Keçmiş məhkumları yenidən həbsxanaya aparan səbəblər - Çıxış yolu nədədir?

Keçmiş məhkumları yenidən həbsxanaya aparan səbəblər - Çıxış yolu nədədir?
  16 Yanvar 2018    Oxunub:2753
Son vaxtlar Azərbaycanda cinayət törədən şəxslərin əksəriyyətinin əvvəllər məhkumluq həyatı yaşaması diqqət çəkir. Demək olar ki, hər gün kriminal xronikalarda keçmiş məhkumların törətdiyi cinayət xəbərlərinə rast gəlmək mümkündür.

Keçmiş məhkumları yenidən həbsxanaya qayıtmağa nə vadar edir? Günahı kimdə axtarmaq lazımdır?
Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev məsələ ilə bağlı AzVision.az-a bildirib ki, ölkəmizdə əvvəllər məhkum edilmiş şəxslərin yenidən cinayət törətməsi başqa ölkələrə nisbətən o qədər də yüksək deyil.

Hüquqşünasın sözlərinə görə, təəssüf ki, Azərbaycanda da belə faktlar mövcuddur və burada bir neçə amil əsas rol oynayır: “Əvvəl cinayət törətmiş şəxslərin yenidən eyni əməli təkar etməsi vərdişlərlə bağlı məsələdir. Kriminal həyatdan tamamilə imtina etmək həmişə mümkün olmur. Bunun üçün böyük iradə lazımdır. Bu, uzun müddətə məhkum olunmuş şəxslər üçün vərdişə çevrilir. Onlar bir növ cinayət etməmiş dayana bilmirlər. Bununla yanaşı cinayət etmiş şəxslərə cəmiyyətdə münasibət birmənalı deyil. Hər kəs onlarla təmasdan uzaq olmaq istəyir. Bu tənhalıq hissi isə onlarda cəmiyyətdən küskünlüyə gətirib çıxarır. Yenidən əvvəlki mühitə qayıtmaq istəyir və bu da yeni cianyət etməsinə səbəb olur. Bu hal məhkumlar arasında daha geniş yayılıb. Bir çox hallarda ailə və qohumlar da onları qəbul etmirlər. Belə olduqda isə bu cür şəxslər əvvəlki mühitə qayıtmaq üçün cinayətə meylli olurlar”.



Ə.Nuriyev əlavə edib ki, sosial adaptasiya tədbirləri yetərincə işləmir: “Doğrudur, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçmiş məhkumlara müavinət verilir. Bu, azadlığa çıxan şəxsə qısa müddətdə özünə iş və yaşayır yeri tapmaqda ilkin olaraq kömək edir. Bütövlükdə isə yetərli deyil. Onların işlə təmin olunması məsələsi var. Heç bir sahibkar arzu etmir ki, onun sahibi olduğu müəsissədə məhkum olunmuş şəxs çalışsın. Keçmiş məhkumların işə götürülməsi ilə bağlı məsələdə problem var. Belə olan halda həmin şəxs yenidən cinayət törətməyə maraq göstərir.

Düşünürəm ki, Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi ilə birlikdə cəzaçəkmə müəssisələrində yeni peşə təhsili sahələrinə diqqəti artırmalıdır. Belə ki, cəmiyyət üçün daha çox ehtiyac olan peşələrin öyrənilməsinə diqqət yetirilməlidir. Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı məsələyə yeni yanaşma olmalıdır. Onlar rəqabət mühitində bazar tələblərinə uyğun olaraq iştirak edə bilərlər. Məşğulluqla bağlı məsələlərdə müəyyən problemlər var. Cənab prezidentin 10 fevral sərəncamında məşğulluqla bağlı məsələyə diqqətin artırılması ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Hesab edirəm ki, cəzaçəkmə müəssisələrinə dövlət sifarişlərinin verilməsi ilə bağlı məsələlərə yenidən baxılmalıdır”.



Hüquqşünas təəssüflə qeyd edib ki, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər üçün sığınacaqlar mövcud deyil: “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun var. Orada sığınacaqların yaradılması məsələsi qeyd olunub. Sığınacaq Bakı şəhərinin Qaradağ rayonu ərazisində tikilir. Amma onun tikintisi hələ başa çatmayıb. Yaşayış yerinin olmaması da problemdir və onların əvvəlki əməllərini törətməsinə münbit zəmin yaradır. Hesab edirəm ki, sığınacaqların tikilməsi prosesi sürətlənməlidir. Bu, təkcə Bakı şəhərini deyil, eləcə də bir sıra regionları əhatə etməlidir”.

Ə.Nuriyevin fikrincə, hər bir məhkum üçün fərdi proqram hazırlanmalıdır:“Proqram çərçivəsində onların işlə təmin olunması, hüquqi məsələlərin, psixoloji problemlərin həllinə yardım edilməsi və digər məsələlər öz əksini tapmalıdır. Ən vacib məsələlərdən biri də odur ki, bu istiqamətdə vətəndaş cəmiyyəti öz fəaliyyətini genişləndirməli, maarifçilik işlərini aparmalıdır ki, məhkum olunmuş şəxs də bu cəmiyyətin övladıdır. Biz onu rədd etsək, o yenidən cəmiyyət üçün daha təhlükəli cinayətkara çevrilə bilər. Maarifçilik işləri aparılmalı, cəmiyyətin onlara münasbəti dəyişilməlidir. Müxtəlif dövlət orqanları və mətbuat bu məsələyə həssas yanaşmalıdır. Münasibətlərin dəyişməsi prosesi baş verəcəksə, bu, məhkumların islah prosesinə də təsir edəcək. Hər bir məhkum yenidən cinayət edəndə, biz vergi ödəyicilərinin üzərinə ikiqat yük düşür. Məhbusun saxlanması xərcləri dövlət büdcəsi hesabına baş verir. Belə şəxslərin cinayətkar əməli yenə də bizim əmlakımıza, şəxsiyyətimizə ziyan vurur. Biz cəmiyyət olaraq onların islah olunmasına hərtərəfli dəstək verməliyik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Həbsxana   Cinayət   Məhkum   Əliməmmd-Nuriyev  





Xəbər lenti