Ordumuzun 100 illiyi ilə bağlı hərbi parad keçirilə bilər

Ordumuzun 100 illiyi ilə bağlı hərbi parad keçirilə bilər
  15 Yanvar 2018    Oxunub:21730
Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı ölkədə hərbi paradın keçiriləcəyi gözlənilir.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzVision.az-a açıqlamasında bu il hərbi paradın keçiriləcəyini istisna etməyib.

“Düşünürəm ki, bu il hərbi parad keçiriləcək. Çünki Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 ili tamam olur. Ümumilikdə isə paradın keçirilməsi barədə qərarı Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab prezident İlham Əliyev verə bilər”, - deyə general Aydəmirov vurğulayıb.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, Ordumuzun 100 illiyi möhtəşəm hərbi paradla müşahidə olunacaq.

“Naxçıvanda ötən il parad keçirildi. Bu, çox yaxşı qarşılandı. Paradda göstərmək üçün kifayət qədər müasir texnika və silah-sursat var. Düşünürəm ki, cəmiyyət Azərbaycan Silahlı Qüvvələrinin bugünkü inkişafını parad formasında görmək istəyir”.

Qeyd edək ki, mərhum prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.

Xatırladaq ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ordu   100-il   Hərbi   Parad   General   Polkovnik  





Xəbər lenti