXCP sədrinin baldızının tunisli əri kimi Əli Kərimlinin öz qızının gələcək əri də nəhəng biznes imperiyasına malik ailənin nümayəndəsi olacaq. Əgər bu, baş versə və Əli Kərimlinin qızı Azərbaycanda nəhəng şirkət sahibi olsa, yaxud Birləşmiş Ərəb Əmirliklərində ev alsa, biz onu buna görə heç bir halda tənqid etmərik. Əli Kərimli ağlını doğrudanmı o qədər itirib ki, Araz Ağalarovun və ya onun oğlunun İlham Əliyevin hesabına yaşadığını düşünür? Doğrudanmı o, Ağalarovlar ailəsinin, yaxud Qurbanovlar ailəsinin həyata keçirdiyi çoxmilyardlı investisiya meqalayihələri barədə hələ də heç nə bilmir? Öz qardaşına Dubayda 9 şəxsi ev alıb bağışlamaq milyarder Ağalarovun zəngin gəlini Leyla Əliyeva üçün o qədərmi çətin işdir? Nəyə görə Əli Kərimlinin şəhər kənarındakı dəbdəbəli evini öz qohumunun adına keçirmək hüququ olmalıdır, Leyla Əliyevanın isə öz evini balaca qardaşı Heydər Əliyevin adına sənədləşdirmək hüququ olmamalıdır?
Özünün də etiraf etdiyi kimi, Əli Kərimli baldızı Aytən Seyidovanın pullarını saymırsa, bəs Leyla və Arzu Əliyevaların pullarını nəyə görə saymağa başlayıb? Yalnız ona görəmi ki, onlar prezidentin qızlarıdır? Əgər Əli Kərimli sabah prezident olsa, onda onun Bakıdakı bir banka birdəfəyə 500 min avro pul qoymaq gücündə olan zəngin baldızı Aytən Səfərova pul qazanmaq, həm özünün, həm də ərinin pullarını banka qoymaq imkanından məhrum olmalıdırmı? Doğrudanmı vətəndaşlar Leyla və Arzu Əliyevaların bütün günahı yalnız ondadır ki, onlar prezident qızlarıdır?
...Əli Kərimlinin bu açıqlaması onun özünü ifşa etməsi idi. Kaş ki, susaydı. Görünür, həmişə oldğu kimi, buna ağlı çatmadı... (virtualaz.org)


Teqlər:  





Xəbər lenti