Qarabağ danışıqlarında dönüş ola bilər - Serjikin sonu yaxınlaşır

Qarabağ danışıqlarında dönüş ola bilər - Serjikin sonu yaxınlaşır
  15 Yanvar 2018    Oxunub:7494
Ermənistandan sosial-iqtisadi problemlər pikk həddə çatıb. Son günlər işğalçı ölkədə hakimiyyət əleyhinə kütləvi etirazlara hazırlıq görülür. Artıq ölkədəki durumla bağlı erməni politoloqlar həyacan təbili çalır.

Ermənistanın tanınmış politoloqu Levon Şirinyan bildirib ki, prezidenti Serj Sarkisyan baş nazir kreslosunu tutmaqla hakimiyyəti yenə öz əlində saxlamağa çalışır. Şirinyan bu səbəbdən ölkədə hər an qiyamın ola biləcəyini diqqətə çatdırıb.
“Biz elə bir vəziyyətdəyik ki, kataklizmlər ən gözlənilməz formada və istənilən vaxt gələ bilər. İnsanlar bahalaşmaları hiss etmirlər, çünki hələ yeni il ehtiyatları tükənməyib, amma hakimiyyət də əbəs yerə artıq indidən müzakirələrə başlamayıb. 10 gündən sonra insanlar hər şeyi öz üzərlərində tam hiss edəcəklər və onda qiyam da ola bilər. Əgər "Yelk” aksiyaları təşkil edə bilsə, onda proseslər artan xətt üzrə gedə bilər" - Şirinyan deyib.

Ermənistandakı durumu AzVision.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, işğalçı ölkədə mövcud olan ağır vəziyyət daha da dərinləşir:

“Ermənistanda inflyasiya iki rəqəmlə ifadə olunmağa başlayıb. Eyni zamanda bu fonda qiymətlərin sürətlə artması müşahidə olunur. Əmək haqqı isə illərdir artmır. Belə ağır vəziyyətdə ölkədə mühacirət prosesi sürətlənib. Məhz erməni politoloqlar bunu nəzərdə tutaraq ölkədə sosial ziddiyətlərin kəskinləşməsi, əhalinin qiyama, sosial etirazlara qalxmasını proqnozlaşdırırlar. Hesab edirəm ki, belə halların baş verməsi labüddür”.

Politoloq qeyd edib ki, bunlarla yanaşı ölkənin siyasi həyatında qütbləşmə var: “Hazırkı prezident Serj Sarkisyan heç bir vəchlə hakimiyyətdən getmək istəmir, baş nazir vəzifəsini özündə saxlamaq istəyir. Amma Sarkisyan erasının bitdiyini hamı söyləyir. Moskva ondan əlini çəkib. Eyni zamanda Moskva ilə İrəvan arasında əlaqələr əvvəliki kimi xoş deyil. Belə şəraitdə Sarkisyan komandasının gedəcəyi, əvəzində Karapetyanın gələcəyini söyləyənlər daha çoxdur”.



Q.Hüseynlinin sözlərinə görə, Sarkisyanın hakimiyyətdə qalmaq sevdası ölkəni fəlakətə aparacaq: “Bu şəraitdə Sarkisyan sona qədər siyasi mübarizəsini davam etdirmək istəyir. Bu da gərginliyi artırır. Sarkisyan və onun Qarabağ klanına olan nifrət durmadan artır. Bu ölkədə ciddi gərginliyə, qarşıdurmalara, hətta ola bilsin ki, geniş sosial etirazlara aparıb çıxarsın. Fikrimcə, qarşıdurmalar prezident seçkiləri öncəsi daha geniş vüsəl alacaq”.

Q.Hüseynli hesab edir ki, Ermənistanda yeni qüvvə hakimiyyətə gələrsə, bu, Qarabağ danışıqlarında dəyişikliyə səbəb olacaq: “Sarkisyan Qarabağ məsələsində qeyri-konstruktivlik nümayiş etdirir. Vəziyyət dəyişərsə, hakimiyyətə yeni qüvvələr gələrsə, onlar ölkənin iqtisadi inkişafını, əhalinin sosial rifahını göz önünə alaraq danışıqlarda müəyyən kompromislərə gedə bilərlər. Bu da Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara müəyyən qədər dönüş ola bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti